OSMAN NURİ TOPBAŞ: BU GÜN KÖNÜL SAHİBİ MÖMİNLƏRƏ EHTİYAC VAR (MÜSAHİBƏ)

      Share

      Altınoluk: Quranda Rəsulullah  üçün “Üsveyi-Həsənə: Gözəl Örnək”[1] ifadəsi yer alır. Yəni İslamın təbliğində Quran və Rəsulullahın sözləri ilə yanaşı, bir də “Gözəl Örnək” oluşu var. İnsanların inanc-dəyər mənzuməsini anlaması baxımından “nümunə olma”ğın əhəmiyyətini necə anlamalıyıq?

      Osman Nuri Topbaş: Allah-Təala insan oğlunu zülmətdən nura, küfrdən hidayətə çıxarmaq üçün yardımını əsirgəməmişdir. Kainatı ilahi qüdrət və əzəmətinin sərgiləndiyi məktəb qılmışdır. Uca dərgahından bu kainat məktəbində oxunacaq ilahi kitabları nazil etmişdir. Peyğəmbərləri də bu məktəbin müəllimləri olaraq göndərmişdir.

      Peyğəmbərlər ən böyük insan tərbiyəçiləridir. İlahi hökmlərin həyata necə tətbiq olunacağını felən göstərməklə vəzifələndirilmiş nümunəvi şəxsiyyətlərdir.

      İnsanlar şəxsiyyətə heyran, xarakterə məftundurlar. İlahi tərbiyə altında yetişən Rəsulullah r qırx yaşına çatana qədər müşriklər belə Ona “əl-Əmin, əs-Sadiq” dedilər və ən çox Ona etimad etdilər. Allah-Təala Rəsulullah r -ə peyğəmbərlik vəzifəsi verdikdə O, əvvəlcə xarakter və şəxsiyyətinin doğruluğunu, dürüstlüyünü etiraf etdirdi. Səfa təpəsinə çıxaraq qövmünə:

      - Ey Qüreyş xalqı, mən sizə bu dağın ətəyində və ya bu vadidə sizə hücum etməyə hazırlaşan düşmən atlıları var, mallarınızı qəsb edəcəklər desəm, mənə inanarsınızmı? – deyə səsləndi.

      Onlar heç tərəddüd etmədən:

      - Bəli, inanarıq. Çünki indiyə qədər səni doğru bir adam kimi tanımışıq. Yalan söylədiyini əsla eşitməmişik, - dedilər.

      Bununla da, xitab etdiyi kütləyə sözünə etibar olunan biri olduğunu, xalqın etimadını qazandığını təsdiq etdirdi. Məhz bundan sonra İslamın həqiqətini onlara təbliğ etdi.[2]

      Müşriklərin öndəri Əbu Cəhl və dostları belə Rəsulullahın dürüstlüyünü təsdiq edirdilər. Hətta bir gün Allah Rəsuluna:

      “Ey Muhamməd, vallahi, biz səni yalanlamırıq. Bizə görə sən həddən artıq sadiq bir insansan. Yalnız biz sənin gətirdiyini yalanlayırıq”, - dedilər.

      Beləliklə də, nəfslərinə uyaraq, vicdanlarının qəbul etdiyi həqiqəti inkar etdilər. Allah-Təala bu ayeyi-kəriməni nazil edərək müşriklərin pərişan halını göz önünə gətirdi:

      Bilirik ki, onların (Quran barəsində) dedikləri söz səni çox kədərləndirir. Həqiqətdə isə onlar səni yalançı hesab etmirlər (ürəklərində sənin həqiqi peyğəmbər olduğunu yaxşı bilirlər). Ancaq o zalımlar (müşriklər) Allahın ayələrini inadla inkar edirlər”. (əl-Ənam, 33)[3]

      Yəni Peyğəmbərimizin şəxsiyyət və xarakterinin aliliyini, dürüstlüyünü, əmin və sadiq insan olmasını, ondan əsla yalan xəbər çıxmayacağını düşmənləri də etiraf edirdi.

      Deməli, bir müsəlman yaşadığı cəmiyyətdə doğruluq, ədalət, etimad nümunəsi olacaq. Nümunəvi şəxsiyyət və xarakter sərgiləyəcək. Sözü ilə əməli bir-birini təsdiq edəcək.

      Digər yandan, Rəsulullah r Allahdan gələn əmr və qadağaları əvvəlcə öz həyatına tətbiq edir və şəxsən yaşadığı şeyləri ümmətinə təbliğ edirdi. Nəticə etibarı ilə Həzrət Peyğəmbər yaşadığı həyatı ilə canlı bir Qurandır, gözəl əxlaqı ilə Quranın feli təfsiridir. Ayeyi-kərimədə belə buyurulur:

      “O, kefi istəyəni (havadan) danışmır. Bu, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir”. (ən-Nəcm, 3-4) Yəni hədisi-şəriflərdə verilən təlimatlar hər nə qədər söz olaraq Rəsulullaha aid olsa da, mənası Allahdandır.

      İnsanların şəxsiyyət və xarakterə heyran olduğunu demişdik. Əsri-səadət zamanında müsəlman olanların bir çoxu oxuyub-yaza bilmirdi. Bilənlər də Quran oxumaqdan çox Quran əhkamının və əxlaqının Rəsulullah və səhabə şəxsində sərgilənən gözəlliklərini görərək İslamın nə qədər uca bir din olduğunu anlamış və hidayətlə şərəflənmişdi. Deməli, İslamı yaşayaraq şəxsiyyət və xarakter halında sərgiləyə bilmək bu qədər mühümdür.

      Yeri gəlmişkən, bu metod təbliğin ən təsirli formasıdır. Yəni ilahi həqiqətləri canlı misallarla təbliğ etmək onu sadəcə sözlə bəyan etməkdən daha bərəkətli nəticələr hasil edər. Çünki insan təfəkkürü çox vaxt mücərrəd həqiqətləri qavramaqda çətinlik çəkir. Lakin eyni həqiqətlərin təzahürlərini konkret hadisələrlə müşahidə etdikdə asanlıqla qavrayar.

      Buna görə də Mövlana həzrətləri: “Hal ilə öyüd verən qal ilə (sözlə) öyüd verəndən xeyirlidir”, - buyurmuşdur. Hal ilə öyüd verməyin əhəmiyyətini ifadə etmək üçün də “diqqət et, sözün təlxəyi olma!” – deyə xəbərdarlıq etmişdir.

      Həmçinin İslamı gerçək və mükəmməl dünya görüşü qılan xüsus onun həyata tətbiq edilib yaşana bilən bir din olduğunu nümunələrlə isbatlaya bilməsidir. Yəni “feli etalon”lara sahib olmasıdır. Bundan məhrum olan bəşəri nəzəriyyə və fəlsəfələr isə kitabxanaların tozlu rəflərində çürüməyə məhkum qalmış, heç vaxt insanlığa xoşbəxtlik gətirməmişdir.

      Rəsulullah r ilahi qüdrətin insanlıqda təcəlli edən yaradılış abidəsi, sənət xariqəsidir. Haqq-Təala İslam ilə murad etdiyi “kamil insan” modelini Onun şəxsində sərgiləmişdir. Ayeyi-kərimədə belə buyurulur:

      “Onu Cəbrayıl (Ruhuləmin) endirdi: (Günahkarları Allahın əzabı ilə) qorxudan (xəbərdar edən) peyğəmbərlərdən olasan deyə, sənin qəlbinə (nazil etdi); Özü də açıq-aydın ərəb dilində”. (əş-Şüəra, 193-195)

      Bir sözlə, Rəsuli-Əkrəmi anlamadan, Onun qəlb aləmindən nəsiblənmədən, Sünneyi-Səniyyəsini həyat düsturu etmədən nə Qurani-Kərimi layiqincə anlaya bilərik, nə bu kainatdakı ilahi sirr və hikmətlərdən agah ola bilərik, nə də məqbul İslam şəxsiyyəti sərgiləyə bilərik.

      Allah-Təala başqa bir ayeyi-kərimədə belə buyurur:

      (Xalqı) Allaha tərəf çağıran, yaxşı iş görən və: 'Mən müsəlmanlardanam!' – deyən kəsdən daha gözəl danışan kim ola bilər?!(əl-Fussilət, 33)

      Deməli, insanları Allaha dəvət etmək üçün əvvəlcə İslamı felən və təqva üzrə yaşamaq, sonra da yaşanan bu gerçəkləri təbliğ etmək lazımdır. İslam əxlaqı şəxsiyyət və xarakterimiz olmalıdır. Allah-Təala bu cür qullarını mədh edir…

       

      - Rəsulullah r -in “gözəl örnək” oluşu hansı sahələrdə özünü göstərmişdir?

      - Rəsuli-Əkrəm r -in gözəl örnək oluşu ibadətdə, müamilələrdə, əxlaqda, məişətdə, bir sözlə, həyatın bütün sahələrində özünü göstərmişdir. Çünki İslam bir bütündür, heç bir boşluq buraxmadan həyatın hər anını tənzim edər.

      Rəsulullahın gözəl örnək oluşuna bir neçə misal verək:

       

      Hz. Peyğəmbər r ibadətdə, ruhaniyyətdə ən gözəl örnəkdir:

      Allah Rəsulunun namazı daima Merac iqlimində, yəni Allahla tərifi imkansız vüslət mahiyyətində idi. Onun namazında bədənin qibləsi Kəbə olduğu kimi, qəlbin qibləsi də Kəbənin Rəbbi idi.

      Hz. Peyğəmbər r: “Namazını (dünya ilə) vidalaşan kəsin namazı kimi qıl!..” [4] buyuraraq namazda bütün dünyəvi düşüncələri arxaya atmağı, yalnız Haqq-Təalanın hüzurunda olmağı əmr edir.

      Həmçinin Allah Rəsulu r namazın qəlbi cəhətini belə ifadə etmişdir: “…Namaz xüşu hiss etmək, təvazö və təzəllül göstərməkdir…”[5]

      Səhabədən Abdullah bin Şıhhir t Hz. Peyğəmbərin namazdakı xüşu halından bir mənzərəni belə təsvir edir:

      “Bir dəfə Rəsulullah r -in yanına getmişdim. Namaz qılırdı, elə ağlayırdı ki, sinəsindən qazan qaynamasına bənzər səslər gəlirdi”. (Əbu Davud, Salət, 156-157/904; Əhməd, IV, 25, 26)

      Hz. Peyğəmbər r gecələr ayaqları şişənə qədər uzun-uzadı namaz qılmış, paltarını, mübarək saqqalını və səcdə etdiyi yeri göz yaşları ilə yumuşdur. Ondan keçmiş və gələcək günahları bağışlandığı halda özünü bu qədər yormasının səbəbi soruşulduqda:

      “Allaha çox şükür edən bir qul olmayımmı?..” cavabını vermişdir. (Bax. İbn Hibban, II, 386)

      Deməli, “Namazı məndən gördüyünüz kimi qılın…”[6] buyuran Peyğəmbərimiz r bu təlimatı ilə biz ümmətinə də qəlb və bədən ahəngi içində və sanki Merac iqlimində namaz qılmağı əmr etmişdir. Namaza göstərdiyi bu həssaslığı da bütün ibadət həyatımıza tətbiq etməyi tövsiyə buyurmuşdur.

       

      Peyğəmbərimiz r əxlaqda nəzakətə ən gözəl örnəkdir:

      Səhradan gələn və İslamı yeni qəbul etmiş bir bədəvi Məscidi-Nəbəvinin içində ayaqyolu ehtiyacını görmüşdü. Səhabələr dərhal qarşı çıxaraq onu hədələməyə başladılar. Hz. Peyğəmbər r:

      “Ona toxunmayın. Dəstəmazını pozduğu yerə də bir qab su tökün. Siz çətinlik yaratmaq üçün yox, asanlaşdırmaq üçün göndərildiniz”, - buyurdu. (Buxari, Vudu’ 58, Ədəb 80)

      Sonra da Rəhmət Peyğəmbəri həmin adama məscidlərin əhəmiyyətini və ədəbini şirin dillə izah etdi.

      Rəsulullah r günaha olan nifrəti günahkara sirayət etdirməzdi. Günahkarı şəfqət və mərhəmətlə müalicəyə möhtac olan yaralı quş kimi görərdi.

      Asanlaşdırın, çətinləşdirməyin; müjdələyin, nifrət etdirməyin”, - buyurardı. (Buxari, Elm 11, Ədəb 80)

       

      Peyğəmbərimiz r müamilələrdə zərafətə ən gözəl örnəkdir:

      Rəsuli-Əkrəm r sadəcə qeyri-müslim və münafiqlərdən deyil, İslamın zərafətini kifayət qədər qavraya bilməmiş yeni müsəlmanlardan təzahür edən qabalıqlara da böyük bir səbirlə sinə gərirdi. Səhradan gələn bədəvilərin:

      “Ey Muhamməd, ey Muhamməd!” - deyərək dəfələrlə bağırmasına rəğmən O, hər səfərində çağıranlara mülayimliklə:

      “Buyurun, nə istəyirsiniz?” - cavabını vermişdi. Yəni müxatəblərinin qabalığına rəğmən heç vaxt nəzakət və zərafətindən vaz keçmirdi.

      Bir hədisi-şərifdə müsəlmanın nəzakəti belə təsvir edilir:

      “Mömin bal arısına bənzəyər. Arı daima təmiz olanla qidalanar, ortaya qoyduqları da təmizdir. Təmiz yerə qonar və qonduğu yerə zərər verməz, oranı dağıtmaz. Düşdüyü zaman da qırılıb pozulmaz”.[7]

      Təsəvvüfi tərbiyə də bunu tələb edir. Təsəvvüfün ilk dərsi incitməmək, son dərsi isə inciməməkdir. Yəni ilahi əfvə layiq olmaq üçün Allahın qullarını əfv edə bilmək fəzilətinə çatmaqdır.

      Allahın Həbibi r:

      “...Allah yolunda heç kimin görmədiyi əziyyətlərə məruz qaldım...” - buyurmuşdur. (Tirmizi, Qiyamət, 34/2472)

      Lakin bu əziyyətlərə baxmayaraq O, daima həmd, şükür, riza, səbir, təvəkkül və təslimiyyətin zirvəsində, qəlb sükunəti içində yaşamışdır.

      Mövlana həzrətləri peyğəmbərlərin ən mühüm vəzifəsi olan təbliğ və irşadın nə qədər böyük bir səbir tələb etdiyini ifadə mahiyyətində belə buyurmuşdur:

      “Bəlaların əksəriyyəti peyğəmbərlərin başına gələr. Çünki xam insanları yola gətirmək özü başlı-başına bir bəladır”.

      Həmçinin Mövlana həzrətləri bəla və müsibətlərə səbirlə sinə gərməyin insana qazandırdığı kamilliyi ifadə edərək belə buyurmuşdur:

      “Gülün tikana qatlanması onu gözəl ətir sahibi etdi”.

      Ona görə də Allah yolunda olmazın əziyyətlərə qatlanan Rəsuli-Əkrəm müvəffəqiyyət əldə etdikdən sonra və müsəlmanların güclü olduğu zamanlarda da bir kənara çəkilib insanların əziyyətindən uzaqlaşmağı əsla düşünmədi.

      Bir gün səhabələrin izdihamlı olduğu bir məclisdə dizi üstə oturub yemək yeyərkən bu mənzərəni müşahidə edən bir bədəvi heyrətlə:

      - Necə də heyrətamiz oturuş şəklidir, – deyərək Peyğəmbərimizin yüksək ədəb və nəzakəti qarşısında təəccübünü gizlədə bilmədi. Rəsulullah r isə:

      – Allah-Təala məni şərəfli bir qul yaratdı, inadkar zalım deyil! – buyurdu. (Bax. Əbu Davud, Ətimə, 17/3773)

      Bu sözü ilə heç vaxt lovğa və təkəbbürlü insanlar kimi hərəkət etməyəcəyini bəyan etdi. Beləliklə, zərif və həssas ruhu ilə bütün insanlığa nəzakət və zərafət misalı oldu. Allah Rəsulu r inadkarlıq, qabalıq, zülm, lovğalıq və təkəbbür kimi sifətlərin mömin şəxsiyyəti ilə əsla uzlaşmayacağına işarə etdi.

      Həzrət Peyğəmbərin əmisi Həzrət Abbas t da qardaşı oğlunun insanlarla çox səmimi olub, onlardan gələn əziyyətlərə məruz qalmasından böyük iztirab hissi keçirirdi. Bu səbəblə Hz. Peyğəmbərin yüksək bir taxt üzərində oturub heç olmasa bu əziyyətlərdən bir az da olsa xilas olmasını istəmişdi. Peyğəmbərimiz r isə:

      “Xeyr! Allah məni onlardan ayırıb hüzura qovuşdurana qədər aralarında qalacağam. Qoy topuğumu tapdalasınlar, paltarımı dartsınlar, qaldırdıqları tozla məni narahat etsinlər!” – buyurdu. (İbn Sad, II, 193; Heysəmi, IX, 21)

      Deməli, bir möminin hər halı zərif olmalıdır. Güldana qoyulan çiçəkdən məqsəd hüzur verməsi olduğu kimi, müsəlman da olduğu hər yerə hüzur verməlidir.

       

      Peyğəmbərimiz r könüldəki lətafətə ən gözəl örnəkdir:

      Rəsulullah r qarşılaşdığı yanlış hal və davranışları möminlərin üzünə vurmaz, onların biabır olmasını istəməz, bu kimi halların onlara yaraşmadığını ifadə edərək: “Mənə nə olur ki, sizi belə görürəm”, - buyurardı.

      Həzrət Ənəs t kiçik yaşlarında Hz. Peyğəmbərin onu necə tərbiyə etdiyini belə ifadə edir:

      “Mən Rəsulullahın əllərindən daha yumşaq nə bir atlasa, nə də ipəyə toxundum. Allah Rəsulunun ətrindən daha xoş rayihə qoxulamadım. Düz on il Peyğəmbərimizə xidmət etdim. Bir dəfə də olsun mənə “uf” demədi. Etdiyim bir şeyə görə “nə üçün belə etdin?” demədi. Etmədiyim bir şeyə görə də “belə etsən olmazdımı?” demədi”. (Buxari, Savm 53, Mənaqib 23; Müslim, Fəzail 82)

      Allah-Təala onun bu mülayim xasiyyətini belə mədh etdi:

      “(Ya Rəsulum!) Allahın mərhəməti səbəbinə sən onlarla (döyüşdən qaçıb sonra yanına qayıdanlarla) yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər…” (Ali-İmran, 159)

       

      Peyğəmbərimiz r simadakı nuri-məlahətə ən gözəl örnəkdir:

      İnsanın daxili xüsusiyyətləri üzünə əks edər; haləti-ruhiyyəsi simasından bəlli olar.

      Peyğəmbərimiz Mədinəyə hicrət edəndə yəhudi alimlərindən Abdullah bin Səlam onu görmək üçün yanına getdi. Mübarək simasına baxan kimi:

      “Bu üz əsla yalan söyləməz!” – deyərək müsəlman oldu. (Tirmizi, Qiyamət, 42/2485; Əhməd, V, 451)

      Haqq-Təala da Hz. Peyğəmbərlə birlikdə olan bəxtiyar qulların vəsflərini zikr edərkən belə buyurmaqdadır:

      “…Onların nişanələri üzlərindəki səcdə izidir…” (əl-Fəth, 29)

       

      Peyğəmbərimiz r səlis danışmaqda ən gözəl örnəkdir:

      Həzrət Peyğəmbərin danışığında səlislik, dilində axıcılıq, sözlərində və bəyanında fövqəladə bəlağət vardı. Sözləri həddən artıq xoş, könül oxşayıcı idi. Artıq-əskik danışmazdı. Sözləri dənə-dənə tələffüz edər, hər cümləsi dinləyənlər tərəfindən rahatlıqla anlaşılardı. Tez-tez danışıb sözlərini ard-arda düzməzdi. Xülasə, O, ən yaxşı natiq, sözü ən hikmətli olan, məramını ən doğru şəkildə ifadə edən idi.

      Əbu Qursafə t belə deyir:

      “Mən, anam və xalam Rəsulullah r-in yanına gedib Ona beyət etmişdik. Hüzurundan ayrılarkən anam və xalam mənə belə dedilər:

      “Bunun kimi bir şəxsiyyət görmədik. Üzü Ondan daha gözəl, libası daha təmiz və sözü daha mülayim başqa birini tanımırıq. Elə bil mübarək ağzından nur saçırdı”. (Heysəmi, VIII, 279-280)

      Xülasə, nəbəvi əxlaqla əxlaqlanmış bir mömin açılan çiçək kimi gözəlliyi və xoş rayihəsi ilə ruhları oxşamalıdır. Hər sözü ruha qida olan ifadələr olmalıdır. Simasından təbəssümü əskik etməməli, xoş dili ilə rəhmət saçmalıdır.

                                                                  ֍

      Həzrət Peyğəmbərin örnək oluşundakı mühüm xüsuslardan biri də odur ki, bir insan yalnız sahib olduğu sosial statusdakılara nümunə ola bilər. Halbuki Haqq-Təala Rəsulullahı hər insana örnək olması üçün yetimlikdən başladaraq dövlət başçılığına qədər həyatın, demək olar ki, bütün mərhələlərindən keçirmişdir. Bu cəhəti ilə O, qiyamətə qədər gələcək bütün toplumların ən aşağı təbəqəsindən ən ali təbəqəsinə qədər hər bir fərdinə gözəl örnəkdir.

      Heç kəs: “Mənim başıma o qədər müsibətlər gəldi ki, Allah Rəsulunda, Onun gətirdiyi kitabda, Onun yetişdirdiyi İslam cəmiyyətində bunun bir bənzəri yoxdur”, - deyə bilməz. Allah Rəsulunun qoyduğu həyat nizamı qiyamətə qədər gələcək bütün insanlığın hər bir problemini həll edəcək mükəmməllikdədir.

       

      - Rəsulullah r də hər fani varlıq kimi bu dünyaya vida etmişdir. Lakin İslam dini davam edir. Bu gün İslamın insanlara təbliğində sadəcə Quranı və Rəsulullahın gözəl örnək oluşunu anlatmaq kifayət edərmi? Yoxsa insanların önünə Rəsulullahın örnək əxlaqının bütün zamanlara daşına biləcəyini göstərmək üçün bu zamanda da müsəlmanlar olaraq “gözəl örnək”lər sərgiləmək lazımdır?

      - Əlbəttə ki, lazımdır. Rəsulullah r də özündən sonra insanlara təbliğ edəcək, ümmətini irşad edəcək olan Əshabi-suffəni yetişdirdi. Onlar getdikləri bölgələrdə Allah Rəsulunu təmsil etdilər.

      Əshabi-kiram Allah Rəsulundan sadəcə elm almadı; Onun əxlaqından, ixlas və təqvasından nümunə götürdü. Onun qulluq həyəcanını, təbliğ həvəsini, təqva həssaslığını şəxsən görüb dərk etdilər. Bu gün də islami elmləri öyrənən tələbələrə elmlə yanaşı həmin halı, məhəbbəti və təqvanı qazandırmaq lazımdır.

      İnsanın qəlbindən gözlə görə bilmədiyimiz, lakin təsirinə şahid olduğumuz müəyyən şüalar çıxır. Bu şüaların müsbət olanına “feyz”, mənfisinə “qəflət” və “qəsvət” deyirik.

      Məsələn, eyni ayə və hədisi saleh bir bəndədən eşitdiyimiz zaman başqa cür, özümüz oxuyanda və ya sıravi bir adamdan eşidəndə başqa cür təsir edir. Məhz bu müxtəliflik könül fərqliliyindən qaynaqlanır.

      Allah-Təala ayeyi-kərimədə belə buyurur:

      (Ey müsəlmanlar!) Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz (onlara) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız...” (Ali-İmran, 110)

      Deməli, mömin hər şeydən əvvəl özünü zahirən və batinən əhya edəcək, sonra da bu kamilliklə təbliğlə məşğul olacaq. Əgər bunu etməsə, yəni söylədiklərini yaşamasa, ürəkdən gəlməyən qeyri-səmimi təlqinlər etsə, bunun heç bir müsbət təsiri ola bilməz. Necə ki, Allah-Təala bu xüsusiyyəti daşımayanları, yəni yaşayışı ilə örnək olmayanları Cümə surəsində kitab yüklü uzunqulaqlara bənzədir.[8]

      Saff surəsində də belə xəbərdarlıq edir:

      Ey iman gətirənlər! Etməyəcəyiniz bir şeyi niyə deyirsiniz? Etməyəcəyiniz bir şeyi demək Allah yanında böyük qəzəbə səbəb olar”. (əs-Saff, 2-3)

      Həyat tərzi ilə söylədikləri bir-birini tamamlamayan bu kimi qafil kimsələrin başqalarını qəflətdən oyandıra bilməyəcəyi məlumdur. Özü yuxuda olan biri başqalarını necə oyada bilər?! Peyğəmbərlər də insanları qəflətdən oyandırmaq üçün göndərilmiş örnək şəxsiyyətlərdir.

      Allah Rəsulunun əbədiyyətə köç etməsindən sonra əshabi-kiram, tabeun, təbei-tabeun, əcdadımız İslam bayrağını qitələrə daşıdılar. Alimlər, ariflər və kamil insanlar torpaq parçalarından əvvəl könülləri fəth etdilər. Rəsulullah r -in gözəl örnək olma vəsfini öz şəxsiyyətlərində təmsil və təbliğ etməyi bacardıqları nisbətdə ilahi yardıma nail oldular. Beləliklə, maddi-mənəvi fəthlərə və hidayətlərə vəsilə oldular.

      Bir müsəlmanın nümunəvi həyat tərzi ilə başqalarının hidayətinə vəsilə olmasına dair saysız misallardan birini mərhum atam Musa Əfəndi g belə nəql edərdi: “Qeyri-müslim bir qonşumuz vardı. Sonradan müsəlman olmuşdu. Bir gün ondan, necə hidayət tapdığını soruşdum, bu cavabı verdi:

      “Acıbadəmdə tarla qonşum Rəbi Mollanın ticarətdə sərgilədiyi gözəl əxlaqı səbəbi ilə müsəlman oldum. Molla Rəbi dolanışığını süd sataraq təmin edirdi. Bir axşam bizə gəldi və:

      - Buyurun, bu süd sizindir! – dedi. Təəccüblə:

      - Necə yəni bizimdir? Axı mən sizdən süd istəməmişdim, - dedim. O həssas və nəzakətli insan bu cavabı verdi:

      - Heyvanlarımdan birinin məndən xəbərsiz sizin bağçanıza girib otladığını gördüm. Ona görə də bu süd sizindir. Üstəlik həmin heyvanın təhəvvülat prosesi (yediyi otlar tamamən vücudundan xaric olması) başa çatana qədər südünü sizə gətirəcəyəm.

      - Bu nə sözdür, qonşu? Yediyi ot deyilmi, halal olsun, - desəm də Molla Rəbi israrla:

      - Yox, mümkün deyil, onun südü sizin haqqınızdır, - deyərək heyvanın təhəvvülat prosesi bitənə qədər südünü bizə gətirdi.

      Məhz həmin adamın bu hərəkəti məni həddən artıq təsirləndirdi. Bunun nəticəsində gözümdəki qəflət pərdəsi qalxdı və qəlbimə hidayət günəşi doğdu. Öz-özümə:

      “Bu qədər alicənab insanın dini, əlbəttə ki, ali dindir. Bu qədər zərif, haqpərəst, mükəmməl və tərtəmiz insanlar yetişdirən dinin doğruluğunda şübhə ola bilməz”, - dedim və kəlmeyi-şəhadət gətirərək müsəlman oldum”.

      Deməli, əməlisaleh bir müsəlman şəxsiyyətin sərgilədiyi kiçicik bir islami həssaslıq belə bəzən ən ədəbi sözdən, ən dərin elmi mütaliədən daha təsirli ola bilər.

      Keçən əsrin məşhur İslam alimlərindən Muhamməd Həmidullah bu gerçəyi belə ifadə edir:

      “Avropa cəmiyyətində, Paris kimi bir mühitdə yaşamağa başladığım zamandan bəri heyrətlə müşahidə edirəm ki, xristianları İslamı qəbul etməyə sövq edən xüsus fiqh və kəlam alimlərinin fikirləri deyil, İbn Ərəbi və Mövlana kimi sufilərdir. Bu mövzuda mənim də şəxsən müşahidələrim olmuşdur. İslami bir mövzuda məndən hər hansı izah istəndikdə əqli dəlillərə əsaslanaraq verdiyim cavab sual soruşanı razı salmırdı. Lakin təsəvvüfi izah dərhal meyvəsini verirdi. Bu məsələdə getdikcə təsir gücümü itirdim. Artıq inanıram ki, Hülakünün istilalarından sonra Qazan xan zamanında olduğu kimi bu gün də ən azından Avropa və Afrikada İslama xidmət edəcək olan nə qılınc, nə də ağıldır. Lakin qəlb, yəni təsəvvüfdür.

      Bu müşahidədən sonra təsəvvüf mövzusunda yazılan bəzi əsərləri araşdırmağa başladım. Bu, könül gözümü açdı. Anladım ki, Həzrət Peyğəmbər zamanındakı təsəvvüf və böyük İslam mütəsəvviflərinin yolu nə kəlmə oyunu oynamaq, nə də mənasız şeylərlə məşğul olmaqdır. İnsan ilə Allah arasındakı ən qısa yolda addımlamaq, şəxsiyyətin inkişafı yolunu tapmaqdır.

      İnsan yükləndiyi vəzifələrin səbəblərini axtarır. Mənəvi sahədə maddi izahlar bizi hədəfdən uzaqlaşdırmaqdadır. Ancaq mənəvi izahlar insana rahatlıq verir”.[9]

      Bir az əvvəl verdiyimiz misalları təhlil etdikdə görürük ki, bu insanlar hidayətdən məhrum olanlara sadəcə Quran və Sünnədən dəlillər gətirərək yox, daha çox Quran və Sünnəni həyatlarına tətbiq edərək təsir göstərmişlər. Haqq-Təala da ixlas və təqva sahiblərinə yardım edir, onların önünü açır, üfüqünü genişləndirir, sözlərinə təsir gücü verir.

      Yunus Əmrə, Mövlana, Abdulqadir Gilani, Şah Nəqşbənd, Hüdayi həzrətləri kimi örnək şəxsiyyətlər könüllərdə yaşamağa davam etdiyi kimi, bu gün də onların izindən gedərək insanlığın əbədi səadətinə vəsilə olacaq könül əhli möminlərə ehtiyac var. Bunun üçün hər birimizin könül üfüqü və idealı ixlas və təqva sahibi örnək müsəlman olmağa çalışmaq olmalıdır. Necə ki, Haqq-Təala:

      Və o kəslər ki: 'Ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan (sənə itaət etməklə bizi sevindirib) gözümüzün işığı (bəbəyi) olacaq övladlar ehsan buyur və bizi müttəqilərə imam (rəhbər) et! – deyərlər”, (əl-Furqan, 74) - ayəsində təqva əhli olmaqla yanaşı, həmçinin təqvada öndər olmağı istəməmizin lüzumuna işarə edir.

      Toplumda insanlara təqva öndərliyi edəcək örnək müsəlmanlara hər dövrdə ehtiyac olmuşdur. Zəmanəmizdə bu ehtiyac daha çox hiss olunur. Lakin o örnək insanların göydən enməsini gözləyə bilmərik. Bunun üçün əvvəlcə özümüz örnək müsəlman olmağa çalışmalıyıq. Sonra da o örnək müsəlmanları yetişdirmək üçün əlimizdən gələn hər bir fədakarlığı vəzifə bilməliyik.

      Şazili şeyxlərindən Dərqavi g belə deyir:

      “Ustadım məni bir qəbiləyə göndərirdi. Ona:

      - Getdiyim yerdə mənəvi söhbətlər edib hal-xətir soruşacağım bir Allahın qulu yoxdur, təkbaşıma qalacağam, - dedim.

      Ustadım bu cavabı verdi:

      - Möhtac olduğun insanı özün doğacaqsan! (Yəni özün axtarıb, tapıb yetişdirəcəksən)”.

      Həzrət Mövlananın nəql etdiyi ibrətli bir qissə var:

      “Bir gecə çölə çıxdım. Tarlada gəzərkən əlində fənərlə dolaşan bir adam gördüm.

      - Burada nə axtarırsan? – dedim.

      - İnsan axtarıram, - dedi.

      - Bu işdən əl çək, özünü yorma, get yat. Mən onu axtarmaqdan yoruldum, tapa bilmədim, - dedim.

      Acı-acı üzümə baxdı və bu cavabı verdi:

      - Tapmayacağımı mən də bilirəm, amma ən azından onun həsrət və arayışı içində dolaşıram. Onun həsrəti belə mənə zövq verir”.

      Məhz bu gün bütün toplumlar bu cür insanların axtarışındadır. Hər gün Haqq dostlarının türbələrinə milyonlarla insan ziyarətə gəlir. Bu da ideal insana, örnək möminlərə duyulan həsrətin bir təzahürüdür.

      Rəsulullah r və əshabi-kiram fani dünyadakı vəzifələrini tamamlayıb əbədiyyət aləminə köçdülər. Biz də məchul bir müddətdən sonra onlar kimi fani dünya ilə vidalaşacağıq. Bu gün “səhabə” olmaq imkanından məhrumuq. Onlar ulduz şəxsiyyətlər, ali örnəklərdir. Lakin Allah-Təala ayeyi-kərimədə belə buyurur:

      “(İslamı) ilk əvvəl qəbul edib (bu işdə başqalarından) irəli düşən mühacirlərə və ənsara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedən kimsələrə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdırlar”. (ət-Tövbə, 100) Deməli, ənsar və mühacirləri örnək alan, onların yoluna gözəlliklə tabe olan ehsan sahibi möminlərdən olmaq imkanımız var.

      Hz. Peyğəmbər:

      “İnsan sevdiyi ilə bərabərdir”, - buyurur. (Buxari, Ədəb, 96)

      Əshabi-kiram bu bərabərliyə nail olmaq üçün:

      1) Quran və Sünnəni özlərinə rəhbər bildilər.

      2) Dinin zahiri ilə yanaşı, batinini də yaşamaq surəti ilə ilahi sirr və hikmətlərdən agah oldular.

      3) Məhəbbətləri onları candan və maldan fədakarlığa sövq etdi. Cəlladların parıldayan qılıncları qarşısında krallara Rəsulullahın İslama dəvət məktubunu oxudular. Çinə, Səmərqəndə getdilər, İstanbul önlərinə gəldilər, özlərini dünyanın gedişatından məsul bildilər. Daima Allah Rəsuluna beyət halında yaşadılar.

      Aqabədə Peyğəmbərimizi canlarından çox qoruyacaqlarına və nəyin bahasına olur-olsun İslam əmanətinə sahib çıxacaqlarına dair beyət etdilər.

      Bədirdə:

      “Ya Rəsulallah, biz hər zaman Sənin yanındayıq. Sən dənizə girsən, biz də ardınca özümüzü dənizə atarıq”, - dedilər.

      Uhudda Peyğəmbərimizi hüznlü görüb:

      “Ya Rəsulallah, şəhid olmaq üçün Sənə beyət edirik”, - dedilər.

      Hüdeybiyyədə yenə Peyğəmbərimiz hüznləndi. O zaman da:

      “Ya Rəsulallah, Sənin könlündə nə varsa, ona beyət edirik”, - dedilər.

      Biz də bu beyətlər çərçivəsində dini həssaslıq daşıya bilsək,

      Mühacirlər kimi batildən haqqa, şərdən xeyrə, günahdan savaba, eqoizmdən fədakarlığa hicrət edə bilsək,

      Ənsar kimi Allahın dininə xidmət naminə bütün imkanlarımızı səfərbər edib məzlum din qardaşlarımızla əlimizdəkiləri comərdcə bölüşə bilsək, əshabi-kiramın izini gözəlliklə təqib edən, onların yolunu davam etdirən ehsan əhli möminlərdən olarıq.

      Unutmayaq ki, səhabələr Həzrət Peyğəmbərin təlim və tərbiyəsində yetişən tələbələri olduğu kimi, biz də əshabın müxatəb olduğu eyni ayə və hədislərlə 14 əsr sonra müxatəb olan, Allah Rəsulunun axırzamandakı ümməti və tələbələriyik.

      Əshabi-kiram Allah və Rəsuluna yaxınlıq şərəfinə məzhər ola bilmək üçün ilahi və nəbəvi təlimatları idrak edib həyatlarına tətbiq etdikləri kimi, eyni təlimatların bugünkü müxatəbləri olan biz də eyni səyləri göstərməklə mükəlləfik.

      Bu hadisə necə də ibrətlidir:

      Bir gün Rəsulullah r əshabı ilə qəbiristanlığa getdi və oradakıları salamladıqdan sonra belə buyurdu:

      “…Qardaşlarımızı görməyi çox istədim. Onlar üçün darıxdım!”.

      Əshabi-kiram:

      - Biz Sənin qardaşın deyilikmi, ya Rəsulallah? – deyə soruşduqda bu cavabı verdi:

      - Siz mənim əshabımsınız, qardaşlarımızsa hələ gəlməyənlərdir.

      Bu zaman əshabi-kiram:

      - Ümmətindən hələ gəlməyənləri necə tanıyacaqsan, ey Allahın Rəsulu? – deyə soruşdular. Həzrət Peyğəmbər:

      - Bir adamın alnı və ayaqları ağ olan bir atı olduğunu düşünün. Həmin adam öz atını hamısı qapqara olan at ilxısının içində tanımazmı? – deyə soruşdu. Səhabeyi-kiram:

      - Bəli, tanıyar, ey Allahın Rəsulu, - dedilər.

      Bu zaman Rəsulullah belə buyurdu:

      - Onlar da dəstəmaz aldıqları üçün üzləri nurlu, əl-ayaqları parlaq halda gələcəklər. Mən öndən gedib hovuzumun başında onlara ikram etmək üçün gözləyəcəyəm. Diqqətli olun! Bəzi adamlar yabani dəvənin sürüdən qovulub uzaqlaşdırıldığı kimi hovuzumdan qovulacaqlar. Mən onlara: “Bura gəlin”, - deyə səslənəcəyəm. Mənə: “Onlar Səndən sonra hallarını dəyişdilər (Sənin sünnəni təqib etməyib başqa yollara düşdülər)”, - deyəcəklər. O zaman mən də: “Uzaq olsunlar, uzaq olsunlar!” – deyəcəyəm”. (Müslim, Təharət 39, Fəzail 26)

      Deməli, Peyğəmbərimizin sünnəsinə möhkəm sarılaraq yaşadığımız təqdirdə Onun axırzamandakı “qardaşları”ndan olmaq imkanımız var.

      Allah Rəsulu r bəzi hədisi-şəriflərində belə buyurur:

      “Ümmətim arasında məni ən çox sevənlərin bəzisi məndən sonra gələnlər arasında olacaq. Mallarını və canlarını fəda etmək bahasına da olsa məni görməyi arzulayacaqlar”. (Müslim, Cənnət, 12)

      Ümmətimdən bir qrup Allahın əmrlərini yerinə yetirməyə davam edəcək. Onları köməksiz qoyan və ya müxalifət edənlər onlara zərər verə bilməyəcəklər. Nəhayət, onlar insanlara qalib gəldikləri halda (xidmətlərində müvəffəq olub dini üstün qıldıqları halda) Allahın əmri (qiyamətdən əvvəl möminlərin ruhunu alan meh) gələcək”. (Müslim, İmarə, 174)

      Məhz bu qrup zahiri elmlərdə rəhbərlik edən saleh alimlər, fəqihlər, müfəssirlər və mühəddislər kimi, batini məsələlərdə yol göstərən, gözəl əxlaqları ilə nümunə olan Haqq dostu kamil mürşidlərdir. Onlar Allahın dinini əvvəlcə öz həyatlarında yaşayar, sonra da hal, söz və felləri ilə insanları irşad edərlər.

      Peyğəmbərimiz başqa bir hədisi-şərifində belə buyurur:

      “Ümmətim yağışa bənzəyir. Əvvəlinin, yoxsa sonunun xeyirli olduğu bilinməz”. (Tirmizi, Ədəb, 81)

      Elə isə bu bərəkətli yağışın bir rəhmət damlası ola bilmək imkanı hər birimizin önündə qiyamətədək açıq duran bir qapıdır. Yetər ki, biz də Peyğəmbərimizin axır zamandakı qardaşlarından ola bilmə idealına yaraşan şəkildə istiqamət üzrə olaq. Övladlarımızı bu istiqamət üzrə yetişdirməyə çalışaq. Allah Rəsulunu və əshabını örnək almaq yerinə, cəmiyyətdəki qafillərlə öz əməllərimizi müqayisə edib boş təsəllilərlə təskinlik tapma qəflətindən qurtulaq.

      Biz Rəsulullah r -i görmədən iman etdik. Fitnə-fəsadın baş aldığı zəmanəmizdə Peyğəmbərimizin sünnəsini tətbiq edənlərə, eynilə çətin şərtlərdə xidmət edənlərə əmək haqlarının artıqlaması ilə verildiyi kimi, böyük əcrlər vəd edilir.

      Rəbbimiz hər birimizi bu əcr və müjdələrə məzhər olan bəxtiyar qullarından etsin. Amin!

       



      [1] Bx, əl-Əhzab, 21.

      [2] Buxari, Təfsir, 26/2, 34/2, 111/1-2; Müslim, İman, 355.

      [3] Vahidi, Əsbabün-nüzulil-Quran, thk: Kemal Besyuni Zağlul, Beyrut 1990, s. 219; Tirmizi, Təfsir, 6/3064.

      [4] İbn-Macə, Zöhd, 15.

      [5] Tirmizi, Salat, 166.

      [6] Buxari, Azan, 18.

      [7] Bx. Ahmed, II, 199; Hakim, I, 147; Beyhəqi, Şuab, V, 58; Süyuti, əl-Cami, no: 8147.

      [8] Bx. əl-Cumua, 5.

      [9] M. Aziz Lahbabi, İslam Şahsiyetçiliği, Terc. İ. Hakkı AKIN, s. 114-115, dipnot 8. İst. 1972. Ayrıca bkz. Mustafa Kara, Metinlerle Günümüz Tasavvuf Hareketleri, s. 542-543.

       

      • Hits: 134 clicks

      Tecox component by www.teglo.info