İki Cahan Günəşinin Uşaqlara Sevgisi / Rasimə Əliyeva

      Share

      Aləmlərə rəhmət, könüllərə mərhəmət, gözlərə nur, dillərə zikr olaraq göndərilən Fəxri-Kainat peyğəmbər olmaqla yanaşı yaxşı bir ata, yaxşı bir baba, yaxşı bir tərbiyəçi idi. 

      Boynuna qoyulmuş bu böyük məsuliyyətə baxmayaraq hər kəsə vaxt ayırar, hamının dərd-səri ilə maraqlanar, rəhmət dolu sevgisindən hər kəsə pay verərdi. Təbii ki, bu sevgidən uşaqlar kənarda qala bilməzdi. Fəxri-Kainat onlara xüsusi qayğı göstərər, diqqət yetirər, sanki onlara və bütün insanlığa sevib-sevilməyi öyrədərdi. Uşaqlarla uşaqtək oynayar, onların çətinliklərini həll etməyə çalışardı. İki cahan günəşi hədislərin birində buyurur:

      "Kimin bir uşağı varsa, onunla kiçilsin, uşaqlaşsın." Allahın Rəsulu son övladı, gözünün və könlünün son sevinci, ayrılığına dayana bilməyib göz yaşı axıtdığı hz. İbrahim doğulanda çox sevinmişdi. Onu qucağına alıb Aişə validəmizə göstərərək:

      "Buna bax bir! Mənə oxşayırmı?" - deyib sevincini gizlədə bilməmişdi. Hətta sevincindən doğum xəbərini gətirən Əbu Rafiyə bir kölə bağışlamışdı. İbrahimin dünyanı şərəfləndirməsinin yeddinci günündə isə əqiqə qurbanı kəsmiş, yoxsullara saçı ağırlığında gümüş paylamışdı.

      Ənəs bin Malik deyir ki, mən ailəsinə Rəsulullah(s.ə.s)-dən daha şəfqətli, daha mərhəmətli davranan bir adam görmədim. İbrahim Mədinənin kəndlərindən birində, süd anasının yanında qalırdı. Fəxri-Kainat əfəndimiz uşağı görməyə gedərkən biz də yanında gedərdik. Allah Rəsulu içəri keçər, oğlunu qucağına alar, öpər, sonra geri dönərdi."

      Nur mənbəyi Rəsuli-Əkrəm (s.ə.s) bu sevgini nəvələrinə də bəsləmiş, onları sonsuz məhəbbətlə sevmişdir. Bununla da cahiliyyə dövründə uşaqlara uğursuzluq gətirən varlıq kimi baxan insanlara kəskin xəbərdarlıqlar etmişdir.

      İbn Abbas (r.a.) sevgi ilə dolu bir hadisə rəvayət edir:

      "Bir gün Rəsulullah (s.ə.s) Hüseyni çiyninə alıb, gəzdirirdi. Bir adam:

      - Nə gözəl bir miniyə minmisən!-dedi.
      Nəbi (s.ə.s) də belə buyurdu:

      - O da nə gözəl bir suvaridir!"

      Peyğəmbərimiz (s.ə.s) nəvələrini belə sevib əzizləyərkən onların tərbiyəsini də yaddan çıxarmazdı. Hətta bir şeyi qadağan etdiyi zaman bununla kifayətlənməz, səbəbini açıqlayar, başa salardı. Bildiyimiz kimi Rəsuli-Əkrəm (s.ə.s)-ə və ailəsinə zəkat malı yemək haram idi. Peyğəmbər əleyhissalam bir gün balaca Həsənin Beytülmala aid olan zəkat xurmasından bir dənəsini ağzına apardığını gördü. Tez xurmanı onun ağzından çıxartdı və:

      "- Məhəmməd ailəsinin zəkat yemədiyini bilmirsənmi?" buyurdu.

      Rəsulullah (s.ə.s) sevimli nəvəsinə "onu yemə!" deməklə kifayətlənməmiş, səbəbini də izah etmişdi.

      Bir dəfə də Fəxri-Kainat torpaqla oynayan uşaqlara rast gəlmiş, səhabələrdən biri onu qadağan etmək istəyəndə həzrət Peyğəmbər:

      "- Onlara dəymə! Torpaq uşaqların ilk baharıdır" buyurmuşdu.

      Abdullah bin Haris (r.a) rəvayət edir ki, Rəsulullah (s.ə.s) Abbasın uşaqları Abddullah, Übeydullah və Kəsiri bir yerə yığar və belə deyərdi:

      "- Kim qaçaraq mənim yanıma birinci çatsa, ona mükafat var!" Uşaqlar da qaçaraq gələr, Rəsulullah(s.ə.s)-in belinə, sinəsinə çıxmağa çalışardı. O da onları öpər və qucaqlayardı.

      Həzrət Peyğəmbər yalnız öz övladlarına və nəvələrinə qarşı mehriban olmamış, bütün uşaqlara mehriban davranmışdı.

      Həbibullah böyüklərə etməyəcəkləri şeyləri uşaqlarına söz verməmələrini tənbeh etmiş, əhdə vəfa xüsusunda örnək olmalarına diqqət çəkmişdir.

      Abdullah bin Amr rəvayət edir:

      Bir gün Rəsulullah bizim evimizdə olarkən anam məni çağırdı: - Gəl, sənə bir şey verəcəm, -dedi.

      Rəsulullah anama:

      "- Ona nə vermək istəyirdin?" dedi.

      Anam:

      "- Bir xurma vermək istəyirdim, deyincə Peyğəmbərimiz belə buyurdu.

      "- Xəbərin olsun, əgər ona bir şey verməsəydin sənə bir yalan günahı yazılardı"

      Rəsuli-Əkrəm ana-atanın uşaqlar arasında ədalətlə davranmalarını əmr və tövsiyə etmişdir. Bu mövzuda uşaqların qız-oğlan, böyük-kiçik, doğma-ögey olmasına fərq qoymamağı tövsiyə etmişdir. Valideynlər miras və hədiyyə mövzularında necə ədalətli olmağa məcburdursa, sevgi, şəfqət kimi mənəvi məsələlərdə də bütün uşaqlarına qarşı ədalətli olmalıdır.

      Ənəs (r.a) deyir:

      Bir şəxs Peyğəmbər (s.ə.s)-in yanında ikən oğlu gəldi. O şəxs oğlunu öpdü, qucağında oturtdu. Bir az keçmiş qızı gəldi. Amma qızını öpmədən onu qarşısında oturtdu. Bunu görən həzrət Peyğəmbər:

      "- İkisinə də eyni şəkildə davrana bilməzdinmi?" buyurdu.

      Ya Rəsulallah! Sənə çox ehtiyacımız var. Aləmləri şərəfləndirdiyin kimi bizim könlümüzü də şərəfləndir. Böyüklüyümüzə baxma, elə bizə də balaca uşaqlara davrandığın kimi davran. Mübarək əllərinlə oxşa başımızı, həzin səsinlə canlandır korlanmış ruhumuzu. Bizə yeni bir həyat bəxş et, ya Rəsulallah! Bilirəm biz onlar kimi günahlardan xali deyilik. Bu səfilliyimizə görə üzümüzə baxılası deyil. Amma sənin şəfaətindən ümidimizi də kəsmirik. Sənin aləmləri ehtiva edən sevgin bizi sevməyinə, ümmətliyə qəbul etməyinə də bəs edər. Axı sən Allahın həbibi, könüllərin təbibisən.

      Ya Rəsulallah! Səndən ilk və son olaraq bir istəyimiz var. Səni haqq ilə göndərən Allaha dua et ki, bizi sənin sevgindən məhrum etməsin! Sənin sevgin nəyə yetməz ki...

       

      • Hits: 698 clicks

      Tecox component by www.teglo.info