Eldar KƏRİMOV DAVAMLI OL!

      Share

      Uğur qazanmaqda davamlılıq prinsipi şərtdir. Demək olar ki, bütün fərdi inkişaf mütəxəssisləri və həyatlarında uğur qazanan insanlar davamlı çalışdıqları üçün uğur qazandıqlarını deyir. 

      Bir halda ki davamlı olaraq bir yerə damlayan su damcısı sərt qayaları deşə bilirsə, deməli, bu metodda həqiqət var. Hədəfə çatmaq üçün isə “6 saatdan artıq yatmayın!”, “xarici bir dil öyrənin”,  “həftədə bir kitab oxuyub qurtarın!”,  “davamlı çalışın”,  “xəyallarınızdan imtina etməyin!” kimi tövsiyələr verilir. 

      Burda hər şey yaxşı görünür. Heç kim bunların uğur qazanmaq üçün gedilən yolda nə qədər əhəmiyyətli bir yerə sahib olduğunu inkar edə bilməz. Demək olar ki, hər kəs az və ya çox daha yaxşı yaşamaq, daha çox uğur qazanmaq üçün bunları edir. Ancaq burda həm fərdi inkişaf mütəxəssislərinin, həm də bu metodları öz həyatlarına tətbiq edən insanların unutduğu bir şey var. O da insanların cəminin “0”-a bərabər olan toplananlar üçün var gücüylə çalışmalarıdır. Deyək ki, siz həyatda 30+10+25+15+23+11+5=0 misalında göründüyü kimi bütün uğurları toplayırsınız və nəticə “0”-a bərabər olur. “0” da o deməkdir ki, sizin yaşam müddətiniz bitir və siz ölürsünüz. Nəticə olaraq “0” bütün toplananları udur.  Siz də xəyal qırıqlığına uğrayırsınız. Çünki bir ömür boyu çəkdiyiniz zəhmət “0”-a bərabər olmuşdur. O zaman daxilinizdə bir peşmanlıq doğar. “Kaş ki lap əvvəldən bunun nəticəsini görə bilsəydim, kaş ki o sıfırı başdan görsəydim və onu “1” ilə dəyişsəydim” deyərsiniz. Bir dil öyrənmək, həftədə bir kitab oxuyaraq bitirmək, aylıq gəlirinizi 15 min manata qaldırmaq, 6 saatdan daha çox yatmamaq və s. Bəs bunların hamısı nəyə görədir?  Axı bütün bunların nəticəsi “0”-a bərabər olacaq.

      Biz hədəfləri tam olaraq nə üçün qoyuruq? Bu qədər əziyyəti niyə görə çəkirik? Əgər daha rahat və yaxşı bir həyat üçündürsə, unutmayın, bunlar hamısı ölümlə sıfırlanacaq. Siz deyə bilərsiniz ki, heç olmasa ölənə qədər yaxşı yaşamaq lazımdır axı. Bu da doğrudur, ancaq normal yaşamaq üçün o qədər zəhmət çəkməyə də ehtiyac yoxdur. Burada demək istədiyim odur ki, çox qazanan da, az qazanan da eyni səviyyədə olacaq. Hədəflərinə çatanla çatmayanlar eyni torpağın altında yatacaq. Əgər nəticədə ölüm hər şeyi sıfırlayacaqsa, daha çox şeyə sahib olmağın nə mənası var? Onsuz da xəyal qırıqlığına uğrayacaqsan. O zaman məntiqli olan əvvəlcə bütün rəsmi görə bilməkdir.  Niyə və nə üçün suallarına cavab verə bilməkdir. Nə zaman bitəcəyi məlum olmayan bu həyat yolçuluğunda ilk işimiz: ölümü “0” olmaqdan çıxarmaq olmalıdır. Əks təqdirdə edəcəklərimizin hər biri boş olacaq. Əgər etdiklərimizə bir əbədiyyət  möhürü vura bilməsək, bütün etdiklərimiz nafilə olmuş deməkdir. Bəs bunu necə edəcəyik? Öz əziyyətimizlə qazandıqlarımızı əbədiyyətə necə qovuşduracağıq? 

      Allah-Təala Qurani-Kərimdə Qasas surəsinin 88-ci ayəsində “Onun Üzündən başqa hər şey məhv olacaqdır” buyurur. Yəni niyyətin Allahın rizasına uyğundursa və bununla Rəbbinin rizasını qazanmaq istəyirsənsə, etdiyin heç bir şey yox olmayacaqdır və cənnətdə sonsuz hala çevriləcəklər. Xarici dil öyrənmək, həftədə bir kitab oxumaq, varlı olmaq və hər şey əgər Ona baxır və onun rizası üçündürsə,  üzərinə sonsuzluq möhrü vurulur. Məsələn, bu gün 10 dəqiqə ingilis dilində bir şeylər öyrənəcəyəm. Nə üçün? Çünki bu biliklə İslama xidmət etmək daha əhəmiyyətlidir. Bununla Rəbbimin rizasını qazanmaq istəyirəm. Burada sıfır birə dönür.  Bu il həftədə bir kitab oxuyacağam. Nə üçün?  Çünki daha çox bilsəm, İslama daha çox xidmət edə bilərəm və ölümsüz olan Rəbbim bundan razı olar. Bu zaman sıfır birə dönür, artıq səni təbrik etmək olar. Çünki artıq sənin niyyətin Onun rizasını qazanmaqdır. Aylıq daha çox pul qazanmaq istəyirəm. Nə üçün? Çünki bu zaman ehtiyac sahibi müsəlmanlara daha çox yardım edə bilərəm. Bu şəkildə ömür boyu topladıqlarımız, qazandıqlarımız heç bir zaman ölümlə “0”-a dönməz. Əməllərində Allah rizası olanlar ölümü öldürmüş olarlar. Əgər etdiyiniz iş Onun rizası üçündürsə, o şey fani olmaz.

      Sıfırı birə döndərmək həyat boyu edilən bir cəhddir. Əskik olduğun yerdən başla və düzəltməyə çalış. Mütəxəssislərin dediyi kimi, davamlı çalış! Ancaq davamlı Onun rizası üçün çalış. Əgər bir şeyi etməyə başlamadan əvvəl sonda olan “0”-ı silməsən, bütün etdiklərini ölüm deyilən “0” udub yox edəcəkdir.   

       

       

      • Hits: 130 clicks

      Tecox component by www.teglo.info