155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Rüfət ŞİRİNOV QURANİ-KƏRİMİ NECƏ ANLAYA BİLƏRƏM?

      Share

      Qurani-Kərim Uca Allah tərəfindən bütün bəşəriyyətə göndərilmiş həyat rəhbəri müqəddəs bir kitabdır. Bu müqəddəs kitabda hər kəsə və həyatın hər anına cavab verəcək məlumatlar yer alır. Əlbəttə ki, sözügedən məlumatlar xülasə şəklində ifadə edilmişdir. 

      Əks təqdirdə, əgər əsrlərdir öz hökmünü sürdürən Qurani-Kərimdə bütün məsələlər təfərrüatlı qeyd edilmiş olsaydı, cildlərlə kitab onu içinə sığdıra bilməzdi. Yəni Qurani-Kərim ümumiyyətlə qısa və konkret hökmlər əhatə edir. Necə ki, bütün dövlətlərin konstitusiya kitabında ümumi qanunlar yer alır, Qurani-Kərimdə də eyni şəkildə əsas qaydalar öz əksini tapır. Konstitusiya hökmlərinin başa düşülməsi üçün qanunlara ehtiyac olduğu kimi, Qurani-Kərimin hökmlərini də düzgün başa düşmək üçün Hz. Peyğəmbərin (s.ə.s) izahlarına və tətbiqatlarına ehtiyac vardır. Bu izah və tətbiqatlara elmi dildə “Sünnə” deyilir. Məsələn: Qurani-Kərimdə sadəcə “Namaz qılın!” buyurulmuşdur. Ancaq onun qılınma forması və detalları qeyd edilməmişdir. Hz. Peyğəmbər (s.ə.s): “Mən namazı necə qılıramsa, siz də elə qılın” buyuraraq təfərrüatı ilə namazı təlim etmiş və qılınma şəklini göstərmişdir. Həmçinin zəkatın verilməsinin fərz olması Qurani-Kərimdə açıq şəkildə bəyan edilmişdir. Ancaq hansı maldan və nə qədər zəkat veriləcəyi isə Hz. Peyğəmbərin (s.ə.s) izahlarından başa düşülür.

      Hz. Peyğəmbərə (s.ə.s) Uca Allah tərəfindən verilmiş bəzi vəzifələr vardır. Bunlardan biri də məhz Quran ayələrini izah etməkdir. “Təbyin” adı ilə elmi ədəbiyyatda öz əksini tapan bu vəzifə, dini təbliğin də əsasını təşkil edir. Uca Xaliq bu mövzu ilə əlaqəli belə buyurmuşdur: “(Biz onları) aydın dəlillər və kitablarla (göndərdik). Sənə də Zikri nazil etdik ki, insanlara, onlara nazil olanı izah edəsən və bəlkə onlar fikirləşələr” (ən-Nəhl, 44).   Deməli, Rəsulullahın (s.ə.s) vəzifəsi insanlara təkcə Qurani-Kərimi xəbər vermək deyil, eyni zamanda onlara dinə görə necə yaşayacaqlarını göstərmək, kəlam və tətbiqatları ilə onu izah etməkdir. Uca Allah həmçinin: “Biz hər bir elçini ancaq öz xalqının dilində danışan göndərdik ki, (haqqı) onlara bəyan etsin”, (İbrahim 4) - buyuraraq hər peyğəmbəri öz dilində göndərməsinin səbəbinin dərgahından onlara endirilənləri ümmətinə çətinlik çəkmədən izah etmək olduğunu bəyan etmişdir. Başqa sözlə ifadə etsək, qövmünün dilini anlamayan peyğəmbər, endirilən vəhyi təbliğ etsə belə, o vəhyi lazımi şəkildə ümmətinə izah edə bilməz. Odur ki, endirilənin izah edilməsi ən azı nazil edilməsi qədər önəm kəsb edir.

      Belə bir sual yarana bilər ki, əgər Qurani-Kərim qüsursuz, qaneedici və açıq-aydın haldadırsa və insanların başa düşməsi üçün endirilibsə nəyə görə Hz. Peyğəmbərin (s.ə.s) izahlarına ehtiyac duyulur? Bu suala iki şəkildə cavab vermək mümkündür:

      1. Əlbəttə, Qurani-Kərim kifayət qədər açıq və qaneedicidir. Ancaq insanların qavrama səviyyəsi müxtəlif olduğuna görə, hər kəsin onu doğru başa düşməsi real görünmür. Həmçinin məsul olmaq üçün sadəcə eşitmək kifayət deyil, eyni zamanda anlamaq da lazımdır. Ona görə də kimin nəyi anlaması şərtdirsə, ona həmin şeyi anlatmaq lazımdır. Qurani-Kərimə də ən doğru və qənaətbəxş izahatı verən kimsə, şübhəsiz ki, Hz. Peyğəmbərdir (s.ə.s). Çünki onun həyatı Quran mərkəzli tənzim olunmuşdur. Onu da xatırladaq ki, Hz. Peyğəmbərin (s.ə.s) izahatları heç bir zaman Qurani-Kərimin nöqsan, natamam və başa düşülməyən bir kitab olduğu mənasına gəlməz. “Allaha layiqli bəndə olmaq”dan başqa vəzifəsi olmayan insanlar yalnız Hz. Peyğəmbərin (s.ə.s) izahları sayəsində Allaha necə qulluq edəcəklərini öyrənə bilərlər. Odur ki,  sünnəsiz müsəlmanlıq nöqsan olduğu kimi, Peyğəmbərimizin açıqlamaları olmadan Qurani-Kərimi düzgün anladığını iddia etmək də həqiqəti ifadə etmir.  

      2. İkinci izahı belə verə bilərik ki, bir kimsə tibb elminin əsaslarını əhatə edən əsərlərdən birini əlinə alıb oxuyarsa, hətta əzbərləyərsə, həkim olduğunu iddia edə bilməz. İddia etsə də, kamil həkim olmaz, ən azından ən yüngül əməliyyatı yerinə yetirə bilməz. Peşəkar həkim olmaq üçün mütləq tibb sahəsindəki mütəxəssislərdən dərs almaq, onların təcrübələrindən faydalanmaq labüddür. Necə ki, hər hansı sahədə yazılmış ən mükəmməl əsəri oxuyaraq peşəkar mütəxəssis olmaq mümkün deyilsə, sadəcə Qurani-Kərimi oxuyaraq və onun hökmləri ilə kifayətlənərək kamil müsəlman olmaq da mümkün deyildir.

      Xülasə, Quranın açıq-aydın və hər şeyi ehtiva edən xüsusiyyətə malik olması onun ibadət, əqidə və əməli mövzularının izaha möhtac olduğu həqiqətini ortadan qaldırmaz. Əgər izaha ehtiyac olmasaydı, onu bəyan etmə vəzifəsi Hz. Peyğəmbərə (s.ə.s) verilməzdi.  

       

      • Hits: 182 clicks

      Tecox component by www.teglo.info