Kamran MƏMMƏDOV MİZAN (TƏRƏZİ)

      Share

      Ərəb dilində “mizan” tərəzi mənasına gəlir. Axirətdə günah və savabların, yaxşılıq və pisliklərin ölçüləcəyi mənəvi ölçü alətidir. Məcazi mənada hüquq, yaxşılıq və pisliyi ölçmək üçün də mizan sözündən istifadə edilir. 

      Ədalət tərəzisi, haqq tərəzisi, yaxşılıq tərəzisi, ağıl tərəzisi kimi ifadələr bu mənadadır. Allah-Təala bu müxtəlif məna və dəyərlərə şamil olmaqla tərəzini Quranda belə bəyan edir:

      “Allah göyü yüksəltdi. Mizanda (tərəzidə) haqsızlıq etməyin deyə tərəzini qoydu. Çəkini və ölçünü doğru və ədalətlə edin, tərəzidə (mizanda) haqsızlıq və əskiklik etməyin”. (ər-Rəhman, 7-9)

      Qiyamət günündə yaxşı və pis əməllərin çəkilərək miqdarının bilinməsinə məxsus “mizan” (tərəzi) iman baxımından haqdır. Uca Allah qiyamət günündə qoyulacaq bu tərəzi üçün belə buyurmuşdur: “Qiyamət günü ədalət tərəziləri qoyacağıq. Heç bir kimsəyə heç bir haqsızlıq edilməz. Xardal dənəsi qədər belə olsa, ediləni ortaya qoyarıq. Hesaba çəkici  olaraq biz yetərik”. (əl-Ənbiya, 47)

      “O gün (qiyamət günü) gerçək və dümdüz olan vəzn (tərəzi) vardır. Mizanları ağır olanlar, onlar xilas olanlardır. Mizanları yüngül gələnlər ayələrimizə etdikləri haqsızlıqdan ötəri özlərini zərər və ziyana uğradanlardır”. (əl-Əraf, 8-9)

      Qurani-Kərimin vəzn və mizanla əlaqədar bəyanlarından çıxan nəticə belədir: Axirətdə əməllərin ölçülməsi üçün bir mizan qoyulacaq. Mizanda əməllərin çəkilməsi əməl dəftərlərinin verilməsindən sonra olacaq. Əməllərin çəkilməsi əsnasında zalımın əgər yaxşı bir əməli (həsənəsi) varsa, borcu müqabilində məzluma veriləcək. Həsənəsi (yaxşılığı) olmazsa, məzlumun günahından borca müqabil zalıma veriləcək. Hər kəsin müxtəlif əməllərinin ölçülməsindən sonra qazanc və zərər hesabı hamısının cəmindən çıxarılacaq.

                    Allaha və axirət gününə iman etməyənlərə gəldikdə, Allah onların əməlləri üçün heç bir vəzn və tərəzi qoymayacaq. Allahı, öldükdən sonra dirildilərək hesab verməyi inkar etdikləri üçün kafirlərin yaxşılıqları boşa getmişdir. Çünki yaxşılıqları mühafizə edən şey iman çərçivəsidir. Axirətdə kafirin heç bir həsənəsi olmayacağına görə, geriyə küfr və günahı qalar. Artıq onun üçün vəzn və mizana ehtiyac qalmaz. Allah belə buyurur:

      “De ki: Sizə əməl tərəfindən ən çox ziyanda olanı xəbər verimmi? Bunlar dünya həyatında əməlləri boşa getmiş olanlardır. Halbuki onlar gözəl iş etdiklərini hesab edirdilər. Bunlar Allahı və Ona qovuşmağı inkar edənlərdir. Buna görə də əməlləri boşa getmişdir.  Onlar üçün qiyamət günündə tərəzi  qoymayacağıq”. (əl-Kəhf, 103-105)

      Peyğəmbərimiz (s.ə.s) məhşər günündə üç yerdə, qorxu səbəbi ilə, kimsənin yadına başqa birinin düşməyəcəyini söyləmişdir: 

      “- Mizan başında tərəzisinin ağır gəlib-gəlməyəcəyini öyrənənə qədər,

      - Əməl dəftərinin verildiyi və “alın kitabınızı oxuyun” deyildiyi zaman kitabının sağdanmı, soldanmı, yoxsa arxadanmı veriləcəyini öyrənənə qədər,

      - Cəhənnəmin üstünə qoyulan sirat körpüsünün yanında”. (Əbu Davud, Kitabus-Sünnə 4755)

      Əməl dəftəri

      İnsanın dünya həyatında etdiyi yaxşı və pis bütün işlərin, sözlərin Allah dərgahında qeyd edildiyi dəftərdir. Bu dəftər  kamera kimi insanın hər hal və hərəkətini, danışıqlarını qeyd edir. Bu qeydlərlə insan axirətdə hesaba çəkiləcək, dəftər onun lehində və ya əleyhində  şahid olacaq  (Quranda “kitab” olaraq qeyd edilmişdir).

      Dünya həyatında insanla birlikdə olan və onun etdiklərini yazan mələklər vardır. Qurani-Kərim bu mələklər haqqında belə buyurur:

      “...Halbuki üzərinizdə müşahidə edici mələklər var, şərəfli yazıçı (mələklər). Nə etsəniz bilərlər”. (əl-İnfitar, 10-12)

      “O, (insan) hər nə söz söyləsə, şübhəsiz ki, yanında olan mühafiz (qoruyucu/yazıçı) vardır”. (Qaf, 18)

      Əməl dəftərinə insanın etdiklərini yazan mələklərə hafizə mələkləri və ya kiramən-katibin (şərəfli yazanlar), yaxud “rəqib-atid” deyilmişdir.

      Hər insana öz əməl dəftəri axirət günü veriləcək və insan öz etdiklərini orada şəxsən görüb oxuyacaqdır. Dəftərləri sağ tərəfindən verilən kəslər cənnətliklər, sol tərəfindən və ya arxa tərəfindən verilənlər isə cəhənnəmliklər olacaqlar. Cənnətliklərin hesabı ya çox asan keçəcək və ya onlar heç hesaba çəkilməyəcəklər.  Cəhənnəmliklər isə çox çətin bir hesabla qarşılaşacaqlar. Qurani-Kərim bu barədə belə buyurur:

      “...O vaxt kitabı (əməl dəftəri) sağ əlinə verilmiş olan kimsə deyər: “Gəlin, kitabımı oxuyun. Çünki mən hesabıma çatacağıma (hesaba çəkiləcəyimə) inanmışdım!” Artıq o, məmnun bir həyatda, yüksək bir Cənnətdədir”. (əl-Haqqa, 19-22)

      “Kitabı sol əlinə verilmiş olan isə deyər: “Əfsus, keşkə kitabım mənə verilməsəydi! Hesabımın da nə olduğunu bilməsəydim!” (əl-Haqqa, 25-27)

      İnsan öz əməl dəftərində həyatının bütün təfərrüatını gördükdə heyrətlənəcək və belə deyəcək:

      “Əfsus bizə, bu dəftərə nə olub, kiçik-böyük heç nə buraxmayıb, hamısını yığıb (yazıb)...” (əl-Kəhf, 49)

      Əməl dəftəri insanın dünya həyatında öz etdiyi əməllərlə doldurulduğuna, insan da iradəyə sahib olduğuna görə, onun yaxşı və ya pis şeyləri ehtiva etməsi özündən asılıdır. “İman edərək saleh əməl işləyənlərin əməlləri puç olmaz. Biz onu yazmaqdayıq”. (əl-Ənbiya, 94) Bu barədə başqasını günahlandırmağa əsas yoxdur.

       

      • Hits: 146 clicks

      Tecox component by www.teglo.info