Anar QURBANOV- Sual? Cavab!

      Share

      Sual: Dəstəmazsız Qurani-Kərimə toxunmaq olarmı?

      Cavab: Əvvəla qeyd edək ki, Qurani-Kərimin əzbərdən dəstəmazsız oxuna bilməsi ilə əlaqədar hər hansı ixtilaf yoxdur. Bununla belə, Uca Allahın kəlamı olduğu üçün əzbərdən oxunsa belə dəstəmazlı olmaq alimlər tərəfindən tövsiyə edilmişdir. Ancaq Qurani-Kərimə dəstəmazsız toxunmağın caiz olub-olmadığı məsələsinə gəlincə, qeyd edək ki, bütün məzhəb alimləri Qurani-Kərimə dəstəmazsız toxunmağın caiz olmadığında həmfikir olmuşlar. Çünki “Vaqiə” surəsinin 79-cu ayəsində Uca Allah belə buyurur: “Qurana yalnız tərtəmiz olanlar toxuna bilər”. Hz. Peyğəmbər (s.ə.s) də bir hədisi-şərifində belə buyurur: “Qurana yalnız təmiz olan toxunsun” (Malik, “Müvəttə”, Quran, 1). Şübhəsiz ki, Qurani-Kərim Uca Allahın kəlamı olduğu üçün dəstəmazsız toxunulmaması ona göstərilməli olan bir hörmət əlaməti hesab olunmuşdur. Odur ki, Qurani-Kərimə zərurət halı olmadan dəstəmazsız toxunmaq caiz deyildir.

       

      Sual: Fitrə sədəqəsinin buğda, arpa, xurma və üzümdən verilməsi vacibdirmi?

      Cavab: Fitrə sədəqəsi yuxarıda qeyd edilən qida məhsullarından verilə bildiyi kimi, onların dəyəri olan puldan da verilə bilər. Bu məsələdə yoxsul üçün ən faydalı olana və onun ən çox ehtiyac duyduğu şeyə üstünlük verilməlidir.

       

      Sual: Bir məscidin tikintisi üçün fitrə sədəqəsi verilə bilərmi?

      Cavab: Qeyd edək ki, zəkatın və fitrə sədəqəsinin etibarlı olması üçün ən əsas şərtlərdən biri “təmlik”dir. Təmlik dini terminologiyada “bir malı başqasının mülkiyyətinə keçirmək”dir. Belə olan təqdirdə məscid, məktəb, körpü, yol və s. yerlərə təmlik etmək qeyri-mümkün olduğundan İslam hüquqşünaslarına görə, sözügedən yerlərə zəkat və fitrə sədəqəsi verməklə bu ibadət keçərli olmaz.

       

      Sual: Gözə qoyulan linza qüsl və dəstəmaza mane olarmı?

      Cavab: Qüsl və dəstəmazda gözün içinin yuyulması fərz deyil. Çünki gözlərin içini yumaq həm çətin, həm də zərərlidir. Odur ki, gözə qoyulan linzanın qüsl və dəstəmaza hər hansı maneəsi yoxdur.

       

      Sual: Namazda və yaxud namazdan kənarda ağlamaq dəstəmazı pozarmı?

      Cavab: Əvvəla qeyd edək ki, səbəbindən asılı olmayaraq namazdan kənarda ağlamaq və bunun nəticəsində gözdən yaşın axması ilə dəstəmaz pozulmur. Ancaq namaz əsnasında dünyalıq üçün səs çıxararaq bərkdən ağlamaq namazı pozar, lakin dəstəmazı pozmaz. Bunundan əlavə, Allah qorxusu, cənnət və cəhənnəmin xatırlanması kimi səbəblərdən ağlamaq nə dəstəmazı, nə də namazı pozar.

       

      Sual: Namazda gülməyin dəstəmazı pozduğuna dair dəlil varmı?

      Cavab: Şübhəsiz ki, namaz bəndənin Rəbbinin hüzurunda olduğu şüuru ilə yerinə yetirilməli olan bir ibadətdir. Ancaq bəzi hallarda insanın əlində olmayan səbəblərdən meydana gələn gülmə halının namaza təsirini üç qisimdə izah etmək olar:

      Birincisi, namazda ikən yanındakıların eşidəcəyi qədər bərkdən gülmək; Hənəfi məzhəbinə görə, bu halda həm dəstəmaz, həm də namaz pozulur. Bunun dəlili isə İbn Üsamənin atasından nəql etdiyi bir hədisi-şərifdir: “Rəsulullahın (s.ə.s) arxasında namaz qılarkən görmə qabiliyyətini itirmiş bir səhabə bir çuxura düşdü. Biz də ona güldük. Bunun nəticəsində Rəsulullah (s.ə.s) təzədən dəstəmaz alıb namazı başdan qılmağımızı əmr etdi” (Darəqutni, “Sünən”, I, 295). Ancaq qeyd edək ki, Şafei məzhəbinə görə, sözügedən halda yalnız namaz pozulur, dəstəmaz pozulmur. Çünki namazdan kənarda bərkdən gülmək dəstəmazı pozmadığına görə, namazda ikən də pozmaz.

      İkincisi, namaz qılanın özünün eşidəcəyi qədər gülməsi ilə yalnız namaz pozular, dəstəmaz pozulmaz.

      Üçüncüsü isə, namazda ikən təbəssüm etməkdir. Təbəssüm nə namazı, nə də dəstəmazı pozar.  

       

      Sual: Həddi-büluğ yaşına çatmayan varlı uşaqların mal-dövlətlərindən zəkat vermək fərzdirmi?

      Cavab: Bir müsəlmanın zəkat ibadətindən məsul olması üçün həddi-büluğ yaşına çatması şərtdir. Hənəfi məzhəbinə görə, varlı da olsa, həddi-büluğ yaşına çatmayan uşaqların mal-dövlətlərindən zəkat vermək fərz deyil. Ancaq uşaqlara aid əkin ərazilərindən hasil edilən məhsulların üşrü, yəni zəkatı verilməlidir. Şafei məzhəbinə görə isə, zəkat vermək üçün həddi-büluğ yaşına çatmaq şərt deyil. Odur ki, uşaq və ruhi xəstələrin mal-dövlətlərindən də zəkat verilməlidir.

       

      Sual: Canlı yayımda namaz qıldıran imama tabe olmaq olarmı?

      Cavab: İmamla namaz qıla bilmək üçün camaat imama tabe olmalıdır. Məhz buna görə də imam ilə ona tabe olan camaat eyni məkanda olmalıdır. Bu səbəbdən imamın namaz qıldırdığı yerdən başqa bir yerdə olan bir müsəlman həmin imama tabe olmağa niyyət edərək namazını qılarsa, bu namaz etibarlı olmaz. Hətta imam ilə camaat arasından keçən bir çay və ya geniş bir yol da camaatın imama tabe olmasına əngəl sayılmışdır. Odur ki, canlı yayım vasitəsi ilə başqa yerdəki bir imama tabe olmaqla məkan baxımından eynilik reallaşmadığı üçün bu şəkildə qılınan namaz səhih deyil.  

       

      • Hits: 135 clicks

      Tecox component by www.teglo.info