Saleh ŞİRİNOV- Utanmırsansa, istədiyini et!

      Share

      Utanma duyğusunun bir adı da həyadır. Bu, Allahın sevdiyi gözəl xasiyyətlərdən biridir.

       Rəsulullah (s.ə.s)-dən öyrəndiyimizə görə; utanma duyğusunun qaynağı imandır.

      İmanı olan cənnətə girəcəkdir. Üzsüz və arsız olmaq, başqasına çirkin söz demək haqsızlıqdır. Haqsızlıq edən də cəhənnəmə girəcəkdir.

      Həya duyğusunun pis olanı yoxdur. Bu əsil duyğu başdan-ayağa xeyir və gözəllikdən ibarət olub insana ancaq xeyir qazandırar. Həya kimdə olarsa, onu daha da gözəlləşdirər.

       

      Böyüklərimiz və utanma duyğusu

      Hər dinin özünə görə bir əxlaq anlayışı var. İslam əxalqı isə həya duyğusundan ibarətdir. Dostlarının anlatdığına görə, peyğəmbərimiz (s.ə.s) örtünmə yaşına gəlmiş gənc bir qızdan daha utancaq idi. Bir şeydən xoşlanmadığı zaman çöhrəsi dəyişər, bu işdən xoşlanmadığı üzündən bəlli olardı.

      Səhabələr içində ən çox həya duyğusuna sahib olan Hz. Osman (r.a) idi. Kürəkəni olmasına baxmayaraq, Rəsuli-Əkrəm (s.ə.s) onu utandıracaq bir şey etməməyə səy göstərər, hətta mələklərin də ondan utandığını söyləyərdi.

       

      Allahdan necə utanmalı

      Peyğəmbərimiz (s.ə.s) səhabələrinə: “Allahdan necə utanmaq lazımdırsa, elə utanın”, - deyə tövsiyə etmişdi. Onlar: “Əlhəmdülillah, biz Allahdan utanırıq”, - dedikdə Rəsulullah Allahdan utanmanın hansı mənaya gəldiyini onlara belə izah etdi: “Allahdan utanan şəxs başını və başındakı orqanlarını Allahın məmnun olmadığı şeylərdən qorumalıdır”.

      Daha açıq bir ifadə ilə:

      “Allahın istəmədiyi şeylərə baxmamalı,

      Allahın sevmədiyi söhbətləri dinləməməli,

      Allahın bəyənmədiyi sözləri söyləməməlidir”.

      “Allahdan utanan kəs bətnini və bədənindəki digər orqanlarını Allahın xoşlanmadığı şeylərdən qorumalıdır”. Belə ki;

      “Qəlbinə/ürəyinə sahib olmalı,

      Cinsi orqanını günahdan qorumalı,

      Günah olan şeyə toxunmamalı,

      Günah olan yerə getməməlidir”.

      “Allahdan lazım olduğu kimi utanan kəs bir gün ölüb gedəcəyini, gözəl bədəninin çürüyüb yox olacağını düşünməlidir”.

      Axirəti dünyadan üstün tutan kəs dünya zinətini əlinin tərsi ilə geri çevirməlidir. Bu zaman insan Allahdan layiqincə həya etmiş olar.

      Allahdan layiqincə utanmağı Peyğəmbərimiz (s.ə.s) belə izah etdi. Bu söz də onun mübarək ağzından çıxmışdır:

      “Bəndə Allahdan lazım olduğu kimi utansa, Allah-Təala da bəndəsindən utanar. Bəndəsi əllərini qaldıraraq Ona dua etdiyi zaman o əlləri tamamilə boş çevirməkdən həya edər”.

       

      Başqasının məhrəm yerinə baxmamaq

      Utanma duyğusuna sahib olan insan başqasının məhrəm yerlərinə baxmamalıdır. Evli olan cütlər bundan müstəsnadır. Çünki onlar bir-birinin məhrəmi sayılırlar.

      Kişi kişinin, qadın da qadının məhrəm yerini görməməlidir. Rəsuli-Əkrəm ombaları görünən bir səhabəsinə, ombaların məhrəm olduğunu xatırlatdı və örtünməsini əmr etdi.

      Hz. Əliyə: “Ombanı göstərmə, başqsının da ombasına baxma”, - buyurdu.

      Bir gün Allahın Elçisi açıq ərazidə çılpaq yuyunan bir adam gördü. Bunun üzərinə səhabələrinə xitab edərək: “Allah-Təalanın həya sahibi olduğunu, həya duyğusuna sahib olanı və örtünəni sevdiyini,  ətrafı açıq yerdə yuyunan kəsin örtünməsini və ya bağlı yerdə yuyunmasını”, - tövsiyə etdi.

       

      Hamamda

      Hz. Peyğəmbər (s.ə.s) zamanında Ərəbistanda bizim bildiyimiz şəraitə sahib hamam yox idi. Onun üçün də Allahın Elçisi ümumi hamamı heç görməmişdi. Lakin ticarət səfərləri səbəbindən digər ölkələrə gedən tacirlər ümumi hamamı görmüş və onun necə bir yer olduğunu Rəsuli-Əkrəmə izah etmişdilər. O da hamamda ədəb qaydalarına diqqət edilmədiyini öyrənincə, hamama gedilməməsini tövsiyə etmişdi. Hamamın təmizlənməyə vəsilə olduğu və bəzi narahatlıqlara xeyrinin olduğu deyildikdə isə, ümumi hamama girən kişilərin mütləq bədənlərinin alt tərəfini örtməsini qəti bir şəkildə əmr etdi.

      Qadınların belə hamama getməsini isə doğru saymadı.

      Evindən başqa yerdə soyunan qadının Allah ilə arasındakı ədəb pərdəsini yırtmış olacağını söylədi.

      Ancaq xəstə və loxusa qadınların hamama getməsində qəbahət görmədi.

       

      Utanma duyğusu olmazsa

      İman ilə utanma duyğusu əsla bir-birindən ayrılmaz. Biri əldən gedərsə, digəri də ardından gedər.

      Utanma duyğusu ilk insandan bəri hər zaman var olmuş və insan bu sayədə pislikdən qorunmuşdur.

      Hz. Peyğəmbərimiz: “Utanmadıqdan sonra istədiyini et!” sözünün ilk peyğəmbərlərdən bəri hər zaman deyildiyini ifadə etmişdir.

      Bir gün Peyğəmbərimiz (s.ə.s) cəhənnəmdə gördüyü bəzi qadınları təsvir etdi. Onların hələ dünyaya gəlmədiyini, utanma duyğusundan məhrum bu qadınların cənnəti görə bilməyəcəyini, hətta qoxusunu belə ala bilməyəcəyini söylədi. “Onlar guya geyinmiş, lakin əslində çılpaq qadınlar idi. Üstəlik başqalarını da özləri kimi geyinməyə məcbur edərlər”.

      Utanma duyğusu kişi-qadın hər kəsdə olmalı və hər kəs məhrəm yerlərini örtməlidir.

      • Hits: 219 clicks

      Tecox component by www.teglo.info