155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Səfa MURADOV- BİR HƏDİS

      Share

      عَنْ صُهَيْب بن سنان رضي الله عنه قال قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : عَجَبًا لِأَمْرِ الْمُؤْمِنِ، إِنَّ أَمْرَهُ كُلَّهُ خَيْرٌ، وَلَيْسَ ذَاكَ لِأَحَدٍ إِلَّا لِلْمُؤْمِنِ، إِنْ أَصَابَتْهُ سَرَّاءُ شَكَرَ، فَكَانَ خَيْرًا لَهُ، وَإِنْ أَصَابَتْهُ ضَرَّاءُ، صَبَرَ فَكَانَ خَيْرًا لَهُ

      Süheyb ibn Sinandan rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Möminin halı çox qəribədir. Çünki hər halı onun üçün xeyirlə nəticələnər. Bu ancaq möminlərə məxsusdur. O, (mömin) sevindirici bir hadisə ilə qarşılaşdığı zaman şükür edər ki, bu onun üçün xeyirdir. Başına bir müsibət gəldikdə də səbir edər ki, bu da onun üçün xeyirdir”. (Müslim, Zöhd, 13)

      Rəsulullah (s.ə.s) bu hədisi-şərifdə sadəcə möminlərə xas olan iki əsas vəsfdən bəhs edir. Bunlardan biri şükür, digəri isə səbir etməkdir. İnsanlar Allahın qəza və qədəri daxilində ya mömin, ya da kafir olurlar. Mömin olanlar üçün Allah-Təala faydalı və xeyirli nə varsa, onu təqdir etmişdir. Bu səbəblə də, möminin başına bir müsibət gəldiyi zaman Allahın qədərinə razı olmaqla o müsibətdən qurtulmağı gözləyərək səbir edər. Etdiyi bu səbir müqabilində də Allahın onu mükafatlandıracağına inanar. Beləliklə də, müsibət qarşısındakı bu səbri ona yalnız xeyir qazandırar. Mömini sevindirən bir hadisə olduğu zaman da Allaha şükür edər. Onu sevindirən bu hadisə istər dini, istər dünyəvi cəhətdən olsun, heç bir fərqi yoxdur. Əsas odur ki, o, sevinc anında Allahı unutmaz və bəxş etdiyi nemətlər səbəbilə Rəbbinə təşəkkür etməyi özünə borc bilər. Onun belə etməsi əldə etdiyi nemətin daha da bərəkətlənməsinə vəsilə olar. Beləliklə, möminlərə xas olan səbir və şükür neməti onlara həm dünya, həm də axirət səadətini qazandırar.

      Müsibət anında səbir etmək ən çətin sınaqlardan sayılır. İnsanın bu çətin sınaq qarşısında iradəli olması üçün tələb olunan ən önəmli dayaq imandır. İman insana ümid bəxş edərək gələn günlərin keçən günlərdən daha yaxşı olacağına dair bir təskinlik verər. Eyni zamanda iman duyğu və düşüncələrə də istiqamət verərək insanı ifrata düşməkdən qoruyar. Çünki insanlar xətanı ifrata qaçdıqları zaman edərlər. İman Allahın iradəsi ilə əlaqə yaratmaqdır. Bu əlaqə kəsilərsə, insan təhlükə, zərər və şər ilə qarşı-qarşıya qalar.

      Hədisdə diqqət çəkən digər bir məqam iman sahibi insanların da digər insanlar kimi bəla və müsibətə düçar olmalarıdır. Yəni mömin olmaq müsibətlərdən uzaq olmaq demək deyil, müsibətlərə sinə gərməkdir. Mömin də digər insanlar kimi dünya imtahanındadır. Onun digər insanlardan tək fərqi səbir və şükür kimi önəmli iki qoruyucu vasitə ilə özünü qorumasıdır.

      • Hits: 216 clicks

      Tecox component by www.teglo.info