Kamran MƏMMƏDOV- Sur

      Share

      Qiyamət saatı gəldiyi an dörd böyük mələkdən biri olan İsrafilin (ə.s) üfləyəcəyi bir alətə “sur” deyilməkdədir.

       Qurani-Kərimdə surun varlığından bəhs edilsə də, mahiyyətinin nə olduğu izah olunmamışdır. “Sura üfürüldüyü gün, Allahın dilədiklərindən başqa, göylərdə olanlar da qorxu içində qalarlar. Hamısı Allaha boyun əymiş olaraq gələrlər” (ən-Nəml 27/87) ayəsi surun varlığına bir dəlildir.

      Əbu Yəla əl-Mavsilinin “Müsnəd” adlı hədis kitabında Əbu Hüreyrədən (r.a) nəql edilən bir hədisi-şərif suru belə açıqlayır:

      “Əbu Hüreyrə (r.a)  belə rəvayət edir: Bir gün Peyğəmbər (s.ə.s) bizimlə oturub söhbət edirdi. Ətrafında çoxlu səhabələr vardı. Bizə belə dedi: “Uca Allah göyləri yaratdıqdan sonra suru yaratdı və onu İsrafilə verdi. İsrafil ağzını sura söykəmiş və gözlərini də ərşə çevirmişdir. Sura üfürməsi üçün verilən əmri gözləməkdədir”. Əbu Hüreyrə deyir ki, mən: “Ey Allahın Rəsulu! Sur nədir?”- deyə soruşdum. O (s.ə.s): “Buynuza bənzəyən bir alətdir”,- deyə cavab verdi. Mən yenə: “O necə bir şeydir”,- deyə soruşdum. O (s.ə.s): “O, çox böyükdür. Məni haqqı təbliğ etmək üçün göndərən Uca Allaha and olsun ki, yerlər və göylər onun yanında kiçik qalar. Hamısı onun içinə sığa bilər”,- deyə cavab verdi”. (Əbu Yəla əl-Mavsili, Müsnəd)

      Sura üfürülüş üç dəfə olacaq. Birinci üfürmədə qorxu və dəhşətdən bütün varlıqlar sarsılacaq. İkinci üfürmədə kainat alt-üst olub, bütün canlılar öləcək. Allah yeni bir nizam (axirət yurdu) qurub hesab günü gəlincə, üçüncü bir üfürmə ilə bütün ölülərin ruhları bədənlərinə qaytarılaraq yenidən diriləcəklər. Ardından da hesab, kitab, mizan, şəfaət, sirat, Cənnət, Cəhənnəm kimi bir sıra qiyamət hadisələri olacaq.

      Qurani-Kərim surun üfürüldüyü əsnada yaşanacaq dəhşət barəsində Təkvir, İnfitar və İnşiqaq başda olmaqla bir çox surələrdə geniş məlumat vermişdir. Bu üç surə haqqında Abdullah ibn Ömərdən (r.a) rəvayət edildiyinə görə,  Rəsulullah (s.ə.s) belə buyurmuşdur: "Kim qiyamət gününü sanki gözüylə görmək istəyirsə, İzəş-Şəmsu-Kuvvirat (ət-Təkvir), İzəs-Səmaun-Fətarat (əl-İnfitar) və İzəs-Səmaun-Şaqqatı (əl-İnşiqaq) oxusun". (Tirmizi, Təfsirul-Quran, 3333;  Əhməd b. Hənbəl, II, 27, 36).

      “O gün Günəş bükülər, ulduzlar qaralıb tökülər, dağlar yerindən qoparılar, ən dəyərli on aylıq dəvələr başlı-başına buraxılar, dənizlər od tutub yanar” (ət-Təkvir 81/1-4).

      “Göy parçalanacağı, ulduzlar dağılıb səpələnəcəyi, dənizlər qarışacağı, qəbirlər çevriləcəyi zaman; Hər kəs nə etdiyini və nə qoyub getdiyini  biləcəkdir!” (əl-İnfitar 82/1-5)

      “Göy yarılar, Rəbbinin buyruğunu eşidib itaət edər, yer dümdüz olar, içində olanları atıb tamamilə boşalar və Rəbbinin buyruğunu eşidib itaət edər” (əl-İnşiqaq, 83/1-4)

      “Yer dəhşətlə lərzəyə gələr, ağırlıqlarını çölə çıxarıb atar və insan “buna nə olub?” deyə təəccübünü dilə gətirər”. (əz-Zilzal 99/1-3)

      “Ürəkləri dəhşətə salar,... o gün insanlar atəş ətrafında çırpınıb tökülən pərvanələr kimi olar, dağlar didilmiş yun kimi olar”. (əl-Qariə 101/1-5).

       “O gün sarsılan sarsılar, arxasından bir başqası gələr. Ürəklər qorxub titrəyər, insanların gözləri zəlilcəsinə yerə dikilər və “doğrudanmı biz əvvəlki vəziyyətimizə qaytarılacağıq?! Çürümüş sümük olduğumuz zamanmı? Elə isə bu, (bizim üçün) ziyanlı qayıtmadır” deyəcəklər. Tək bir dəhşətli səsdir. Onlar dərhal dümdüz bir yerdə olacaqlar”. (ən-Naziat 79/6-14)

      Sur çalınacağı gün hər kəs dəstə-dəstə gələcək, göylərin qapıları açılacaq, dağlar yerindən qoparılıb ilğıma dönəcək”. (ən-Nəbə 78/18-20)

      “Ulduzlar sönəcək, göy yarılacaq, dağlar parça-parça olub atılacaq”. (əl-Mürsəlat 77/8-10)

      “Göz bərələcəyi, ay tutulacağı, günəşlə ayın birləşəcəyi zaman insan “qaçıb can qurtarmağa yer haradadır?” deyəcək, amma o gün sığınacaq yoxdur”. (əl-Qiyamət 75/7-11)

      “Yer üzü və dağlar lərzəyə gəlib titrəyər, dağlar yumşaq qum təpəsinə dönər”. (əl-Müzzəmmil 73/14)

      “Səma göyərmiş mis kimi olar, dağlar da didilmiş yuna dönər; heç bir dost dostunu arayıb-axtarmaz”. (əl-Məaric 70/8-10)

      “Onu görəcəyi gün hər əmzikli qadın əmizdirdiyini unudar, hər hamilə qadın uşağını salar, insanları sanki sərxoş kimi görərsən. Onlar sərxoş deyil,  ancaq Allahın əzabı çox şiddətlidir”. (əl-Həcc 22/2)

      Ölü bədənlərə ruhların veriləcəyi üçüncü üfürülmə əsnasında baş verəcəklər isə belə anladılır:

      “Gözləri dalğın-dalğın, çəyirtkələr kimi yayılmış olaraq, o çağırana doğru qaçaraq qəbirlərindən çıxarlar. Kafirlər “bu nə çətin bir gündür” deyərlər”. (əl-Qəmər 51/8-9)

      “Qəbirlərindən sürətlə çıxacaqları gün gözləri dönmüş, üzlərini zillət bürümüş olaraq sanki  daşlara doğru qaçarlar. Bu, söz verilmiş olan gündür”. (əl-Məaric 70/43-44).

      Yazının başındakı ayədə buyurulan “Allahın dilədikləri istisna” (ən-Nəml 27/87) kəlamı ilə nəzərdə tutulan kəslərin kimlər olduğu Əbu Hüreyrə (r.a) tərəfindən soruşuldu. Rəsulullah (s.ə.s) belə buyurdu: “Onlar şəhidlərdir. Çünki şəhidlər Uca Allahın qatında diridirlər. Allah onları qiyamət gününün dəhşətindən, qorxu və narahatlığından qorumuşdur. O günün qorxu və narahatlığı yalnız inanmayan üsyankar və günahkar qullar üçündür”.

      • Hits: 189 clicks

      Tecox component by www.teglo.info