Eldar KƏRİMOV- Sıfır(lan)!

      Share

      Sıfır görünməzdir. Görünmədiyi üçün saymağa belə insanlar sıfırdan başlamaz. Sıfır ilk baxışdan dəyərsizdir.

       Çünki özü elə sıfıra bərabərdir.  Görünən hər hansı bir konkret dəyərə sahib deyil. Mücərrəd olduğu üçün hikmətinə vaqif olmayanlar onun dəyərini bilməzlər. Onun dəyərini bilənlər sadəcə “bir” olmağı bacaranlar deyil, “bir” olmadan sıfır olub “bir”-ə on qat dəyər verənlərdir, eyni zamanda. 

      Bir olmadan sıfırın mahiyyəti dərk edilməsə də, sıfır, əslində, böyük dəyərə sahibdir. Sıfır sadəcə heçliyi ifadə etmir, o eyni zamanda varlığın dəyərini on qat artırır. Sıfırsız birin dəyəri sadəcə birdir. Sıfır birin yanına gəldikdə isə birin dəyəri on qat artır. Sıfırın qarşısından biri götürdükdə isə sıfır sadəcə sıfır olaraq qalır və dəyərini tamamilə itirmiş kimi görünür. Ancaq o dəyərini özündə hər zaman mühafizə etməyi bacarır.  Bir də sıfırı nəyə vursan nəticə sıfıra bərabər olur. Çünki ona bərk vurulub, özünü onda itirdiyin zaman öz dəyərini itirib o, yəni sıfır olursan. Sıfır olduğun zaman isə onun saflığına bürünüb fövqəlbəşər dəyər qazanırsan. Sıfırla yavaş-yavaş bərabərliyi bərqərar etdiyin zaman isə dəyərini on qat artırırsan. Uzun sözün qısası, hansı formada olursa olsun, sıfırla yaxın olmağa çalışmaq sənin işinə yarayacaqdır.

      Beləcə, insanın ömür boyu qarşısında seçim etməsi üçün iki yolu var. Bunlardan birincisi “bir”, ikincisi isə “sıfır” ola bilməkdir.  Bir olduğun zaman yanında bir sıfır, sıfır olduğun zaman isə önündə birin olması şərtdir.  Əgər bunlardan biri olub digəri olmazsa, həqiqi mənada dəyərə sahib olmaq mümkün deyil. Ruhsuz bədən, bədənsiz də ruh özünü tam formada ifadə edə bilmir. Bədən iki qanadından biri sınmış quşlar kimi nə qədər çırpınsa da, uçmağı bacarmır. 

      Bu mənada, dünyada əldə edilən uğurlar, qazanılan şöhrət və mal-mülk insanın  bir olmağına dəstək olan vasitələrdir. Bir olduqdan sonra isə insan öz dəyərini on qat artırmaq üçün mütləq sıfıra ehtiyac duyur.  Sıfır özlüyündə bir rəqəm kimi görünməsə də, öz varlığı ilə rəqəmlərin qiymətini artıran ən böyük rəqəm rolunu oynayır. Nə qədər bir olsan da, on olmaq üçün sıfırın olması şərtdir.  

      Nə olursan ol, kim olursan ol, yanına sıfır götürməyi unutma. Birlər sənin qarnını doyursa da, ruhunun ehtiyacını qarşılamaz. Mücərrəd olan sıfır isə sənin ruhunun qidasıdır. Sıfır sənin varlığını on qat dəyərləndirən amildir. Ruhunun və mənəviyyatının əsasıdır. Onlarsız sən bu dünyada sadəcə quru “bir”sən. Hər zaman yıxıla biləcək, dəyərindən dəyər itirəcək sadəcə bir “bir”. Dünyadakıları “bir” qəbul edib, axirəti “sıfır” kimi dəyərsiz görmə.

      Unutma, bəzən heç dəyər vermədiklərimiz bizim ən dəyərlilərimiz olur. Bunu o zaman dərk edirik ki, bir olmaq üçün qazanıb topladıqlarımızın heç bir dəyərinin olmadığını hiss edirik. Əlimizdəki konkret əşyalar mücərrəd olan və varlığımızın özünü təşkil  edən ruhumuzun xoşbəxtliyini təmin edə bilmir. Sadəcə birə sahib olanlar xoşbəxtliyi görüntüdə, sıfıra sahib olanlar isə mütləq xoşbəxtliyi daxildə hiss edir. 

      Son olaraq, görsən ki, bir gün bir olmusan və yüzlərlə birlərə sahibsən, ancaq hələ də xoşbəxt deyilsən, o zaman sıfırlanmağa çalış. Quru birlərdən təmizlənib sıfırın ruhaniyyətinə sarıl.  Səni bir kimi görməyib götürməyənlər mütləq bir gün öz dəyərlərini artırmaq üçün səni öz yanlarına alacaqlar. Sıfır olduğun üçün utanma. Sıfır eyni zamanda təmizliyin və paklığın da rəmzidir. Bir ömür boyu təmizlik və ruhani paklığından uzaq qalma. Zaman-zaman sıfırlanaraq təmizlənməyi unutma.

      Çalış ki, sadəcə “bir” qalmayasan; yanında mütləq bir sıfırın olsun. “Sıfır” olsan da çalış ki, önünə mütləq “bir” əlavə edəsən, yoxsa yüz dəyərə sahib olsan da,  bir dəyərə sahib deyilmiş kimi görünəcəksən...

      • Hits: 178 clicks

      Tecox component by www.teglo.info