Ahmet TECİM- QARDAŞLIĞIMIZ ƏBƏDİDİR...

      Share

      Prezident İlham Əliyev cənabları hələ bir neçə il əvvəl Çexiyanın paytaxtı Praqada gerçəkləşən AB Şərq Tərəfdaşlığı Sammitində Türkiyəni hədəf alan tənqidlərə cavab olaraq “Burada Türkiyə yoxdur, amma mən varam”, - deyərək zirvəyə damğasını vurmuşdu.

       Bu, Sarkisyanın çıxışında Türkiyəni qondarma soyqırımla ittiham edərkən ona verilən cavab idi: “Türkiyənin burada olmamasından istifadə edirsiniz. Amma mən buradayam, sizə cavab verirəm”.

      Azərbaycanın milli maraqları və ərazi bütövlüyü Türkiyənin ən əhəmiyyətli beynəlxalq strategiyalarından biridir. Aprel döyüşlərində qəhrəman Azərbaycan əsgəri Lələtəpədə Azərbaycan bayrağını dalğalandıranda Türkiyədə də böyük sevinc yaşandı. Qardaş ürəklər “Cocuqmərcanlıdan Xocalıya, Şuşaya…” şüarları ilə atdı. Azərbaycanda olduğu kimi Türkiyədəki anaların da qəlbi Aprel Şəhidləri üçün sızladı…

      Bu gün Türk-İslam dünyasının güclənməsini istəməyən bəzi güclər müxtəlif terror qruplaşmalarından istifadə edərək Türkiyəni məngənədə saxlamağa can atırlar. Türkiyə Cümhuriyyəti yaranan ciddi terror təhlükəsini önləmək üçün prezident Recep Tayyip Erdoğanın təlimatı ilə 20 yanvar 2018-ci il tarixindən etibarən Suriyanın Türkiyə sərhədində yerləşən Afrin bölgəsində “Zeytun Budağı” hərəkatına başladı. Türkiyənin əsas məqsədi bölgədəki terror ünsürlərini təmizləmək və PYD, YPG, PKK, o cümlədən DAEŞ birləşmələrinin qarşısını almaqdır. Şübhəsiz ki, bu əməliyyatla öz güvənliyini, beləliklə də, dünyadakı bir çox ölkənin güvənliyini təmin etmiş olacaq. 

      Türkiyə bu əməliyyatlara başlayarkən ona ilk dəstək verən dövlətlərdən biri də məhz Azərbaycan oldu. Azərbaycan rəsmiləri bu xüsusda bəyanat verərək açıq şəkildə mövqelərini bildirdilər.

      Bu gün başda qeyri-hökumət təşkilatları olmaqla Azərbaycan qaziləri, şəhid ailələri və gəncləri, bir sözlə, bütün xalqın qəlbi Mehmetciklə bir döyünür. Ağsaqqal və ağbirçəklərin duasında Türkiyə var, Türk əsgəri var…

      Bu birlik, qardaşlıq və dayanışmanın tarixi kökləri çox dərindir. 1920-ci ilin başında SSRİ-nin Azərbaycanı işğalı ilə Azərbaycanla Türkiyə, habelə Türk dünyası arasına tikanlı məftillərlə sərhəd çəkildi. Bu illər geniş coğrafiyada eyni dili danışan, eyni dini, tarixi və eyni hissləri paylaşanlar üçün həsrət və ayrılıqla dolu keçdi. Həmvətənlərimiz bir-birindən ayrı düşmə acısının göz yaşlarını qəlblərinə axıtdılar. Bu ayrılıq həm Türkiyədə, həm də Azərbaycandakı qardaşlarımız üçün böyük həsrət oldu.

      Ayrı düşmüş dost elindən

      Yıllar var ki, çarpar sinəm

      Vəfalıdır gəldi-gedən

      Qurban Türkün bayrağına.

      misraları o dövrdə Azərbaycanın böyük şairi Əhməd Cavad tərəfindən qələmə alındı. Burada yaşayanlar Türkiyədən gələcək bir səslə, nəfəslə həyata bağlanmağa çalışırdılar. Bu həsrəti qəlbində yaşayan, Türk dünyasının böyük şairi mərhum Bəxtiyar Vahabzadə “Azərbaycan-Türkiyə” şeirində necə də gözəl ifadə edir: 

      Dinimiz bir, dilimiz bir

      Ayımız bir, ilimiz bir,

      Eşqimiz bir, yolumuz bir

      Azərbaycan-Türkiyə.

       

      Birdir bizim hər halımız

      Sevincimiz-məlalımız,

      Bayraqlarda hilalımız

      Azərbaycan-Türkiyə.

      Bu acı günlərdə saysız-hesabsız xatirələr yaşandı, kitablar, şeirlər, hekayələr yarandı...

      Sonra Türkiyə ilə Türk dünyası və Azərbaycan arasındakı qalın divarlar yıxıldı, qardaşlar uzun illərin həsrəti ilə qucaqlaşdılar. Həsrət yerini vüsala verdi. Ümummilli lider Heydər Əliyev cənablarının “Türkiyə-Azərbaycan iki dövlət, bir millətdir” sözü ilə Azərbaycan-Türkiyə qardaşlığını yenidən gücləndirdi. Bir çox iqtisadi, siyasi, strateji və sosial sahələrdə müştərək layihələr həyata keçirildi.

      İlahi qədər sanki bu iki qardaş ölkəni bir-birinə bağlayıb. Azərbaycan dünyaya Türkiyə üzərindən açıldığı kimi, Türkiyə də Qafqazlara və Orta Asiyaya Azərbaycan üzərindən açılır. Bu birlik sadəcə iqtisadi cəhətdən deyil, milli-mənəvi birliyi də özü ilə gətirir.

      İstər əsrin əvvəlində, 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətini, istərsə də sonunda, 1991-ci ildə müstəqillik əldə edən Azərbaycanı tanıyan ilk dövlət qardaş Türkiyə olmuşdur.

      Xalqlarımız ağır günlərdə çiyin-çiyinə verərək qardaş köməyini bir-birindən əsirgəməmişdir.

      1917-ci ildə Anadolu türkünün Qurtuluş mücadiləsinə dəstək olmaq məqsədi ilə Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti adlı bir təşkilat quruldu. Həmin təşkilatın nəşr etdiyi “Qardaş Köməyi” jurnalı vasitəsi ilə Anadolunun qurtuluş savaşına dəstək məqsədi ilə minlərlə adam yığışdı. Onlar könül xoşluğu ilə əllərindəki pulları, ailələrinin zinət əşyalarını Anadoluya göndərmək üçün müvafiq quruma verdilər.

      Türkiyənin müstəqilliyini qorumaq üçün Çanaqqala döyüşündə canından keçərək şəhid olan Azərbaycan könüllüləri isə xalqlarımızın tarix yaddaşına həkk olaraq gələcək nəsillərə nümunə oldular.

      Bundan tam yüz il əvvəl, 1918-ci ildə Azərbaycanın istiqlalı uğrunda can verən Qafqaz İslam Ordusunun yüzlərlə şəhid əsgəri bu gün müstəqil Azərbaycan torpağında Türkiyə və Azərbaycan bayraqlarının kölgəsi altında azərbaycanlı şəhid qardaşları ilə hüzur içində qucaq-qucağa uyuyurlar.

      Anadolu insanı və Türkiyə dövləti ermənilərin Qarabağ işğalında yüzlərlə şəhidin və bu işğal nəticəsində didərgin düşən bir milyondan artıq qaçqının iztirabını qəlbində hiss edir. Türk xalqı və Türkiyə dövləti hər zaman Azərbaycanın haqq mücadiləsində qardaş ölkənin yanında yer almışdır. “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” sözləri türk xalqı üçün daima işarət daşı olmuşdur.

      Azərbaycan ilə Türkiyə tarixən heç vaxt bir-birini incidəcək addım atmamışdır, atmayacaq da. Azərbaycan və Türkiyə sadəcə iki müttəfiq deyil, doğma qardaşdır. Bu iki dövlətdə yaşayanlar Azərbaycanın güclü Türkiyə ilə daha sarsılmaz, Türkiyənin də inkişaf etmiş Azərbaycanla daha güclü olacağına can-dildən inanırlar. Türkiyə-Azərbaycan qardaşlığı əzəlidir və əbədi olacaq!..

      • Hits: 306 clicks

      Tecox component by www.teglo.info