Bəhram SADİQOV- Azərbaycan-Türkiyə qardaşlığında Siyasi-iqtisadi birlik

      Share

      Sovet ittifaqının parçalanmasının həmən ardından Türkiyənin Türk Cümhuriyyətləri, xüsusilə də Azərbaycan üçün bir model olması o dönəm Türkiyə üçün bu bölgələrlə yaxın münasibətlər qurması baxımından  önəmli bir hadisə olmuşdur.

      Sosialist və qapalı bir birlik içərisində olan bu ölkələrin müstəqillikdən sonra iqtisadiyyat, siyasət, hərbi və təhsil sahələri başda olmaqla beynəlxalq münasibətlər yolu ilə əlaqələr qurması mövcud əlaqələrini inkişaf etdirmək üçün əsas ehtiyaclardan olmuşdur. Türkiyənin  müstəqillik qazanan Türk Cümhuriyyətləri ilə yaxınlaşması, həm iqtisadi, həm də siyasi ittifaq içərisində olması bölgənin İranın təsirinə girməsini istəməyən və Rusiyanın bölgəyə təkrar nüfuz etməsindən çəkinən ABŞ və Avropa İttifaqı tərəfındən də dəstəklənmişdir. Türkiyənin Rusiya faktını da gözə alaraq bölgəyə nüfuz etməsi iqtisadi yardımlarla bərabər olmuşdur. Türkiyənin Xarici İşlər Nazirliyi himayəsində 1992-ci ildə qurulan Türk İşbirliği ve Kalkınma İdaresi Başkanlığı (TİKA) və bu kimi qurumlar vasitəsi ilə bölgə ölkələri ilə istər siyasi, istərsə də iqtisadi və sosial əlaqələrini inkişaf etdirməyə çalışmışdır. Orta Asiya və Qafqazlardakı Türk Cümhuriyyətlərinin müstəqillik qazanması İran və Çin kimi böyük sayda türk millətlərinin yaşadığı dövlətləri də narahat etmişdir.

      Aradan keçən iyirmi beş illik zaman zərfində Azərbaycan və Türkiyə arasındakı əlaqələr, bəzi kiçik istisnalar xaricində, hər zaman inkişaf yönündə irəliləmişdir.

       Uzun illər davam edən kommunist sistemdən liberal bir sistemə keçmənin sıxıntıları ilə mübarizə aparmaq bir yana, Dağlıq Qarabağ münaqişəsi ilə bölgədə zamanla təklənən Azərbaycan Türkiyənin də dəstəyi ilə bu çətin dövrdən uğurla keçməyi bacarmışdır. Bütün bunlarla bərabər, müharibədə yüzlərlə şəhid verən Azərbaycanın yaraları hələ də sağalmamışdır.

       Türkiyənin Qarabağ münaqişəsində öncəki dönəmlərdən fərqli olaraq açıq bir şəkildə Azərbaycanı dəstəkləməsi, Ermənistan ilə sərhədlərini bağlaması, bütün ticari əlaqələri dayandırması müharibə zamanında Ermənistanın çətin vəziyyətlə üzləşməsinə səbəb olmuşdur.

      XX əsrin son on illiyinin Azərbaycan üçün ən önəmli məsələlərindən biri bütün dünyanın diqqət mərkəzində olan Azərbaycanın neft rezervlərinin dünya bazarına çıxarılması məsələsi idi. “Əsrin müqaviləsi” olaraq adlandırılan BTC-nin imzalanması dönəmində Azərbaycan Rusiya və İran tərəfindən yenə təsirlərə məruz qalmışdır. Çünki bu müqavilənin önəmli tərəflərindən biri də Türkiyə idi. Türkiyə bu müqavilədə müəyyən bir pay sahibi olmaqla bərabər, neftin dünya bazarına Ceyhandan satılması planlanmışdı.

      Türkiyənin də bu müddət ərzində Azərbaycana dəstəyi Azərbaycan tərəfındən qarşılığını almış və bu anlaşmada Türkiyəyə daha sonra artacaq şəkildə müəyyən bir pay ayrılmışdır. Azərbaycan Türkiyə əlaqələri BTC, BTK, TANAP və bu kimi enerji müqavilələri ilə birlikdə daha da güclənmişdir.

      Azərbaycan ilə Türkiyə arasında əlaqələrin inkişafında dönüm nöqtəsi 13 iyul 2006-cı ildə təməlləri 12 il öncə atılan BTC boru xəttinin Türkiyənin Ceyhan şəhərində Türkiyə tərəfinin açılışı  ilə olmuşdur. İqtisadi olaraq hər iki dövlətə böyük qazanclar gətirən bu layihə eyni zamanda bölgəsəl olaraq da hər iki dövlətin güclənməsinin bir göstəricisi kimi önə çıxmışdır.   

      Bu illər ərzində  özəlliklə Qarabağ münaqişəsinin həll edilməsi üçün Türkiyənin vasitəçilik etmək istəməsi Ermənistan tərəfındən rədd edilmişdir. Qarabağ münaqişəsində ilk illərdən bu günədək olduğu kimi Türkiyə hər zaman Azərbaycanın yanında olmuş və xüsusilə beynəlxalq  arenada bu məsələdə hər zaman Azərbaycanı dəstəkləmişdir.

      Avropa Birliyi tərəfindən Rusiyadan enerji asılılığının azaldılmasında alternativ çıxış yollarından biri kimi enerji baxımından zəngin olan Xəzər hövzəsində yerləşən Türkmənistan, Azərbaycan və Qazaxıstanın da daxil olduğu bir enerji anlaşması hər zaman üçün gündəmdə olmuşdur. Bakı-Tiflis-Qars dəmir yolu xətti ilə bərabər növbəti böyük bir layihə olan TANAP layihəsinin də gerçəkləşməsi iki dövlətin böyük təzyiqlərə rəğmən əldə etdikləri böyük bir uğurun nəticəsidir. Dünya siyasəti  böyük bir xaos içərisindədir və ölkələr arası əlaqələr sürətlə yön dəyişdirməkdədir. Bu səbəblə xaricə olan bağlılığı, xüsusilə də enerji kimi önəmli bir məsələdə azaltmaq özəlliklə Türkiyə dövlətinə böyük imkanlar təşkil etməkdədir.

      Azərbaycanın Türkiyə üçün ərz etdiyi ən önəmli coğrafi özəlliklərdən biri də Türkiyənin yerləşdiyi bölgə ilə Orta Asiya bölgəsi arasında bağlantı təşkil etməsidir. Azərbaycan Türkiyə üçün  Türkiyənin türk dünyasına açılan qapısı rolunu oynayır. Bunun önəmi illərdir bir-birindən dini,  siyasi,  iqtisadi və digər xüsuslarda ayrı düşmüş türk dövlətlərinin yenidən saydığımız xüsuslarda ortaq bir mövqedən çıxış etməsi üçün imkanlar yaratması baxımından böyükdür.

       Yerləşdikləri bölgə etibarilə Türkiyə və Azərbaycan əsas güc olsalar da, sərhədləri daxilində və xaricində müxtəlif güclər tərəfindən dəstəklənən terror dövləti və terror təşkilatlarına qarşı mübarizələri davam etməkdədir. Türkiyənin öz sərhədlərinin təhlükəsizliyinin təmini üçün başlatdığı “Zeytun Budağı” hərəkatı da bu mübarizənin əsas örnəklərindəndir. Bu mübarizə Azərbaycan dövləti və xalqı tərəfindən  də böyük ölçüdə dəstəklənməkdədir.

      • Hits: 191 clicks

      Tecox component by www.teglo.info