Aqil ƏLİYEV- KÜSÜLÜ QALMAQ OLARMI?

      Share

      Günümüzdə sanki bəzi şəxslər tərəfindən bilərəkdən nifrət, düşmənçilik və nifaq toxumları səpilməkdə, islam toplumları parçalanmaqda və cəmiyyətin mənəvi gücü məhv olmaqdadır.

       Möminlər olaraq bizim bu günlərdə qarşılıqlı sevgi, sayğı və birliyə hər zamankından daha çox ehtiyacımız var. Ümmətin belə çətin zamanlarında maneələr ancaq və ancaq möminlərin bir-birilərini sevmələri və bir-birilərinə yardım etmələri ilə aşıla bilər. Qurani-Kərimdə Uca Allah buyurur: “Möminlər yalnız qardaşdırlar. Elə isə (anlaşmazlığa düşən) qardaşlarınızın arasını düzəldin. Allahdan qorxub çəkinin ki, sizə mərhəmət etsin”. (əl-Hücurat, 10)

      Peyğəmbərimiz (s.ə.s) də bir hədisində belə buyurur:  “Möminlər bir-birilərini sevməkdə, bir-birinə mərhəmət və şəfqət göstərməkdə bir bədənin üzvləri kimidir. Bədənimizin  hər-hansı bir üzvü  narahat olarsa, digərləri də yuxusuzluq və qızdırmada ona ortaq olarlar”. ( Buxari, Ədəb, 27)

      Buna görə, hansı dili danışmasından, hansı qəbiləyə və hansı irqə mənsub olub, hansı rəngdə olmasından asılı olmayaraq möminlər qardaşdırlar. Bədənin orqanları arasında olan bu harmoniya qardaşlar arasında da təmin edilməlidir.

      Başqa bir hədisində peyğəmbərimiz (s.ə.s) bu həqiqəti belə bəyan edir: “İman etmədiyiniz halda Cənnətə girə bilməzsiniz. Bir-birinizi sevməsəniz, iman etmiş olmazsınız”. ( Müslim, İman, 22)

               İnsanların fərd və cəmiyyət nizamını tənzim edən İslam, cəmiyyətləri parçalayan, topluma zərəri olan bütün pis halları yasaqlamış və bu işi edənlər haqqında təhdid edici ayə və hədislərlə çıxış etmişdir. Bu baxımdan müsəlmanın öz din qardaşından üç gündən artıq küsülü qalmasına icazə verilməmişdir. Bu haqda hədisdə belə buyurulur: “Bir möminin öz din qardaşından küsüb onu üç gündən artıq tərk etməsi halal deyildir. Üç gün keçərsə, onunla qarşı-qarşıya gələndə salam versin. Əgər salamını alarsa, savabına ortaq olar. Yox əgər salamını almazsa, almayan günah etmiş olar. Salam verən isə küsülü qalmaqdan çıxmış olar”. (Əbu Davud,  Ədəb,  47/4912)

               İslamda müsəlmanların bir-biriləri ilə uzun müddət küsülü qalması bir-birilərinin qanını tökmüş kimi qəbul edilmiş, mənən bir-birilərini qətl etmiş sayılmışdır. Bu haqda bir hədisdə buyurulur: “Kim bir müsəlman qardaşından küsüb, onunla bir il danışmaz və onu tərk edərsə, o, qardaşının qanını tökmüş kimi günah qazanar”. (Əbu Davud, Ədəb, 47/4915)

               Bir-birindən bir il kimi uzun bir zaman ayrı qalan müsəlman, demək ki, qardaşının bu qədər müddət ərzində xeyrindən, şərindən, xoş günündən, qəmli günündən, köməyə - yardıma ehtiyacı olduğu vəziyyətindən xəbər tutmamış, bu qardaşının sevincini və kədərini bölüşməmişdir. Bu da, İslam cəmiyyətinin nüvəsini meydana gətirən qardaşlıq bağlarının qopardılması, qardaşın qardaşa düşmən olması deməkdir.

               Təssüflər olsun ki, günümüzdə müsəlmanlar arasında belə neqativ hallara tez-tez rast gəlməkdəyik. Eyni məsciddə, eyni cərgələrdə namaz qılan, namazın daxilində bir-birinə sıx birləşən, salam verib namazdan çıxana qədər yumruq kimi bir və bütün olan müsəlmanlar, namaz bitdikdən sonra bir-birilərinə arxa çevirməkdədirlər. Bir-birilərinə Allahın salamını çox görməkdədirlər. Bir çoxları namazın əsl qayəsinin namazın xaricində də birlik və bütünlüyü qorumaq olduğunu unudur; ölkələrin, xalqların, toplumların bu birliyin sayəsində bölünməkdən və parçalanmaqdan xilas olduğunun fərqinə varmadan əyilib qalxmaqdadırlar. Qurani-Kərimdə əbəs yerə bu ifadə işlədilməmişdir: “Vay o namaz qılanların halına. Onlar ki, öz qıldıqları namazdan qafildirlər (namazlarına səhlənkar yanaşar, namazın qayəsini anlamazlar)”. (əl-Maun, 4-5)

               Barışın və sülhün tərənnümçüsü İslamın mənsubları olan biz müsəlmanlar nəinki küsülü qalmamalı, həm də bir-birindən küsüb ayrılan din qardaşlarımızın arasını düzəltməli, onlara düzgün nəsihət etməli olduğumuzu unutmamalıyıq.

      • Hits: 36 clicks

      Tecox component by www.teglo.info