Akif HÜSEYNOV- Gənc kimi aşiq olmadan

      Share

      Bir dostum var, illər öncə bir yerdə işləmişdik. O zamanlar onun nişanlı vaxtları idi.

       Hər həftəsonu bir bəhanə ilə gedər, nişanlısı ilə görüşmək qismət olar ümidi ilə kəndlərinə yollanar, amma qismət olmaz, kor-peşman işə geri qayıdardı. Bir haşiyə çıxaq, həmin zamanlarda mobil telefon yeni çıxmışdı və imkanlar məhdud idi deyə, məktub qədər olmasa da, qısa mesajlarla sevgililər bir-biri ilə yazışar, üzünə həsrət qalsa da, yazı ilə həsrətlərini bölüşərdilər. “O zamanlar” çox uzaq olmasa da, indiki kimi deyildi; səmimi sevgilər var idi. Dostum hər həftəsonu olduğu kimi, yenə də öz rayonuna yollandı. Sonrakı həftənin bazar ertəsi günü iş yerində yenidən görüşdüyümüz zaman heç unutmayacağım bir söz dedi. Mənə o qədər təsir etdi ki, hələ də onu xatırlayanda Allaha olan sevgimi sorğulayaraq öz-özümə utanıram.

      Dostum öz kəndlərindən kənar olan bir yerdən nişanlanmışdı. Hər dəfə getdiyindən fərqli olaraq bu dəfə, istisna olsa da, bir-birinə olan həsrəti son bulmuşdu. Belə ki, nişanlısı mesaj yazmışdı ki, “məni görmək istəyirsənsə, tez gəl, həyətdə heç kəs olmayacaq; hər kəs yatıb, bir-birimizi görək və beş-on dəqiqə söhbət edək”. Amma mesaj gecə yarısı gəlmişdi. Dostum qaranlıq, – o vaxtlar elektriklər tez-tez kəsilərdi – soyuq, yağış, palçıq demədən yatağından qalxıb o qədər məsafəni piyada gedərək beş dəqiqəlik görüşə nail olmuş, söhbət edib geri qayıtmış və yuxusunu da almadan işə gəlmişdi. Məni görəndə dedi ki: “Əslində biz Allahı sevmirik, əgər sevsəydik, uzaqlara getməyə ehtiyac qalmadan yatağımızdan qalxar, dəstəmaz alaraq iki rükət namaz qılar və Allaha olan həsrətimizi aradan qaldırar, onun hüzuruna gedərdik. Mən bu gecə fani bir sevgilini beş dəqiqəlik görmək və səsini eşitmək üçün kilometrlərlə yolu qət elədim, geri qayıdanda birdən bu fikir ağlıma gəldi, Allah qarşısında utandım”. Dostum bu sözləri dolu-dolu gözlərlə danışmışdı. Hələ indi də o sözlərin təsiri altındayam. Amma nəfsimiz imkan vermir ki, hüzuruna Allaha həqiqi mənada həsrət qalaraq, sevgiliyə qovuşma duyğusu ilə, ehsan şüuru ilə çıxaq.

      Bir Cibril hədisində Peyğəmbərimizin (s.ə.s) buyurduğu kimi: “Ehsan, Allahı görürmüş kimi ibadət etməyindir. Hər nə qədər sən Onu görməsən də, şübhəsiz, O səni görməkdədir”.

      Bizə şah damarımızdan da yaxın olan və bizi bağışlamaq üçün bəhanələr axtaran, son nəfəsimizə qədər qafillik edib günahkar olsaq da, tövbə qapısını açıq saxlayan, arada başqa bir vasitəçiyə ehtiyac qoymadan daim qapısını açıq tutan Rəbbimiz bizi heç vaxt unutmur...

      • Hits: 80 clicks

      Tecox component by www.teglo.info