Aqil ƏLİYEV- GƏNCLƏRƏ NƏSİHƏTLƏR

      Share

      Dinimizdə  nəsihətin çox mühüm bir yeri vardır. Nəsihət bir şəxs haqqında hüsn-zənn bəsləmək, ona qarşı mərhəmətli olmaq, xoş qarşılanmayan, nalayiq hərəkətlər etməsinə göz yummamaqdır.

       Uca kitabımızda bəzi peyğəmbərlərin nəsihətlərinə geniş yer verilmiş, İslamın təməl qaydalarından biri də “əmri bil-maruf və nəhyi anil-münkər”, yəni “yaxşını, doğrunu çatdırmaq, pisdən və yanlışdan çəkindirmək”  olmuşdur. Eyni zamanda müsəlmanın müsəlman üzərində haqlarından birinin də məhz ona nəsihət etmək olduğu bildirilmişdir.

      Zaman-zaman hər kəsin nəsihətə ehtiyacı olur. Ancaq  ən çox nəsihətə ehtiyac duyulan gənclər və yeniyetmələrdir. Çünki onlar hələ həyatın eniş-yoxuşunu görməyib və o qədər də təcrübə sahibi ola bilməyiblər. Biz də istədik ki, bu məqaləmizdə həm özümüzə (çünki hələ özümüzü gənc hesab edirik), həm də gənclərimizə peyğəmbərlərdən və saleh insanlardan gələn nəsihətləri çatdıraq. Ümid edirəm ki, inşallah, bu nəsihətlərə diqqətlə qulaq verib tətbiq etməyə çalışarıq.

      Qurani-Kərim başdan sona bir nəsihət kitabıdır. Bu yönü ilə həyatımızın hər bir anını əhatə edən ibrət və nəsihətlərlə dolu bir kitabdır. Burada Hz. Loğmanın öz oğluna və onun timsalında bütün övladlara və gənclərə verdiyi nəsihətlərə də yer verilmişdir. Loğman (ə.s) belə deyirdi: “Övladım! Allaha şərik qoşma! Doğrusu, şirk böyük bir zülmdür”. (Loğman, 13)  Yenə (nəsihətlərinə davam edərək) deyir: “Övladım! Etdiyin hər bir (yaxşı və ya pis) əməl, xardal dənəsi qədər də olsa və bir qayanın içində və ya göylərdə, yaxud yerin dərinliklərində belə olsa, yenə də Allah onu (sənin qarşına) gətirəcəkdir. Həqiqətən, Allah ən incə işləri görüb bilməkdə və hər şeydən xəbərdar olmaqdadır. Övladım! Namazını qıl, yaxşı işləri tövsiyə et, pis işlərdən çəkindirməyə çalış. (Bu mövzuda) başına gələcəklərə də səbir et. Doğrusu, bu kimi işlər səbir tələb edən böyük işlərdir. (İnsanları özündən aşağı görüb) onlardan üz çevirmə və (yolda) gedərkən təkəbbürlü-təkəbbürlü yerimə. Çünki Allah özündənrazı şəxsləri əsla sevməz. Yerişində sadə ol, səsini də alçalt! Unutma ki, səslərin ən çirkini uzunqulağın səsidir”. (Loğman, 16-19)

      Allah Rəsulu (s.ə.s) bir gün bir qrup gənclərə belə səslənmişdi: “Ey sevgili gənclər! Sizdən kimin evlənməyə (maddi olaraq) gücü çatarsa, vaxt itirmədən evlənsin. Çünki evlilik gözü harama baxmaqdan çəkindirən, namus və iffəti daha çox qoruyandır. Evlənməyə gücü çatmayanlar isə oruc tutsun. Çünki oruc o şəxs üçün bir qalxandır”. (Buxari, Savm, 10)

      Əbu Hənifə (r.aleyh) isə belə nəsihət edirdi: “Bunu bil ki, insanlarla yaxşı yola getməsən, onlar sənə düşmən kəsiləcəklər. Ata-anan belə olsalar, səndən xoşları gəlməyəcək. Yad bir insanla yaxşı yola getsən, o, səninlə ata-ana kimi xoşrəftar olar. Sınamadıqca heç kimin dostluğuna güvənmə. Xəsis və səviyyəsiz insanlarla dostluq etmə. Səfehlərlə oturub-durma. Səbirli və dözümlü ol. Gözəl əxlaqlı, geniş ürəkli, dərya könüllü ol. Paltarın daim təmiz, miniyin varsa, daim saz vəziyyətdə olsun. İnsanlara ikram etməkdə comərd ol, çünki xəsislər başa keçib rəhbər ola bilməz. Bir fitnə-fəsad eşitdiyin zaman onu düzəltməyə çalış. Əlindən gəldiyi qədər insanlara sevgi və təbəssümlə yanaş. Əvvəlcə elm əldə et, sonra halal ruzi və pul qazanıb evlən”.

      İmam Qəzali (r.aleyh) öz oğlunun timsalında gənclərə belə öyüd verirdi: “Ey oğul! Allah-Təalanın qulundan üz çevirməsinin əlaməti, onun özünə heç bir dəxli olmayan boş işlərlə məşğul olmasıdır. Əgər bir insanın ömrünün bir saatı yaradılmasının qayəsi olan Allahın rizasının xaricində keçərsə, o şəxs bu saatı üçün uzun müddət həsrət və peşmançılıq çəkəcəkdir.  Nəsihət asandır. Çətin olan onu qəbul edib yerinə yetirməkdir. Nəsihət nəfsin pis arzu və istəklərinə uyaraq onlardan həzz alanlar üçün acıdır. Çünki qadağan edilən haram işlər onların nəfslərinə və ürəklərinə xoş gəlmişdir. Bu hal, xüsusilə də özünü üstün görmək, şan-şöhrət və dünyalıq əldə etmək istəyən tələbələrdə daha çox görülür. Onlar əməlsiz elmin qurtuluşlarına yetəcəyinə, əmələ ehtiyac olmayacağına inanan qafillərdir”.

      • Hits: 112 clicks

      Tecox component by www.teglo.info