Rövşən QƏNİYEV- Problem varsa, həlli də var!

      Share

      Bir insanın gəncliyini harada, necə  keçirməsi gələcəyinə, ümumilikdə həyatına böyük ölçüdə təsir edir. Demək olar ki, insanın həyatı gəncliyində dizayn olunub formalaşır.

       Bir millətin, bir dövlətin mövcudluğu və inkişafı sağlam düşüncəli, bilikli, milli-mənəvi, əxlaqi dəyərlərə sahib gənclərdən asılı olduğuna görə, onların yetişdirilməsi, düzgün istiqamətləndirilməsi və gələcəyə hazırlanması vacib məsələlərdəndir. Bu gün ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasəti gənclərin müxtəlif sahələrdə mövcud problemlərinin həllinə, onların inkişafına, beynəlxalq arenada təmsil olunmalarına və s. birmənalı müsbət təsir göstərir. Lakin bəşər tarixi göstərir ki, gənclərin hər zaman problemləri olub, hazırda da var və gələcəkdə də olacaqdır. Bu gün üçün gəncimizin hansı problemləri var? Bu problemləri: şəxsi (ailədə olan problemlər, sevgi məsələləri və s.), təhsil, iş və karyerada olan, bir də ki, ictimai-siyasi fəaliyyətdə qarşılaşılan problemlər olaraq ümumiləşdirə bilərik. Bəs gənclər bu problemlərin öhdəsindən necə gəlməlidir?

      Şəxsi problemlərin çözümü üçün ilk növbədə onun səbəbləri dəqiq müəyyən edilməlidir. “Valideynlərim məni başa düşmür” deməklə məsələ həll olunmur. Gənc də öz növbəsində valideynlərini başa düşməyə çalışmalıdır. Ümumiyyətlə, nəsillər arasındakı qarşıdurmanın həlli dəyərlər sistemindən keçir. O dəyərlər sistemi ki, fundamental əsasları olmalıdır və kodeks yaratmalı, bütün zamanlarda aktuallığını itirməməlidir. Gənclər belə bir dəyərlər sistemini mənimsəməli və digərləri ilə kommunikasiyanı bu konteksdə qurmalıdır. Təbii ki, empatiya burada əsas rolu oynamalıdır.

      Sevgi münasibətlərində isə realist olmalıyıq. Əgər problemin səbəbi bilavasitə sizlikdirsə (xasiyyət, davranış və s.) və bunların dəyişdirilməsi sizin dəyərlər sisteminizə tərs düşmürsə, dəyişdirməyə çalışmalısınız. Əgər həll edilməyəcək problemlərdirsə, onda özünüzü və qarşı tərəfi incitmədən köklü dəyişiklik etməlisiniz! Bu sahədə yaşanan problemin insan həyatında ciddi təsirlərinin olduğunu nəzərə alaraq, güvəndiyiniz yetkin insanlardan məsləhət almaq pis olmazdı. Əsas odur ki, əlinizdən gələni edin, sonra vicdan əzabı çəkməyəsiniz. 

      Keçək ikinci - təhsil, iş və karyera problemlərinə. Əgər birinci kateqoriyadakı problemlər əsasən psixoloji vəziyyətlə bağlı idisə, burada üstünlük sosial amillərə keçir və bu problemlər daha köklüdür. Gənclərimizin əksəriyyəti məktəbdəki tədris proqramını lazımi səviyyədə mənimsəmir. Yuxarı siniflərdə 1-2 il hansısa kursa və ya fərdi repititor yanına gedib müəyyən şeyləri əzbərləyir və universitetə daxil olur. Bu gün, təəssüf ki, cəmiyyətimizdə ali məktəbə qəbul olunmaq qohum-əqrəba, dost-tanış arasında hörmət, nüfuz kimi qəbul edilir. Amma kifayət qədər diplomlu işsizlərimizi nəzərə alsaq, anlayarıq ki, bu “nüfuz” sabun köpüyü kimidir, içi boşdur. Bu boşluq doldurulmasa, gələcəkdə iş və karyera problemləri yaradacaqdır.

      Gənc, sözün əsl mənasında, tələbəliyin haqqını verməlidir. Seçdiyi ixtisası bütün mümkün imkanlardan maksimum faydalanmaqla kamil öyrənməli, xarici dil məsələsini həll etməlidir. Xarici dil ona gələcəkdə iş imkanları yaradacağı kimi, eləcə də öz ixtisasına aid xarici ədəbiyyatları oxumağa şərait yaradacaqdır. Yəni onun ixtisas bilikləri yalnız mühazirələrdə deyilənlərdən ibarət olmayacaq. Savadlı kadrlara həmişə və hər yerdə ehtiyac var və olacaqdır. Məzun olan kimi arzu elədiyiniz bir iş və ya vəzifə əldə etməyə bilərsiniz. Bu sizi əsla ruh düşkünlüyünə sövq etməməlidir. Əzm, səbir və təmkinlə öz üzərinizdə çalışmalı və təcrübə toplamalısınız. Nəticədə istədiyinizi əldə etməyiniz imkansız deyil. Yeri gəlmişkən, “Hara iş üçün müraciət edirsən, təcrübə istəyir. Gərək işləyəsən ki, təcrübən olsun” deyirsiniz. Düzdür! Ona görə də bir yerdən başlamaq lazımdır. Təcrübə tələb olunursa, onu qazanmaq lazımdır. Bunun üçün qurumların təcrübə, yaxud könüllülük proqramlarına qoşulmaq olar. Nərdivanı pillə-pillə qalxmaq lazımdır. Üç pillə birdən qalxmaq istəsəniz, yıxılma ehtimalınız daha çox olar.

      İnkişaf etmiş ölkələrdə, o cümlədən Azərbaycanda da  gənclərin fiziki, əqli və mənəvi inkişafına şərait yaratmaq, onların imkan və bacarıqlarının reallaşdırılmasına, sosial problemlərinin həllinə və hüquqlarının müdafiəsinin təmin olunmasına kömək məqsədilə qanunlar və proqramlar qəbul edilir. Bütün bunlar gənclərin əsl vətəndaş kimi yetişməsinə xidmət edir. Gənclərin də ictimai-siyasi fəaliyyəti və aktivliyi vətəndaş mövqeyinə əsaslanmalıdır. Onlar vətəndaş kimi öz hüquq və vəzifələrini bilməli və qanuni maraqlarını qanuni yollarla qorumağı bacarmalıdırlar. Gənc vətəndaş öz istək və tələblərinin ödənilməsini, problem və qayğılarının həllini qanunlar çərçivəsində, dövlətçiliyə xələl gətirmədən istəməli, öz təkliflərini irəli sürməlidir. Belə olarsa, bu sahədə hər hansı bir problemləri qalmaz və hətta ölkənin gələcəyinin dizayn olunmasında yaxından iştirak edərlər. Yoxsa kənar dairələrin təsiri altında, onların maraqlarının həyata keçirilməsinə qulluq edən bir gəncin nə millətinə, nə dövlətinə, nə də ki, özünə bir faydası olar.

      • Hits: 201 clicks

      Tecox component by www.teglo.info