Osman Nuri TOPBAŞ- HAQQ DOSTLARINDAN HİKMƏTLƏR; Abdulqadir Gilani q.s -2-

      Share

      Abdulqadir Gilani həzrətləri buyurur:

      “İnsanları irşad etmək sözlə deyil, qəlbdən gələn xalis inam və şövqlə mümkündür. Bütün bunlar xəlvət, ibadət, zikr, riyazət və müraqibə ilə əldə olunacaq nəticələrdir. Yoxsa ki, zahirilikdən və göstərişdən başqa bir şey olmayan və əsla ruha nüfuz etməyən bəzi davranışlarla əldə ediləcək nəticə deyil”.

      Nəfs əngəlini aşmadan, bir sıra qəlbi mərhələlər qət edilmədən könülləri irşad xidmətinə əhil olmaq mümkün deyil. Bütün mürşidi-kamillər bu xüsusda çətin imtahandan keçmiş kəslərdir.

      Əziz Mahmud Hüdayi həzrətlərinə qazılıq etdiyi Bursa küçələrində zərli kaftanı ilə ciyər satdırılmışdır.

      Elmdə “günəşlər günəşi” adlanan məşhur alim Xalid Bağdadi həzrətləri Abdullah Dəhləvi həzrətlərinin dərgahında hər şeydən əvvəl dəstəmazxanaları təmizləməklə vəzifələndirilmişdir.

      Yunus Əmrə həzrətləri Tapdıq Əmrə dərgahında hamının ayaq basdığı yerə başını qoymuş, daxili dünyasında baş qaldıran fırtınaları yatırıb nəfsini yerlə-yeksan etdikdən sonra içəri alınmışdır.

      Bəhaəddin Nəqşbənd həzrətləri uzun illər yaralı və xəstə heyvanlara qulluq etmiş, insanların keçdiyi yolları təmizləmişdir.

      Abdulqadir Gilani həzrətləri də zahiri elmdə kamilləşdikdən sonra nəfs əngəlini aşaraq “heç”liyi əldə edə bilmək üçün uzun müddət Bağdad xarabalıqlarına çəkilmişdir.

      Xülasə, böyük mürşidi-kamillərin hamısı təvazökarlıqla icra etdikləri xidmətləri sayəsində nəfsin mənəm-mənəmlik, şöhrət, qürur, təkəbbür kimi xəstəliklərindən təmizlənərək qəlbləri irşad edəcək mənəvi kamilliyə yüksəlmişlər. Yəni bir növ ayaq altında təmizlik bezi olduqdan sonra tac olub başlarda gəzmişlər.

      Bir sözlə, nəfsani problemlərini həll etmədən və xamlıqdan qurtulmadan kamala çatdığını və beləliklə, könülləri irşad edəcək mənəvi dərəcəyə yüksəldiyini zənn edənlərin işi tamamilə quru təqliddən ibarətdir.

      Bu haqda:

      “Özü möhtaci-himmət bir dədə;

      Harda qaldı qeyriyə himmət edə?!” sözü məşhurdur.

      Bu hadisə də qəlbi dərinlikdən məhrum və mənən himmətə möhtac birinin başqalarına himmət etmək iddiasına düşməsindəki qəribəliyi necə də gözəl izah edir:

      Nəcməddin Kübra həzrətləri tələbələri ilə birlikdə əməlisaleh bir adamın cənazəsində iştirak edir. Cənazəyə təlqin oxunarkən Həzrət gülümsəyir. Tələbələri belə bir anda ustadın gülümsəməsinə heyrət edib bunun hikmətini soruşurlar. Ustad əvvəlcə səbəbini açıqlamaq istəmir, lakin çox isrardan sonra belə deyir:

      “Təlqini diri olan ölüyə edər. Halbuki burada təlqin edənin qəlbi qafil, məzara girəninsə qəlbi diridir. Qafil bir adamın diri olana təlqin etməsini təəccüblə qarşıladım”.

      Deməli, quru təqliddən ibarət olan təlqin və təbliğlərin insan ruhuna verə biləcəyi heç nə yoxdur. Halbuki yerinə görə şəkil də mühümdür, lakin onun içini doldurmaq daha mühüm vəzifədir. Çünki içi boş olan, məna dərinliyindən məhrum və ruhsuz təqlidçilik insanı riya və göstərişə sürükləyəcəyi üçün faydadan çox zərərə səbəb olar.

      Bu etibarla Yunus Əmrə həzrətləri mənəvi həyatın özünə deyil, sözünə etibar edən, qəlbdən çox qəlibə əhəmiyyət verən qafillərə belə səslənir:

      Dərvişlik dedikləri xirqə ilə tac deyil,

      Könlün dərviş eyləyən xirqəyə möhtac deyil!

      Dərvişlik olaydı tac ilə xirqə,

      Biz dəxi alardıq otuza qırxa!..

      Xülasə, seyri-süluk yolunda nəfs təzkiyəsindən keçmədən, Quran və Sünnə istiqamətində təqva həyatı yaşamadan, sırf quru-quruya mənəvi kamillik və rəhbərlik iddiası edən riyakarlara əsla etibar etməmək lazımdır.

      Unutmayaq ki, biz dünyaya “ərzi-əndam”[1] üçün deyil, “ərzi-hal”[2] etmək üçün gəldik. Məqam-mövqe və bu kimi imkanlarla qürur, təkəbbür və lovğalıq üçün deyil, “abdi-aciz”[3] olaraq “heç”liyimizin idrakı içində Allaha qulluq etmək üçün gəldik. Qəlbdə ilahi sirr və hikmətlərin təcəlli etməsi də yalnız bu “heçlik” halının dərk edilməsinə bağlıdır.

      Abdulqadir Gilani həzrətləri buyurur:

      “Əvvəlcə öz nəfsinlə məşğul ol, öz nəfsinə faydan toxunsun və onu düzəlt. Sonra başqaları ilə məşğul ol. Başqalarını aydınlatdığı halda özünü əridib yox edən şam kimi olma!”

      Haqq-Təala Rəsulullah r -i nübüvvətindən əvvəl qırx il ilahi tərbiyə altında yetişdirdi. Bu tərbiyədən sonra təbliğ vəzifəsinə başlatdı. Çünki insan daima şəxsiyyət və xarakterə heyran olar, heyran olduğu adama etimad edər. Bir adam haqqında müsbət və ya mənfi rəy verilərkən də şəxsiyyət və xarakteri göz önündə tutular. Sözlərindən çox, hal və hərəkətlərinə etibar edilər.

      Buna görə Rəsulullah r də İslamı təbliğə başlamadan əvvəl öz xarakter və şəxsiyyətinin doğruluğunu, dürüstlüyünü etiraf etdirdi. Səfa təpəsinə çıxaraq qövmünə:

      “Ey Qüreyş xalqı, mən sizə bu dağın ətəyində və ya bu vadidə sizə hücum etməyə hazırlaşan düşmən atlıları var, mallarınızı qəsb edəcəklər desəm, mənə inanarsınızmı?” – deyə səsləndi.

      Onlar heç tərəddüd etmədən:

      “Bəli, inanarıq. Çünki indiyə qədər səni doğru bir adam kimi tanımışıq. Yalan söylədiyini əsla eşitməmişik”, - dedilər.

      Bununla da, səsləndiyi kütləyə sözünə etibar olunan biri olduğunu, xalqın etimadını qazandığını təsdiq etdirdi. Məhz bundan sonra İslamın həqiqətini onlara təbliğ etdi.[4]

      Rəsulullah r -in mənəvi tərbiyəsində yetişən əshabi-kiram da sözdə deyil, özdə səhabə oldular. Onların hal və davranışları daima söylədikləri sözü təsdiq edirdi. İslam əhkamını və əxlaqını şəxsən öz həyatlarında tətbiq edərək sözlə yanaşı, halları ilə də təbliğ edirdilər. Söylədiklərini yaşayır, yaşadıqlarını söyləyirdilər. Həzrət Ömər t-ın:

      “İnandığınız kimi yaşamırsınızsa, yaşadığınız kimi inanmağa başlayarsınız” sözü də o nümunəvi nəslin yaşadığı qəlbi həssaslığın bir təzahürü idi.

      Bu gün də İslamı təbliğ mövqeyi tutanların eyni şəkildə “əl-Əmin” və “əs-Sadiq” olmaları, şəxsiyyət və xarakterlərini təsdiq etdirmələri, yəni cəmiyyətdən xoş xasiyyətnamə almaları zəruridir.

      Allah-Təala belə buyurur:

      “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz (onlara) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız…” (Ali-İmran, 110)

      Yəni təbliğ müsəlmanın həyatında son dərəcə mühüm bir vəzifədir. Lakin bu vəzifəni səhlənkar, süni və qeyri-ciddi yerinə yetirmək “qaş düzəldərkən göz çıxarmaq” qəbilindən, düzəldilməsi mümkün olmayan itkilərə səbəb ola bilər. Bu isə ağır və böyük vəbaldır.

      Digər tərəfdən, bu xəbərdarlıqlar mömini təbliğ vəzifəsindən uzaqlaşdırmamalıdır. Çünki “Bir şeyin tamamı əldə edilə bilmirsə, əldə edilə bilən qismindən də vaz keçmək olmaz” düsturuna görə hər kəsin mütləq gücü nisbətində edə biləcəyi xidmətlər vardır. Yəni “mənim halım, əməlim, elm və irfanım kifayət qədər deyil…” deyərək bir kənara çəkilmək mömini təbliğ vəzifəsindən qurtarmaz. Eynilə: “həccə getdikdən sonra bir daha günaha düşmək olmaz” deyərək həcc ibadətini gəlməsi məchul olan qocalıq çağlarına ertələyənlərin qəribə halı kimi. Halbuki günahlardan uzaq durmaq həccə gedən və ya getməyən, hər möminin gücü nisbətində daima diqqət etməli olduğu qulluq məsuliyyətidir. Təbliğ xidmətinə layiq müsəlman şəxsiyyətinə sahib olmağa çalışmaq da hər möminin əsas vəzifəsidir.

      Burada söyləmək istədiyimiz xüsus haqqı və xeyri tövsiyə edib şərdən və batildən çəkindirmək məcburiyyətində olan hər möminin əvvəlcə öz halını və istiqamətini islah etməsinin zəruriliyidir. Davranışlarında təqva həssaslığı sərgiləməsinin və könül dünyasını əhya etməsinin vacibliyidir.

      Necə ki, Həzrət Ömər t belə buyurmuşdur:

      “Başqalarının ayıbı ilə məşğul olmağı tərk edənə nəfsinin ayıblarını islah etmə halı bəxş olunar”.

      Öz qəlbindəki mənəvi xəstəliklərin fərqində olmayıb başqalarının qəlblərini əhya etmək həvəsinə qapılmaq isə yalnız qəflət və axmaqlığın nişanəsidir. Eynilə Mövlana həzrətlərinin nəql etdiyi bu qissədə olduğu kimi:

      Bir nəfər Hz. İsa u-a yol yoldaşı olur. Birlikdə gedərkən həmin adam bəzi sümüklər görür və Hz. İsaya belə yalvarmağa başlayır:

      “Nə olar, ya İsa, bildiyin ismi-əzəmi mənə də öyrət, bu sümükləri dirildib ayağa qaldırım”. Hz. İsa bu cavabı verir:

      “O, sənin işin deyil. İsmi-əzəmi oxuyub ölünü diriltmək üçün yağışdan daha təmiz nəfəs sahibi, qulluqda mələklərdən daha anlayışlı biri olmaq lazımdır. İsmi-əzəm (haram və şübhəli loğmanın keçmədiyi; yalan, iftira, qeybət və gərəksiz sözlərin çıxmadığı) təmiz bir ağız istər. (Allahı unutduracaq hər şeydən uzaqlaşdıran) Təmiz bir qəlb istər. Yəni elə bir adam olmalıdır ki, nəfsi haramla kirlənmiş olmasın və mələklər kimi üsyan və günahdan pak olsun. Çünki bir adamın nəfsi pak olmadan duası qəbul edilməz…

      Fərz edək ki, Hz. Musanın əsası əlindədir. Musadakı güc-qüvvət səndə varmı ki, onu əjdahaya çevirə biləsən?! Eynilə bunun kimi, səndə İsanın nəfəsi olmadıqdan sonra ismi-əzəmi oxumağın nə faydası olar?!”

      Lakin o qafil adam yenə də israrla:

      “Ey İsa, bu istedad məndə yoxdursa, heç olmasa sən o sümüklərə oxu”, - deyir. Hz. İsa o axmağın sözlərinə təəccüblə:

      “Ya Rəbb, bu sirrin hikməti nədir? Bu axmaq adam nə üçün bu qədər israr edir? Öz qəlbi ölüdür, amma başqasının cəsədini diriltməyə çalışır. Halbuki onun işi hər şeydən əvvəl ölü qəlbini diriltmək üçün dua etməkdir. Bunu etmək yerinə başqalarını diriltməyə çalışır. Bu nə dəhşətli qəflətdir”, - deyərək heyrətini ifadə edir.

      Xülasə, boş bardaqla ikram olmaz. Qəflət yuxusuna dalan biri başqalarını oyada bilməz. Əvvəlcə zehni və qəlbi ilahi həqiqətlərlə oyandırmaq, öz hal-hərəkətini nizama salmaq lazımdır ki, başqalarına edilən təbliğ və təlqinlər xeyirlə nəticələnsin.

      Abdulqadir Gilani həzrətləri buyurur:

      “Ey oğul! Dünyalıq yığarkən gecə odun yığan, lakin əlinə nə gəldiyini bilməyən adam kimi etmə. Əlinə keçən dünyalığın halal, yoxsa haram; məşru, yoxsa qeyri-məşru olduğuna diqqət et. Bütün əməllərində tövhid və təqva günəşi ilə bərabər ol!”

      Qafil insan halal-haram demədən, əldə etdiyi hər şeyi kar zənn edər. Halbuki mömin üçün halaldan qazanılan bir quruş, haramdan gələcək milyonlardan daha qiymətlidir. Mömin üçün hesabını asanlıqla verə biləcəyi mal xeyirlidir. Hesabını verməyib əzabını çəkəcəyi haram mal isə tamamilə başa bəladır. Bu səbəblə, haram yolla dünyalıq əldə etməyə çalışanların qəlbləri kordur. Bu haqda Ömər bin Əbdüləziz g buyurur:

      “Haramlar bir atəşdir. Ona yalnız qəlbi ölü olanlar uzanar. Əgər əl uzadanlar diri olsaydı, o atəşin acısını mütləq hiss edərdilər”.

      Qəlbini dünya ehtirası əsir alan qafillər haqq ilə batil, halalla haram, doğru ilə yanlış ölçülərini tanımazlar. Mövlana həzrətləri dünya ehtirası ilə qəlb gözünün kor olmasının insanı heyvanlardan da aşağı dərəcəyə düşürdüyünü ifadə etmək üçün belə buyurur:

      “Köpək belə önünə atılan sümüyü və ya çörəyi iyləmədən yemir”.

      Yəni gözünü hərislik bürüyən insanda bir köpəyin nəyi yeyib, nəyi içməli olduğunu götür-qoy etməsi qədər diqqət və həssaslıq müşahidə edilməz. Dünya qarşısında halal-harama riayət etməmək bu qədər dəhşətli alçalış və fəlakətdir.

      Digər tərəfdən, nəfs və şeytan qəlbi zəif olanları haqq cildinə girərək aldatmağa çalışır. Məsələn:

      “Sən çox qazanmalısan ki, çoxlu sədəqə verə biləsən”, - kimi təlqinlər edir. Bu vəsvəsəyə məruz qalan insan da nəfsinə xoş gələn sözləri bir növ dini duyğularla mənimsəyərək özünə görə müəyyən bəhanələr uydurur:

      “Mən çox qazanıb daha çox xeyir işlər görəcəyəm”, - deyir. “Vəziyyəti ağır olan müsəlmanlara infaq etmək üçün çox qazanmalıyam”, - deyir. “Yer üzündəki müsəlmanların pərişan halını görmürsənmi? Biz də müsəlmanları istismar edənlər kimi güclü olmalıyıq ki, onların öhdəsindən gələ bilək…” – deyir. Daha sonra: “Nə etmək olar, şərtlər bunu tələb edir”, - deyərək şəriətin qoyduğu ölçülərə riayət etməməyə başlayır. Faizə, möhtəkirliyə, hiyləyə əl atır, Allahın razı olmadığı, İslamın xoş görmədiyi yollara baş vurur. Ehtirasa qapılaraq haqqı olmayan şeylərə əl uzadır. Səhvlərini xatırladıb xəbərdarlıq edənlərə qarşı özünü müdafiə etmək üçünsə:

      “Mən ticarətim sayəsində bu qədər adama çörək verirəm”, - deyir. Halbuki şəxsi mənfəəti olmasa, möhtac birinə çörək verəcək deyil.

      “Mən bu işi görməsəm, yanımda işləyən bu qədər adam ac qalar”, - deyir. Beləliklə, özünə də ruzi verənin Allah olduğunu unudur. Səhvlərinə don geydirə-geydirə, nəhayət, qayəsinə qeyri-şəri yollarla çatmağı mübah görməyə başlayır.

      Halbuki Allah-Təalanın “mütləq çox qazanmalısan”, - deyə bir əmri yoxdur. Rəbbimiz halal və şəri yoldan qazanıb imkanımız nisbətində infaq etməmizi istəyir. Xeyir və həsənatın da onların miqdarında deyil, infaq edilərkən sərgilənən fədakarlıq səviyyəsinə bağlı olduğunu bildirir.

      Bir gün Rəsulullah r:

      “Bir dirhəm yüz min dirhəmi keçmişdir”, - buyurdu.

      Əshabi-kiram:

      “Bu necə mümkündür, ey Allahın Rəsulu?” – deyə soruşduqda Peyğəmbərimiz r bu cavabı verdi:

      “Bir nəfərin iki dirhəmi vardı, onlardan ən yaxşısını sədəqə verdi. (Yəni malının yarısını sədəqə verdi.) Digəri (isə xeyli zəngin idi), o da malının yanına getdi, malından yüz min dirhəm çıxardı və onu sədəqə verdi”. (Nəsai, Zəkat, 49)

      Deməli, edilən xeyirin miqdarından daha çox hansı fədakarlıq səviyyəsində edildiyi mühümdür. Məsələn, Yərmuk hərbində can verərkən susuzluqdan inildəyən səhabələrin digər din qardaşlarını özlərinə tərcih etdikləri üçün susuz halda son nəfəslərini verərkən isar etdikləri bir qab su, bəlkə də, fəzilət baxımından bir çoxlarının dağ boyda infaqını geridə qoymuşdur.

      Çünki Allahın nəzərində əməllərin qiyməti onların miqdarına deyil, hansı qəlbi hisslərlə ifa edildiyinə bağlıdır. Allah-Təala ayeyi-kərimədə belə buyurur:

      اَلَّذ۪ى خَلَقَ الْمَوْتَ وَالْحَيٰوةَ لِيَبْلُوَكُمْ اَيُّكُمْ اَحْسَنُ عَمَلًا

      “Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur...” (əl-Mülk, 2)

      Diqqət edək ki, Allah-Təala bu ayədə “اَكْثَرُ عَمَلًا” deyil, “اَحْسَنُ عَمَلًا” buyurur. Yəni Allah qatında “çox əməl”in yox, “ixlasla edilən saleh əməl”in mühüm olduğu xəbər verilir.

      Bir sözlə, müsəlman məişətini təmin edərkən, ticarət kimi bir sıra fəaliyyətlərlə məşğul olarkən daima halal-haram sərhədinə riayət edib özü üçün təqdir edilənə riza və qənaət göstərmək məcburiyyətindədir. Mütləq daha artığını əldə etməliyəm deyərək ilahi ölçülərin hüdudundan kənara çıxmaqdan çəkinməlidir.

      Bizə örnək nəsil kimi təqdim edilən səhabə nəsli bu xüsusda həddən artıq həssas idi. Xanım səhabələr səhər ərlərini yola salarkən:

      “Allahdan qorx, əsla evimizə haram loğma gətirmə! Biz dünyada aclığa dözə bilərik, amma axirətdə cəhənnəm əzabına dözə bilmərik…” deyə nəsihət edərdilər.[5]

      Yəni qayələri haram və şübhəlilərə bulaşmamış, halal və təmiz qazanc əldə etmək idi. Belə olandan sonra əldə etdikləri ruzinin az-çox olmasını dərd etməzdilər.

      Allah-Təala hiss və fikirlərimizi, hal və davranışlarımızı daima rizası ilə birləşdirsin. Razı olduğu hüdudlar çərçivəsində qulluq həyatı yaşaya bilməyi hamımıza nəsib etsin.

      Amin!..

       


      [1] Özünü göstərmək

      [2] Halını göstərmək

      [3] Aciz bəndə

      [4] Bax. Buxari, Təfsir, 26; Müslim, İman, 348-355; Əhməd, I, 281-307; İbn Sad, I, 74, 200...

      [5] Bax. Abdulhamid Keşk, Fi Rihabit-Təfsir, I, 26.

       

      • Hits: 99 clicks

      Tecox component by www.teglo.info