Quran Ədaləti / Mehman İsmayılov

      Share

      Ədalət ərəbcə dürüstlük, doğruluq, bərabərlik, orta yolda olmaq və s. mənalara gəlir.  

      Termin olaraq ədalət hər kəsə verilməsi lazım olanı vermək, yəni hər kəsin haqqına riayət etmək deməkdir. İmam Şafii ədaləti belə tərif edir: “Ədalət Allaha (onun qanunlarına) uyğun hərəkət etməkdir”.  

      Sokratın tələbəsi olan Platona görə dörd əsas fəzilət (üstünlük) vardır ki, bunlar bilgəlik, igidlik (cəsarət), mötədillik və ədalətdir. Bunların içərisində ədalət ən yüksək fəzilət hesab olunur.

      İslam mütəfəkkirləri arasında ədalət məfhumunu olduqca geniş şəkildə incələyən İbn Miskəveyhə görə ictimai münasibətlərdəki  tarazlığın, yaxut ədalət və bərabərliyin təmin olunmasında əsas təməl din, əsas vasitələr isə Aristotelin dediyi kimi “danışan qanun” olan hakim və “səssiz qanun” adlandırılan puldur. Pulun bu xüsusiyyəti ticarət kimi məsələlərdə insanlar arasında bərabərlik və ədaləti təmin etməsindən qaynaqlanır. Ən böyük qanun (namusul-əkbər), bütün qanunların öncüsü (qudvə) Allahın qanunu, ikincisi hakim, üçüncüsü isə puldur. Cəmiyyətin bütün fərdləri və təbəqələri arasında tarazlıq və  sosial ədalət bu qanunlar sayəsində nizamlanır.

      Quranı Kərimdə və hədislərdə ədalət “nizam, tarazlıq, bərabərlik, həqiqətə uyğun hökm vermək, doğru yolu izləmək, təqvalı olmaq, dürüstlük, bitərəf olmaq və s.” mənalarda işlədilmişdir.

      İslami  prinsiplərdə ədalətin yerini göstərmək üçün sadəcə bu ayəyə nəzər salmaq kifayətdir:

      Şübhəsiz Allah ədaləti əmr edər” (Nəhl, 16/90).

      Quranın ictihadi və hüquqi hökmləri hər sahədə və hər kəsə, hətta düşmənlərə qarşı ədalətli olmağı əmr edir

      Şəxsi mənfəətin təmini, qohumluq, düşmənçilik, tərəflərdən birinin zəngin və ya kasıb olması, yenə bu kimi səbəblər hər hansı bir insanın haqqına riayətsizliyə səbəb ola bilməz.

      Ayədə belə buyurulur:

      Ey iman gətirənlər! Allah qarşısında (borcunuzu yerinə yetirməkdə) sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır!” (Maidə, 5/8).

      Bir millətin ayaqda durması ədaləti bərqərar etməklə mümkündür. Zülmün, haqsızlığın və insan haqlarına təcavüzün artdığı bir cəmiyyətin gec-tez məhvi labüddür. Ədalətin yerini zülmün aldığı heç bir cəmiyyət irəli getməmişdir. Quran bu mövzuda belə deyir:

      Həqiqətən Rəbbin xalqı xəbərsiz olduğu halda haqsızlıqla ölkələri həlak etməyəcəkdir” (Ənam, 6/131).

       “Məmləkətlərin əhalisi əməlisaleh olduğu ikən Rəbbin onları haqsız yerə məhv etməz! (Hud, 11/117).

      Cəmiyyət sevgi ilə qaynaşar, ədalətlə ayaqda durar. Cəmiyyətin bütün təbəqələrini qucaqlayan  ədalət anlayışı fərdlərin bir-biri ilə qaynaşmasına gətirib çıxarar. Haqsızlıq və ədalətsizlik isə hüzursuzluğa yol açar. Quranda ədalətsiz insan ilə ədalətli insan bir zərbi-məsəl verilərək müqayisə edilmişdir.  Ədalətsiz olan insan dilsiz, heç bir şey bacarmayan və heç bir şeyə yaramayan bir köləyə bənzədilmişdir. Belə bir insanın, doğru yolda irəliləyərək ədalət vəsfıni qazanan insanla bir tutulmayacağı bildirilmişdir. (Nəhl, 16/76).

      İslamın ədalət anlayışı mücərrəd deyildir. Əksinə, İslam ədaləti həyatın içindən alınmışdır. İslam dini bütün insanları bir ailə olaraq gördüyü üçün dövlət başçısı ilə hər hansı bir sıravi vətəndaş arasında fərq qoymaz. Hamıya layiq olduğu şəkildə davranar. Hz. Peyğəmbər bir hədisində Allaha and içərək qızı Fatimə belə oğruluq etsə onun əlini kəsəcəyini buyurmuşdur.

      Qanunlar qarşısında ədalətli olmağın əsas şərti bərabərlik prinsipidir. Qanun qanundursa hamıya eyni şəkildə tətbiq olunmalıdır. Qaradəriliyə ayrı, ağlara ayrı; zənginlərə ayrı, kasıblara ayrı qanun tətbiq edilməz. Başqa cür desək bir qanunun tətbiqində tərəfsizlik şərtdir. Quranda bu haqda belə buyurulur:

      “İnsanlar arasında hökm verərkən ədalətlə hökm verin” (Nisa, 4/58 ).

      “Ey iman gətirənlər! (Şahidliyiniz) sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışan Allah şahidi olun! (Əleyhinə şahidlik edəcəyiniz şəxs) istər dövlətli, istər kasıb olsun, hər halda Allah onların hər ikisinə (sizdən) daha yaxındır. Nəfsinizin istəyinə uyub haqdan üz çevirməyin…” (Nisə, 4/135).

      Qurana görə ədalət yalnız müsəlmanlara şamil olunmur. Müsəlman olmayanlar  ədalətdən istisna deyildir.

       “Diqqət edin! Kim zimmiyə ( müsləmanlar arasında yaşayan qeyri-müslimə) zülm edərsə, yaxud ona gücü nisbətində olmayan bir şey yüklərsə, onu ələ salar və  yaxud da onun razılığı  olmadan ondan bir şey alarsa, mən onun (müsəlmanın) qiyamətdə düşməniyəm”.

      Hz. Peyğəmbər mənsub olduğu cəmiyyətdəki haqsızlıqları və zülmü görmüş və buna görə də hamının qəbul edəcəyi ədalət ölçüsünə dayanan bir nizam qurmağı özünə hədəf seçmişdir. O, cəmiyyətdəki problemləri məhz bu aspektdən yanaşaraq həll etməyə səy etmişdir.

       

      • Hits: 726 clicks

      Tecox component by www.teglo.info