Şirəli MƏMMƏDOV- XƏBƏR

      Share

      Azərbaycan XİN-dən Qüdsün İsrailin paytaxtı kimi tanınmasına münasibət

      "Azərbaycan İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir. Azərbaycan Şərqi Yerusəlim Fələstin Dövlətinin paytaxtı olmaqla məsələnin iki dövlət əsasında həllinin tərəfdarıdır". Bunu noyabrın 6-da ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması ilə bağlı KİV-in sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

      "Biz cəlb olunmuş bütün tərəfləri məsələ ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə riayət etməyə çağırırıq", - deyə o qeyd edib.

       

      Hərbi hissədə “Gənclərin tərbiyəsində İslamın rolu” mövzusunda tədbir keçirilib

      Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında 2017-ci il üçün birgə tədbirlər planına əsasən cəbhəboyu zonada yerləşən hərbi birlikdə tədbir keçirilib.

      “Gənclərin tərbiyəsində islam dininin rolu” mövzusunda keçirilən görüşdə çıxış edən hərbi hissənin zabiti polkovnik-leytenant Rasim Manafov qonaqları salamlayaraq şəxsi heyətin milli-mənəvi dəyərlər əsasında tərbiyə olunmasında Müdafiə Nazirliyi rəhbərliyinin və DQİDK-nin xidmətlərini xüsusi vurğulayıb. Bu cür tədbirlərin Silahlı Qüvvələrin şəxsi heyətinin qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsində müstəsna rolunu qeyd edən zabit dini radikalizmə qarşı mübarizə tədbirlərinin də yüksək səviyyədə təşkil olunduğunu nəzərə çatdırıb.

      DQİDK-nin sifarişi ilə hazırlanmış “Şəhadət” sənədli filminə kütləvi baxışdan sonra tamaşaçılar film haqqında fikir və təkliflərini bildiriblər.

       

      QMİ Qüdslə bağlı bəyanat yaydı: “YOLVERİLMƏZDİR!”

      Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qüds ətrafında baş verən hadisələrə dair bəyanat yayıb. QMİ mətbuat mərkəzindən yayılan məlumata görə, bəyanatda Qüdsün paytaxt elan edilməsinin yolverilməz olduğu vurğulanır.

      “Səmavi dinlər üçün müqəddəs sayılan və ilk qibləgahımız olan Qüds ətrafında son günlər baş verənlər, təbii ki, hər bir mömin, inanclı insan üçün həssasiyyət kəsb edir.

      Beynəlxalq hüququn işləməməsi, beynəlxalq ictimaiyyətin mövqeyinin  nəzərə alınmaması təhlükəli meyldir. Birmənalı şəkildə bildiririk ki, Qüdsün paytaxt elan edilməsi haqqında təktərəfli qaydada verilmiş qərar yolverilməzdir. Siyasi məqsəd, niyyətlər naminə Qüdslə bağlı qərar verilməsi qeyri-məqbuldur. Bu, nəinki müsəlmanların, qeyri-müsəlmanların da hüquqlarının pozulmasına gətirib çıxara bilər." – deyə bəyanatda qeyd edilib.

       

      Kəbədə şəkil çək(dir)mək qadağan edildi

       Müsəlmanların qibləgahı olan müqəddəs Kəbədə foto və video çəkilişi qadağan edildi. Bu barədə Səudiyyə Ərəbistanı Mətbuat Yayımı və İnformasiya Baş İdarəsi məlumat yayıb.

      "Səudiyyə Ərəbistanı krallığı Xarici İşlər Nazirliyi tərəfindən irəli sürülən və qüvvəyə minən qanuna əsasən Məscidi Haram ilə Məscidi Nəbəvidə foto və video çəkilişi qadağan edilib. Bu qaydanı pozanlar qanunla cəzalandırılacaq və onların cihazları müsadirə ediləcək." - deyə bəyanatda bildirilir. 

      Bəyanatda, qadağanın zəvvar qruplarında olan mətbuat nümayəndələrinə də şamil edildiyi, bu qərarın məqsədinin müqəddəs məkanları qorumaq olduğu vurğulanıb.

      Açıqlamada əlaqədar ölkələrdən zəvvar qruplarına bu barədə məlumat verilməsi də tələb edilib.

       

      İlham Əliyev: Azərbaycan Şərqi Qüdsün Fələstinin paytaxtı olmasını dəstəkləyir

      Dekabrın 13-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) hazırkı sədri Türkiyə Respublikasının təşəbbüsü ilə Qüds məsələsinə dair fövqəladə sammit keçirilib. Sammitdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.

      “Qüdslə həmrəylik üçün birlikdə hərəkət” devizi altında keçirilən sammitə 50-dək ölkədən dövlət və hökumət başçıları qatılıb.

      Tədbirdə çıxış edən Azərbaycan prezidenti İlham Əliyev ABŞ-ın beynəlxalq hüquqa zidd qərarlarına görə narahat olduğunu ifadə edib:

      “Bismillahir-Rəhmanir-Rəhim...

      Azərbaycan ardıcıl olaraq Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla iki dövlət prinsipi əsasında həllini dəstəkləyir. Biz hər zaman olduğu kimi, bu gün də Fələstin xalqının yanındayıq..."

      Bundan başqa prezident İlham Əliyev çıxışında Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana göstərdikləri ədalətli dəstəyə görə İƏT-ə, onun üzv dövlətlərinə və dünyadakı müsəlman cəmiyyətlərinə təşəkkürünü bildirib. O qeyd edib ki, Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz.

      "Dünya müsəlmanları bilməlidirlər ki, müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz." - deyə İlham Əliyev vurğulayıb. 

       

      İƏT Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanıyıb

      Dekabrın 6-da ABŞ Prezidenti Donald Tramp Qüdsün İsrail Dövlətinin paytaxtı kimi tanınması və Birləşmiş Ştatların səfirliyinin bu şəhərə köçürülməsi ilə bağlı qərarını açıqlayıb. Bu qərar təkcə müsəlman dövlətlərində deyil, dünyanın əksər ölkələrində ciddi etirazlarla qarşılanıb. Qərardan dərhal sonra İslam Əməkdaşlıq Təşkilatının hazırkı sədri Türkiyə Respublikası bununla əlaqədar İƏT-in fövqəladə sammitinin keçirilməsi təşəbbüsü ilə çıxış edib.

      İslam Əməkdaşlıq Təşkilatının (İƏT) dekabrın 13-də Qüds məsələsi ilə bağlı İstanbulda keçirilən fövqəladə toplantısında yekun Bəyannamə qəbul edilib.

      Toplantıda iştirak edən ölkələrin imzaladığı Bəyannamədə qeyd edilir ki, İƏT Şərqi Qüdsü Fələstinin paytaxtı elan edir, dünya ölkələrini işğal altındakı Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırır: “ABŞ qanunsuz qərarından geri çəkilməzsə, yaşananlara görə məsuliyyət daşıyacaq. ABŞ-ın qərarı Fələstin xalqının hüquqlarının tapdalanmasıdır. Bu ölkə İsrail-Fələstin münaqişəsində vasitəçi rolundan çəkilməlidir.” - deyə bəyannamədə bildirilir.

       

      Bakıda "İslam Həmrəyliyi İli"nin yekunlarına dair konfrans keçirilib

       

      Azərbaycan prezidenti İlham Əliyevin sərəncamına uyğun olaraq elan olunmuş "İslam Həmrəyliyi İli"nin yekunlaşması ilə bağlı Bakıda "2017 — İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq" mövzusunda beynəlxalq konfrans keçirilib.

      Qafqaz Müsəlmanları İdarəsinin Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi ilə birgə təşkil etdiyi tədbirdə 40 ölkənin tanınmış dövlət, din və elm xadimləri bir araya gəldilər. Konfransda  Azərbaycan prezidenti İlham Əliyev də çıxış edib.

      Daha sonra Konfrans işini plenar iclaslar formatında davam etdirdi. Sonda Beynəlxalq Konfrans iştirakçıları dövlət başçılarına, beynəlxalq təşkilatlara və dini liderlərə Müraciət qəbul etdilər. Müraciətdə Konfrans iştirakçılarının son zamanlar Qüds ətrafında cərəyan edən hadisələrlə bağlı, habelə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllinə dair mövqeyi öz əksini tapır.

      • Hits: 287 clicks

      Tecox component by www.teglo.info