Nurlan MƏMMƏDZADƏ- ÖLÜMÜ GÖRDÜM

      Share

      Allah Rəsulu (s.ə.s) bir gün əlinə aldığı çubuqla yerdə bir-birinə paralel xətlər çəkir. Sonra həmin xətləri ortadan bölən başqa bir xətt çəkir. Əshabının maraq dolu baxışları altında belə buyurur: “Bu xətlər insanın həyatdakı arzularıdır, hamısını ortadan kəsənsə onun əcəlidir”. Necə də doğru söylədin, ya Rəsulallah!..

      Ölüm ansızın yaxalayar insan oğlunu. Qəlbində daşıdığı arzular, bitib-tükənməyən istəklər, dünyaya aid sevgilər bir andaca yarıda kəsilər. Gələcəyə dair qurulan bütün planlar yarımçıq qalar. Xəyal edilənlər həqiqət qapısından geri qayıdar. Deyilməmiş fikirlər, ürək sözləri ölənin susqun dodaqlarında daşa dönər. Əcəl sadəcə ölənin deyil, yaxınlarının da arzularını yarımçıq qoyar. Məsələn, bir gün sonra görüşəcəyiniz adama özünüzü çatdırmadan yolçu olar bu həyatdan. Onu görmə arzunuzu əcəl kökündən baltalar. Gələn bir zəng daha bir neçə dəqiqə əvvəl nə isə almağa hazırlaşdığınız adama son vəzifənizi yerinə yetirmək üçün yolunuzun istiqamətini dəyişər. Zira bir az əvvəl paltar almağa hazırlaşdığınız adam dünya libasını əynindən çıxarmışdır, onu öyrənərsiniz. Bir anda bütün libaslar hökmünü itirər, artıq kəfəndən başqası olmaz əyninə. Bəmbəyaz kəfən “Bütün rənglər qarada yox olur” yalanını xatırladar sizə. Əslində bütün rənglərin ağda yox olduğunu gözlərinizlə görərsiniz. Bir daha açılmayacaq göz qapaqları həyatın yuxudan ibarət olduğunu xatırladar sizə, tərpənməyən dodaqlar qəlb qulağınıza hər şeyin fani olduğunu pıçıldayar. Üzərinizə çökən sükut bir anda səssiz çığlıqlarla nəsihət edər. Həyat ağ-qara film lenti kimi keçər gözünüzün önündən. Özünüzü, sevdiklərinizi, itirdiklərinizi görərsiniz sürətlə keçən kadrlarda. Acı-şirin xatirələr yada düşər, bütün ləzzətlər bir anda kökündən kəsilər və sadəcə ölümü dadarsınız… Yeganə gerçəyin ölüm olduğunu hiss edərsiniz bir anda. “İnsanlar yuxudadırlar, öldükləri zaman oyanarlar” hədisi sizi də oyadar qəflət yuxusundan…

      Bir neçə gün əvvəl həyatda ən çox sevdiyim varlıqlardan birini, dünyaya gəlişimə vəsilə olan insanı itirərkən bu duyğuları yaşadım.

      O gün ən yaxşı sirdaşımı itirdim. Bəzən heç kimlə bölüşmək istəmədiyim ən məhrəm duyğularımı açdığım sirr ortağımı itirdim. Ən yaxşı müəllimimi, mənə həyatı öyrədən adamı itirdim. Yoxsula mərhəməti, haqsızlıq qarşısında susmamağı, məzluma yardım etməyi, zəifi incitməməyi, yıxılana əl uzatmağı öyrədən insanı itirdim. Mənə yaşadığım duyğuları qələmə mürəkkəb edib yazmağı öyrədən adamı itirdim o gün. Ən vacibi isə qızlarıma yaxşı ata olmağı öyrədən müəllimimi itirdim.    

      Heç bir kəlmə kəsmədən anlaşa bildiyim dəyərli dostumu itirdim o gün. Bizi yanına çağırıb “Bundan sonra üç qardaşıq”, - deyən böyük qardaşımızı itirdik. Bəzən birlikdə olarkən on-on beş dəqiqəlik sükut məclisi ilə bir saatlıq dərsdən daha artığını öyrədən insanı, bəzən həmin sükutla dünyanın ən böyük təsəllisini, bəzənsə ümidini verən həmdəmimi itirdim.  Duyğularımın ən gözəl oxucusunu, sözlərimin tərcümanını itirdim.

      Onunla birlikdə uzaq səfərə çıxmağı çox sevirdim. Tanıyanlar şahidlik edər, çox yaxşı yol yoldaşı idi. İlk İstanbul səyahətimiz də birlikdə olmuşdu. Bir səhər Üsküdardan boğazı seyr edərkən çox sevdiyi İstanbula şeir də yazmışdı:

      İki qitə arasında

      Qalan millət nə haldadır?

      Qərbmi üstün, yoxsa Şərqmi?

      Soran millət nə haldadır?

       

      İki həyat yaşam tərzi

      Günlər qayçı, zaman dərzi.

      İmanıyla qoca ərzi

      Alan millət nə haldadır?!...

      Bəzən könül söhbətlərinə, irfan məclislərinə də birlikdə gedərdik. Eyni bulağın suyundan içmişdik çünki. Möhtərəm könül insanı Abdullah abi nə zaman bizi birlikdə görsə: “Sizi görəndə İbrahimlə İsmayıl (ə.s) yadıma düşür. Bu yolda siz də onlar kimi, ata-oğul bərabərsiniz”, - deyərdi. Elədir, biz eyni duyğularla sevinib, eyni hisslərlə kədərlənən adamlardıq. O gün də sevinc və kədəri birlikdə yaşadıq sanki. Bir-birimizdən ayrılmağın kədəri Allaha qovuşmasının sevincinə qarışmışdı bir anda. Üzündəki ifadə, vücudunun rəngi və onu yuyarkən bizə su daşıyan rəhmət yağışları bir anda təsəlli seli olub qəlbimə doldu. Getdiyi yerin yaşadığı dünyadan daha yaxşı olacağına inandım qəflətən. Üstümüzə yağan narın yağış Allah Rəsulunun bu duasını saldı yadıma: “Ey Allahım, məni xətalarımdan elə təmizlə ki, kirdən paklanan bəyaz libas kimi olum. Allahım, xətalarımı su, qar və dolu ilə yu!”

      Nədənsə o gün baş verənləri qeyri-ixtiyari olaraq ancaq hüsnü-zənn pəncərəsindən müşahidə edə bildim. Allah-Təala qüdsi hədisdə qulunun ona qarşı zənninə görə rəftar edəcəyini bildirir. Əminəm ki, özünü Rəhman və Rəhim sifətləri ilə tanıdan Rəbbim bizi hüsnü-zənnimizdə üzüqara çıxarmaz. Bu yazını oxuyan hər kəs hüsnü-zənnimə şahid olsun. Ata, Haqqa gedişin mübarək olsun!

      Ruhu üçün bir Fatihə ərməğanımız olsun…

      • Hits: 423 clicks

      Tecox component by www.teglo.info