Nə Üçün Oxumaliyiq ? / Fuad Quliyev

      Share

      Uca Allah Qurani Kərimdə Peyğəmbərimizə Rəbbim elmimi artır (Taha 20/114) deyə dua etməsini tövsiyə edir. Mikroaləmdən makroaləmə qədər bütün varlıqların həqiqəti,

       ətrafımızda cərəyan edən hadisələrin sirri, yaradılış məqsədimiz məhz oxumaqla dərk edilir. Dünyaya bilgidən məhrum ancaq eyni zamanda son dərəcə qiymətli nemət sayılan ağıl ilə gələn insan həyatda müəyyən mərhələlər keçdikdən sonra bu nemət vasitəsi ilə dünyanın gedişatında söz sahibi ola biləcək bir səviyyə əldə edər. İnsanın bu qabiliyyətini formalaşdıra bilməsi, ən vacibi isə həm özünün qurtuluş vasitəsi həm də cəmiyyətə faydalı mənbə olmaq üçün Allahdan elminin artırılmasını istəməlidir.

      Çox maraqlıdır ki, ilk nazil olan ayələr - Ələq surəsinin ilk beş ayəsi məhz  oxumaqdan bəhs edir. Ilahi mesajın ilkinin “iqra” yəni “oxu!” əmri olmasının əlbəttə, bir çox hikməti vardır. Burada oxu əmrinin ardından nəyin oxunacağına işarət edən bir heç bir məqam yoxdur. Bunun gizli hikməti məhz müsəlmanların onları daha çox maraqlandıran; istər dini olsun, istərsə də təbiət və digər dünyəvi elmlərin əhatəsinə girən hər şeyi oxuyub öyrənmələridir. Və burada eyni zamanda oxuma və öyrənmənin heç bir sərhəddinin olmadığı mənası da ortaya çıxır.

      Elmi hər zaman özünə hədəf alan və daima öyrəndiklərini həyata keçirməyə çalışan müsəlmanlar xüsusi ilə orta əsrlərdə elə bir zirvəyə yüksəlmişdirlər ki, İslam dünyasında tədqiqatlar aparan alim Frans Raşental bu həqiqəti belə ifadə edir: “Heç bir inanc sistemində İslamda olduğu qədər din-elm uyğunluğu bir birindən ayrılmaz surətdə gərçəkləşməmişdir.”

      Raşentalın bu ifadələri səsləndirməsinə səbəb olan İslam dünyasındakı tablolardan bəzilərini qeyd etmək mümkündür:

      Əndəlüs hökmdarı əl-Hakim, kitab almaq üçün uzaq ölkələrə tacirlər göndərər və məlumatları olmadıqları kitabları Əndəlüsə gətirmələri üçün bu tacirlərə xeyli miqdarda maddi vəsait ayırardı. Bu zehniyyət sayəsində hələ X əsrin əvvəllərində Qurtubada (Kordova) sadəcə kataloqu 44 cild tutan 600 min əl yazma əsərlə dolu kitabxanalar mövcud idi. Hansı ki, Əndəlüsün qonşusu və Avropa mədəniyyətinin beşiyi Fransada Avropanın ən bilikli hökmdarı sayılan Kral V Karlın kitabxanasında cəmi 900 kitab var idi. Bağdadda xəlifə Məmunun qurduğu kitabxanada isə bir milyona yaxın kitab vardı. O dövrlərdə Bağdadda intellektual səviyyədə kitab oxuyanların sayının təxminən şəhər əhalisinin üçdə biri qədər olduğu bilinirdi.

      Harun Rəşid və xəlifə Məmun Bizans imperatoruna zəfər çaldıqda müharibə təzminatı kimi pul və qızıl yerinə qədim əlyazmalar tələb etmişdilər.

      İslam Mədəniyyətində elmə və kitaba bu qədər dəyər verilərkən qərb dünyası kitab yandırma məsələsində bir-biri ilə rəqabət aparırdı. Belə ki, Müsəlmanların Əndəlüsdən çıxarılmasından sonra Kardinalın əmri ilə son dərəcə qiymətli yüz minlərlə kitablar təntənəli bir mərasimlə yandırılmış və bir daha əldə edilməsi mümkün olmayan kitabxanalar yox edilmişdi. Ancaq illər sonra bu vandalizmi elm düşmənçiliyi kimi qiymətləndirən məşhur fransız fiziki Pyer Küri bunları etiraf etmək məcburiyyətində qalmışdı:

      “Əndəlüsdən bizə otuz kitab qaldı, atomu parçalamağa nail olduq. Əgər yandırılan bir milyon kitabın yarısı qalsaydı indi hər halda kosmosda qalaktikalar arasında səyahət edirdik.”   

      Bu kitabxanalar bir anda ortaya çıxmamış, çox böyük əzmin və çalışmanın nəticəsində ərsəyə gəlmişdir. Ancaq təəssüf ki, onların qorunması mümkün olmamış və əcnəbi ünsürlər tərəfindən acımasızca yandırılmışdır. Bu ünsürlərin mədəniyyətimizə bir daha təcavüz etməməsi üçün əlacımız nədir? Və nə etməliyik? Mədəniyyət oğurluğunun qarşısı necə alınmalıdır?

      Bütün bu sualların alternativsiz tək cavabı vardır. OXUMAQ, ..........OXUMAQ

      NƏ ÜÇÜN OXUMALIYIQ ?

      Oxumaq Allahın əmri olduğu üçün oxumalıyıq!

      Məsuliyyətlərimizi bilmək üçün oxumalyıq!

      Bəşəriyyəti monopoliyaya çevirən, haqq-ədalət tanımayan insanların pəncəsindən xilas etmək üçün oxumalıyıq!

      İnsanlara yanlışı və doğrunu göstərmək, atəşdən qurtarmaq üçün oxumalıyıq!

      İnsanlara dinimizin fobiya olmadığını izah etmək üçün oxumalıyıq!

      Yandırılan kitabxanaların əsl sahiblərinin bizlər olduğunu göstərmək üçün oxumalıyıq!

      Oxumalıyıq, çünkü oxumaq məcburiyyətindəyik!!!

       

      • Hits: 705 clicks

      Tecox component by www.teglo.info