Osman Nuri TOPBAŞ- HAQQ DOSTLARINDAN HİKMƏTLƏR; Həzrət Mövlana q.s -10-

      Share

      Mövlana həzrətləri buyurur:

      “Sən heç buğda əkdiyin halda, arpa bitdiyini gördünmü?”

      Axirətdə hamımız bu dünyada etdiklərimizin qarşılığını alacağıq. Bu gün dünya tarlasına nə əksək, sabah axirət günü onu biçəcəyik.

      İman nurundan və könül feyzi ilə yerinə yetirilən ibadətlərdən məhrum şəkildə müxtəlif əyləncə, çılğınlıq, zülm və haqsızlıqlarla, nəfsani yaşayışla keçən qaranlıq dünya gecəsinin işıqlı əbədiyyət səhərinə açılmayacağı bir həqiqətdir. Eynilə dünya həyatının nəfsani əlvanlığı aqibət solğunluğunun, qafil qəhqəhələr də cəhənnəm çatırtılarının xəbərçisidir.

      Əbədi səadət günəşi yalnız ilahi bəyanlar işığında və istiqamət üzrə ömür sürüb rahat vicdan, səlim qəlb və üz ağı ilə axirətə köçə bilənlərin könül üfüqündə doğar.

      Mövlana həzrətləri buyurur:

      “Bir şeyi olmadığı yerdə axtarmaq onu axtarmamaq deməkdir”.

      Dünya axirətin satın alındığı bazar hökmündədir. Lakin bu bazar eyni zamanda bir imtahan sahəsidir. İnsana bu dünyaya göndərilmə qayəsini unutduracaq minlərlə cazibə ilə bəzənmişdir. Beləliklə, bəndə əsas həyatın axirət həyatı olduğunu və dünya bazarında nəyi axtaracağını heç vaxt yaddan çıxarmamalıdır.

      Həmçinin bu imtahan aləmində hər məhsulun ayrı bazarı var. Səadət axtarışında olan bir insan səfalət bazarında dolaşıb nəfsani və şeytani vitrinləri seyr etməkdən çəkinməlidir.

      “Allah möminlərdən canlarını və mallarını onlara veriləcək cənnət müqabilində satın almışdır…” (ət-Tövbə, 111) ayeyi-kəriməsi çərçivəsində bu dünya bazarındakı ən mühüm vəzifəmiz Allahın rizasını necə qazanacağımızı bilməkdir. Bunun da yeganə yolu Qurani-Kərim və Sünneyi-Səniyyənin nurlu iqlimindən keçir. Yalnız bu istiqamətdə irəliləyə bilsək, cənnət və camalullah yolunu aydınladacaq ilahi nura qovuşa bilərik.

      Bunun əksinə, ilahi nura arxa çevirərək nəfsani vəsvəsələrdən, şeytani xəyallardan, bəşərin naqis fəlsəfələrindən və ya təhrif edilmiş dinlərdən mədəd ummaq insanın öz əli ilə özünü acı əzab girdabında həlak etməsidir.

      Əsl həyatın axirət həyatı olduğu həqiqətini görməyən qafil insan qonaq olduğu dünya karvansarayının keçici nemətlərindən dörd əllə yapışmağa çalışar. Var-dövlət kimi fani imkanların onu qoruyub himayə edəcəyini, hətta bu dünyada əbədi qalacağını zənn edər. Bu kimi qəflət çaşqınlarına arif bir zat belə səslənir:

      “Dünyadan əbədilik istəmə! Özündə yoxdur ki, sənə də versin”.

      Mövlana həzrətləri buyurur:

      “Ey bülbül! Nə vaxta kimi qara qış üzündən fəryad edəcəksən? Ey bülbül, durmadan cəfadan bəhs etmək rəvadırmı? Əgər qəlbin həqiqətən yarına bağlıdırsa, gözünü aç, şükür et, vəfadan bəhs et! Tikanı burax, güldən danış! Gülün sap və kökə aid sifətlərindən keç, zatına bax! Nə üçün fani aləmlə bu qədər məşğulsan? Olmaya getmək istədiyin yer ucalardan uca deyil?”

      Mövlana həzrətləri bu ifadələri ilə gülə aşiq olub dərdli-dərdli inildəyən bülbülün timsalında Allahı sevən qullara həqiqi eşqi və məhəbbətullahın ədəbini təlim edir. Buna görə, Allahı sevən bir mömin bu sevgisindəki səmimiyyəti xüsusunda bir çox sınağa çəkiləcək. Eynilə qızılın məhək daşına vurulub safının saxtasından ayırd edilməsi kimi…

      Mömin özünü Allahın rizasına nail edəcək ibadət, xidmət və cəhdlərlə qarşısına çıxan çətinliklərin Allah məhəbbəti xüsusundakı imtahanın bir parçası olduğunu dərk etməlidir.

      “İnsanlar yalnız: “İman gətirdik!” – demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar?” (əl-Ənkəbut, 2) ilahi bəyanının hər an özü üçün keçərli olduğunu unutmamalıdır. O imtahanlardan şikayət etmək və sanki imtahansız həyat arzulamaq yerinə başa gələn çətinliklərə qatlanıb daima Rəbbinə sədaqət və təslimiyyət içində olduğunu göstərməyə çalışmalıdır.

      Bu səbəblə təsəvvüf “şikayəti unutma sənəti”dir. Allahın acı-şirin, hər cür təqdirinə riza göstərərək Onun ilahi rizasını qazanma yoludur.

      Çünki əsl mömin xeyir kimi şərin də Allahdan gəldiyinə iman etmiş insandır. O bilir ki, Haqq-Təala istəyərsə qulunu lütf, istəyərsə qəhr təcəlliləri ilə imtahan edər.

      Hətta bu şüurda olan Haqq aşiqləri məşuqlarından gələn acıları bal, zəhmətləri rəhmət bilmişlər. Çəkdikləri məşəqqətlərin özləri üçün təmizlənmə, günahlarına kəffarə və dərəcələrinin yüksəlməsi üçün bir fürsət olduğunu dərk etmişlər. Başlarına gələn müsibətləri bir növ xəstəliklərdən sağalmalarına vəsilə olan mahir bir həkimin acı dərman resepti, yaxud vücudlarındakı öldürücü mikrobu kəsib atan cərrahın kəskin neştəri kimi son dərəcə həyati bir nemət saymışlar.

      Bu səbəblə daima həyatın acı-şirin sürprizləri qarşısında Rəblərindən gələnə həmd, şükür və riza halındadırlar. Bir çox xam ruhları ah-naləyə, hətta üsyana sürükləyən acı hadisələr onların üzünü turşuda bilməz. Çünki o Haqq aşiqlərinin qəlbləri yoldakı tikanlara deyil, gedəcəkləri mənzilə üz tutmuşdur. Bu etibarla canlarını incidən tikanları belə gülün xətrinə xoş görərlər. Qəhr içində gizli lütfə, çilələrdə məhəbbətin gizli sirlərinə vaqif olarlar.

      Digər tərəfdən bəla və müsibətlərlə sınağa çəkilmək Allahın nəzərində mənfi hal olsaydı, Haqq-Təala sevdiyi qullarına dünyada heç bir çətinlik yaşatmazdı. Halbuki ən ağır imtahanları ən çox sevdiyi qullarına yaşatmışdır. Lakin bəşəriyyətin ən hüzurlu şəxsiyyətləri də məhz o saleh insanlar olmuşdur.

      Həyatı boyu ən ağır çilələrdən keçmiş Həzrət Peyğəmbər r Taifdə daşlanarkən əllərini uca dərgaha açıb belə dua etmişdi:

      “Ey mərhəmətlilərin ən mərhəmətlisi, əgər mənə qarşı qəzəbli deyilsənsə, çəkdiyim bəla və müsibətlərin heç bir əhəmiyyəti yoxdur!.. İlahi, Sən razı olana qədər əfvini istəyirəm…” (İbn Hişam, II, 29-30; Heysəmi, VI, 35)

      Bu sirrə vaqif olan arif və aşiq könüllər üçün Allahdan gələn müsibətlər həqiqi eşq əhli ilə saxta aşiqləri ayırd etmək üçün məhək daşı kimidir.

      Şair bu hissiyyatı necə də gözəl ifadə edir:

      Yarın cəfası cümlə vəfadır; cəfa deyil,

      Yarı cəfa qılar deyən əhli-vəfa deyil!..

      Əlbəttə ki, bu mənəvi kamillik də hər kəsin karı deyil. Yalnız qəlbi mərhələlər qət etmiş ali ruhların karıdır.

      Mövlana həzrətləri buyurur:

      “Hələ qanadı çıxmayan bir quş uçmağa can atarsa, yırtıcı pişiklərə yem olar”.

      Hər hal və məqamın ləyaqət şərti var. O şərti daşımayan birinin ortaya atılması əslində özünü həlaka sürükləməsi deməkdir. Bir quşun uçmağı öyrənmədən yuvadan ayrılması, yaxud üzmə bilməyən birinin özündən dərin sulara dalması kimi…

      Ona görə insan hər şeydən əvvəl maddi-mənəvi hər xüsusda həddini bilməlidir. Necə ki, ariflər: “İnsanın nöqsanını bilməsi kimi irfan olmaz”,  - demişlər.

      Nəticə etibarı ilə öz nöqsanlarının fərqində olmadan kamil möminlərin hal və məqamlarına məxsus rəftar sərgiləmək riya təhlükəsinin də qarışa biləcəyi hədsiz dərəcə səhv addımdır. Çünki mənəviyyat böyüklərinin qəlbi səviyyəsinə yüksəlmədən sırf quru təqlid meyli ilə onların hal və məqamlarına aid sözləri mənimsəyərək süni və səmimiyyətdən uzaq şəkildə dilə gətirmək insana mənəvi zərər verər.

      Məsələn, riza məqamına yüksələn ruhların halını əks etdirən “Qəhrin də xoş, lütfün də xoş… Abad olsaq da bir, bərbad olsaq da bir…” kimi ifadələr həmin məqamda yoğrulmamış xam insanlardan çıxarsa, bu, ilahi təqdirə qarşı bir növ meydan oxumaq mahiyyəti daşıyar. Əlbəttə ki, Allah-Təala qulunu bu xüsusda imtahan edərsə, qul pərişan olar.

      Mövlana həzrətləri buyurur:

      “Allah yolunda oda atılmaq var. Lakin oda atılmazdan əvvəl səndə İbrahimlik olub-olmadığını araşdır. Çünki atəş səni yox, İbrahimləri tanıyıb yandırmaz!..

      Tutaq ki, İbrahim kimi büt qırdın, bəs bədən bütünü onun kimi atəşə ata bilərsənmi?

      Məsələn, Həzrət Musanın əsasını əlində tuta bilərsən, lakin səndə Musanın gücü varmı ki, onu əjdahaya çevirəsən və zəbt etməyə qadir olasan?

      Deyək ki, ölüləri dirildən Həzrət İsanın nəfəsinə sahibsən, onun duasını da bilirsən. Lakin ey qafil, səndə Həzrət İsanın günahsız ağzı varmı ki, nəfəsinlə ölü qəlbləri dirildəsən, məhəbbət zövqü ilə onları canlandırasan?

      Deyək ki, Həzrət Əlinin Zülfüqarı sənə miras qaldı. Səndə Allahın aslanı Həzrət Əlinin qolu, qüvvəsi varmı ki, Zülfüqarı oynada biləsən?!”

      Peyğəmbərlərin və Allah dostlarının Haqq-Təalaya olan müstəsna yaxınlıq, təvəkkül və təslimiyyətləri səbəbi ilə sərgilədikləri bəzi fövqəladə hal və davranışlar bizim üçün eynilə təqlid olunacaq ölçülər deyil. Bunlar yalnız heyranlıqla seyr edib sahib olduğumuz hal və şərtlər çərçivəsində cəhd və həyəcanlarımızı artırmaq üçün bildirilən həqiqətlərdir.

      Qəlb və hal baxımından zəif və naqis birinin bir anlıq coşaraq məna səmasının ulduz simalarına xas olan müstəsna rəftarları sərgiləməyə cəhd etməsi həddini bilməməkdir. “Mən də aləmlərin Rəbbinə təslim oldum”, - deyərək atəşin Həzrət İbrahimi yandırmaması hadisəsinin özü üçün də gerçəkləşməsini gözləmək kimi…  İbrahim u-ın qəlbi səviyyəsinə çatmayan biri üçün belə bir təşəbbüsün nəticəsi açıq-aydın xüsrandır.

      Yeri gəlmişkən, Haqq dostları heç vaxt Allahdan bəla və müsibətlərlə sınanmağı istəməzlər. Lakin başlarına gələn müsibəti səbir və mətanətlə qarşılayarlar. Çünki Allahın heç bir quluna taqətindən artıq yük yükləməyəcəyini, Allahdan gələn bəlaların özləri ilə səbri də gətirdiyini bilirlər. Bir müsibətə düçar olduqda acizliklərini etiraf edərək Allahın rəhmətinə sığınar, Rəblərinə qarşı qulluq ədəbini həssaslıqla mühafizə edərlər.

      Bu sirri dərk etmədən “Allah ən böyük bəlaları ən sevdiyi qullarına verir” deyərək Allahdan müsibət istəməksə cahilanə bir cürətdir. Çünki Allah-Təala qulunun tələb etdiyi bəlanı verib ona dözüm gücünü bəxş etməsə, qul bu yükün altında əzilib məhv olmaqdan qurtula bilməz.

      Əsri-səadətdə yaşanan bu hadisə sözügedən həqiqəti necə də gözəl izah edir.

      Ənəs t belə nəql edir:

      Rəsulullah r son dərəcə zəifləmiş bir xəstəni ziyarət edib:

      - Allaha dua edib Ondan nə isə istəyirdinmi? – deyə soruşdu. Xəstə bu cavabı verdi:

      - Bəli, Allahım, mənə axirətdə verəcəyin cəzanı bu dünyada ver! – deyə dua edərdim.

      Allah Rəsulu r belə buyurdu:

      - Sübhanallah, sənin buna gücün çatmaz. Belə dua etsəydin daha yaxşı olmazdımı:

      رَبَّنَاۤ اٰتِنَا فِى الدُّنْيَا حَسَنَةً وَفِى الْاٰخِرَةِ حَسَنَةً وَقِنَا عَذَابَ النَّارِ

      “...Ey Rəbbimiz, bizə dünyada da, axirətdə də gözəl nemətlər ver, bizi cəhənnəm əzabından qoru!” (əl-Bəqərə, 201)

      Sonra həmin xəstə bu duanı etdi və şəfa tapdı”. (Müslim, Zikr, 23; Tirmizi, Dəavat, 71/3487)

      Digər tərəfdən, bir çoxları “Mən belə-belə dua etdim, lakin qəbul olmadı”, -deyir. Onu da unutmamaq lazımdır ki, duanın qəbulu ağızdan çox qəlbə bağlıdır. Yəni bu, ağızdan çıxan sözdən çox qəlbin Allaha yaxınlıq və səmimiyyətinə bağlı keyfiyyətdir.

      Deməli, duanın da, sözün də ədəbinə riayət etmək lazımdır. Bir anlıq həyəcanla böyük sözlər söyləmək, insanın qaldıra bilməyəcəyi yükün altına girməsi və həddi aşması onu müşkül vəziyyətdə qoyar.

      Səhabədən Abdullah bin Amr t hər gün oruc tutub, hər gecə Quranı xətm etməyə və gecələri yatmamağa qərar vermişdi. Həzrət Peyğəmbər r bundan xəbər tutub ona orta yola riayət etməyi tövsiyə etdi. O isə bundan artığına gücünün çatacağını söyləyərək Peyğəmbərimizin işarə etdiyi sirri dərk edə bilmədi. Günü çatıb yaşlananda əvvəlki gücü qalmadıqda vaxtı ilə verdiyi sözü tutmaqda çətinlik çəkərək:

      “Kaş Allah Rəsulunun verdiyi rüxsəti qəbul edəydim”, - deyərək peşmançılığını ifadə etdi.[1]

      Mövlana həzrətləri buyurur:

      “Qurani-Kərim peyğəmbərlərin hal və vəsfləridir. Oxuyub həyatına tətbiq etsən, özünü peyğəmbərlər və vəlilərlə görüşmüş fərz et. Quran oxuduğun halda əmrlərinə tabe olmaz və Quran əxlaqını yaşamazsan, peyğəmbərləri və vəliləri görməyin sənə nə faydası ola bilər?!

      Təsəvvüf Quran və Sünnə yoludur. Hz. Peyğəmbər və Onun həqiqi varisləri olan təqva sahibi alim və ariflərin bütün qayəsi insanların əlindən tutub Quran və Sünnənin əmin iqliminə qovuşdurmaqdır. Nəticə etibarı ilə Hz. Peyğəmbər r və mürşidi-kamillərdən həqiqi mənada istifadəmizin ən böyük əlaməti həyatımızın Quran və Sünnə istiqamətində hansı səviyyədə olmasına bağlıdır.

      Bu həqiqətin ən çox diqqət çəkən misallarından biri İmam Xətibdə oxuduğum illərdə bizə fars dilindən dərs deyən Abdülkadir Keçeoğlu, məşhur adı ilə Yaman Dədənin halıdır.

      Əvvəllər xristian olan, sonradan Həzrət Mövlana və Məsnəvisi vasitəsi ilə hidayət tapan, bağrıyanıq Allah aşiqinə çevrilən, Peyğəmbər məftunu olan mərhum müəllimimiz fars dili dərsində bir neçə qrammatik qayda keçər, ardınca Mövlana həzrətlərinin fars dilindəki beytlərindən birini lövhəyə yazar, uzun müddət göz yaşları ilə onu şərh edərdi. Bir gün:

      “Niyə Mövlana və Məsnəvidən bu qədər çox bəhs edirsiniz?” – deyə soruşduqda bu ibrətli cavabı verdi:

      “Oğlum, mənim əlimdən Mövlana tutdu. O, məni Hz. Peyğəmbərin qapısına çatdırıb hidayətimə vəsilə oldu. Məni yanmaqdan xilas edən birini bu qədər yad etmək hələ çox azdır!”

      Elə isə biz də öz halımızı götür-qoy edib peyğəmbər və vəlilərin qəlb dünyasından nə qədər istifadə edə bildiyimizi ölçək. Peyğəmbərimizi və Allahın sevdiyi bəndələrini seviriksə, onlara nə qədər bənzəməyə çalışdığımızı düşünək. Görəsən, Rəsulullah r və Haqq dostu mürşidi-kamillər yanımızda olsaydılar, hal və davranışlarımızı nə qədər bəyənərdilər? Onlara olan bağlılıq və vəfamızın səviyyəsi üzlərində təbəssümə, yoxsa -Allah qorusun- narazılıq ifadəsinə səbəb olardı?..

      Mövlana həzrətləri buyurur:

      “Vücud mədəsi insanı samanlığa tərəf çəkər, könül mədəsi isə reyhanlığa aparar!

      Samanla, arpa ilə bəslənən heyvan qurban olar; Haqqın nuru ilə qidalanan insansa canlı “Quran” olar!”.

      İnsanın quruluşu iki yerə ayrılır: biri turabi, digəri isə ruhi. Bədən adlanan və torpaqdan yaradılan turabi tərəfimizin həyatını davam etdirməsi üçün maddi qidalara ehtiyacı olduğu kimi, Allahın öz ruhundan üfürərək ehsan etdiyi, dolayısı ilə lahuti aləmə mənsub olan ruhumuz da mənəvi qidalara ehtiyac duyar.

      Ruhun qidası başda iman olmaq şərti ilə mərifətullah, məhəbbətullah, ixlas, təqva, elm və hikmət kimi mənəvi ləzzətlərdir. Bu qidalarla qidalanan könül Haqqın dərgahına güclü və əmin addımlarla irəliləyər. Bunun əksinə, ruhani ruzisinə laqeyd qalan və sırf mədəsinin qidasına əhəmiyyət verənlər tənbəlləşər, qəflətə düçar olarlar.

      Ariflərdən biri necə də gözəl deyir:

      “Bu cahan aqillər üçün seyri-bədayi (ağıl sahibləri üçün sirr, hikmət və ilahi sənəti qəlbən seyr edə bilmək), axmaqlar üçünsə yeməklə şəhvətdir”.

      Qafil insan bir gün torpağa verəcəyi qurban hökmündə olan turabi varlığını hər cür zərərdən qoruyub onu ən ləziz qidalarla bəsləməyin dərdinə düşər. Cismani zövqlərin ardınca düşdüyü halda cüzi də olsa ruhani varlığı üçün bu səyləri göstərməz.

      Halbuki insanı insan edən, onu digər məxluqatdan ayıran xüsusiyyəti mənəvi həyatına nə qədər əhəmiyyət verə bildiyidir. Nəticə olaraq insan ruhi ehtiyaclarını təmin etməyin dərdində olduğu qədər, ömrünü Rəbbinə qovuşma həyəcanı ilə yaşadığı nisbətdə Quranın təlim etdiyi “insani-kamil” şəxsiyyətinə, yəni əsl insanlıq şərəf və heysiyyətinə yaxınlaşmış olar.

      Mövlana həzrətləri buyurur:

      “Gənclərin güzgüdə gördüklərindən daha artığını qocalar kərpic parçasında görərlər”.

      Ümumiyyətlə, insan uşaqlıqda çılğınlıq, qırx yaşına qədər dinamiklik, qırx yaşından sonra isə dərin təfəkkür mərhələsi yaşayar. Çünki yaşlandıqca həyata dair təcrübələri də artar. Hadisələrin səbəb-nəticə əlaqəsini müşahidə etdikcə artıq qarşılaşdığı hadisələrin hansı nəticələrə səbəb olacağına dair dəqiq fikir sahibi olar.

      Allah-Təala da Qurani-Kərimdə keçmiş qövmlərin qissələrini zikr edərək bizdən əvvəl yaşanan xətalara düşməməmizi istəyir. Bununla da, müsbət və ya mənfi hal və davranışların fərd və cəmiyyətləri hansı nəticələrə aparacağını xəbər verir.

      Bu nöqteyi-nəzərdən gələcəyə əmin addımlarla irəliləmək istəyənlər keçmişdə baş verən hadisələri ibrət nəzəri ilə oxumalı və zəngin təcrübəyə sahib olanların öyüd-nəsihətlərinə qulaq asmalıdırlar. Zira böyüklərin xoş xəbərdarlıqlarını can qulağı ilə dinləməyənlər qarşılaşacaqları müsibətlərin acı nəticələrini dadmaq məcburiyyətində qalarlar…

      Mövlana həzrətləri buyurur:

      “Gecə nəyə hamilədirsə, onu doğar”.

      Gecəsi mənən qaranlıq olanın gündüzü də mənən aydınlıq olmaz. Gecənin qiymətini bilməyənlər üçün gündüzün xeyrini düşünmək mümkün deyil. Bütün gecəsini qəflət içində yuxuya məhkum edənin gündüzü də ümumiyyətlə feyz və ruhaniyyətdən məhrum halda keçər. Ona görə də gecələr tamamən yuxuya əsir olub, qəlbimizin tənbəlliyinə yol verməməliyik.

      Allahın səhər vaxtlarında duyan və hiss edən könüllərə xüsusi ikramları var. Havanın sanki xoş bir məltəm kimi yüngülləşdiyi, çiçəklərin gözəl rayihələr yaydığı, xoruzların zəngli saat kimi banlamağa başladığı o dəmdə Allah-Təala özünə yaxınlaşmaq istəyən qullarına da müstəsna fürsət ehsan edər.

      Səhər vaxtları ibadətlərlə əhya edilib o ruhani ziyafət süfrəsindən lazımi qidalar alınmalıdır ki, qul gündüzə yüksək feyz və ruhaniyyətlə başlaya bilsin. Qazanılan feyz və ruhaniyyət gün uzunu qəlbi günahlardan, qəflətdən və masivadan, yəni Allahdan uzaqlaşdıran bütün şərlərdən qoruya bilsin. Qəlbi xeyrə cəlb edib, şərə qarşı müqavimətini artırsın.

      Eyni könül feyzi ilə gecəyə çıxmaq üçünsə gündüz vaxtı gözü, qulağı, dili, xülasə, bütün əzaları günahdan qorumaq lazımdır. Yəni günəş batdığı zaman ayın parlaq bir şəkildə doğması kimi, biz də gündüzdən gecəyə, gecədən gündüzə mənəvi həyatımızı gücləndirərək feyzli bir ömür sürməyə cəhd etməliyik.

      Bütün Haqq dostları bu şüur və idrak içində səhər vaxtlarının feyzindən istifadə etmiş və o müstəsna vaxtı ibadətlərlə əhya etməyin əhəmiyyətinə diqqət çəkmişlər. Bəyazid Bistami həzrətləri belə buyurmuşdur:

      “Gecələr gündüz olmadan mənə heç bir sirr açılmadı”.

      Biz də gecələrimizi diqqətlə keçirib, səhər vaxtlarını təhəccüd, zikr, istiğfar və dualarla əhya edə bilsək, Allahın izni ilə gecələrimiz gündüzlərimizdən daha parlaq olar.

      Rəbbimiz hər birimizə bu gözəl halı nəsib etsin.

      Allah-Təala hər birimizə “İnsanlar yuxudadırlar, öldükləri zaman oyanarlar” həqiqəti gərəyincə, ölüm gəlmədən əvvəl ölümün qardaşı olan yuxulardan Allah üçün oyana bilməyi, beləliklə, “ölmədən əvvəl ölün” sirrindən hissə almağı ehsan eyləsin.

      Amin!..

       


      [1] Bax. Buxari, Savm 55, 56, 57, Təhəccüd 7, Ənbiya 37, Nikah 89; Müslim, Siyam, 181-193.

       

      • Hits: 128 clicks

      Tecox component by www.teglo.info