Home Arxiv 2017 № 133 Dekabr Mübariz ƏLİOĞLU- Ədəb, ya Hu!


    Mübariz ƏLİOĞLU- Ədəb, ya Hu!

      Share

      Allah-Təala Qurani-Kərimdə belə buyurur:

      “(Ya Peyğəmbər!) Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən”. (əl-Qələm, 4)

      Uca Allaha şükürlər və həmd-sənalar, Onun Haqq Rəsulu Hz. Muhammədə salətu-salam olsun.

       “ Həqiqətən də, mən gözəl əxlaqı tamamlamaq üçün göndərildim” (Müvatta, Hüsnül-hüquq, 8) – deyə buyuran,  müqayisəsiz əxlaq və ədəb xəzinəsi olan Rəsulullahı (s.ə.s) qəlbən, ruhən tanıma və onun bu misilsiz mirasına sahib çıxma həyəcanına insanlıq nə qədər də möhtacdır. Saxta həqiqətlərlə kifayətlənmə ehtirasına qapanan ağılların İslamın yüz illərlə inşa etdiyi ədəb və əxlaq üzərində qurulan ədalət nizamına amansız şəkildə qənim kəsilməsi talanlarla, qətllərlə, sürgünlərlə, səfalətlərlə yırtılan İslam coğrafiyasının acı fəryadlarını vicdanların üzünə vurmaqdadır. Görəsən, ilahi iradənin önəm verdiyi ədalət və ədəb ölçülərinin üzərinə bu hərəkətləri ilə can-dildən ədəbsizlik pərdəsi asmağa çalışan insan övladı işlədiyi rəzalətin fərqindədirmi? Haqqa təslimiyyət dinindən məsafə saxlayanlara verilən bu suala tarix, çox təəssüf ki, yox cavabı verməkdədir.

      Hindistan kimi böyük bir ölkəni müstəmləkə boyunduruğuna salan ingilislərin haqq və ədaləti ədəbsizlik pərdəsi altında ustalıqla gizlətməsi bu qədim xalqın sanki yaddaşını da möhürləmişdi. Artıq zülmə qarşı addım belə atmağa çəkinən xalq ingilis ağalığı ilə barışmağa razı olmuşdu. Lakin 20-ci əsrin əvvəllərində Çanaqqalada türk-islam ordusunun qərb dövlətləri üzərində çalmış olduğu strateji qələbə durğunluq içində boğulan hind azadlıq hərəkatına bir diriliş cövhəri bağışlamış oldu. İllər sonra qələbə ilə nəticələnən bu hərəkatın lideri, Mahatma Qandi ölkəsini müstəmləkə zülmündən qurtaran qığılcımın Çanaqqala zəfərində doğduğuna belə işarə etmişdi: “Qəhrəman türk ordusu Çanaqqalada ingilislər üzərində qələbə qazanana kimi biz elə düşünürdük ki, tanrı da ingilislərdəndir”.

      Ədəb üzərinə geydirilmış ədəbsizlik pərdəsi, nə yazıq ki, vicdanları amansız bir şəkildə kor etmişdir. Qəflət burulğanında inləyən xalqlara bu qara cəhaləti təlim edənlərin belə bu qədər nemətlərə rəğmən Rəblərinə qarşı sayğısızlıq və ədəbsizliyi hədləri aşan ölçülərdədir. Onlardan biri, qlobal müstəmləkə siyasətinin rəhbərlərindən, yaradılış etibarı ilə fani olan Uinston Çörçill, ölümünə yaxın, mümkün ədəb çərçivələrini darmadağın edərək, qorxusuz-hürküsüz bunları söyləmişdi: “Mən məni xəlq etmiş Yaradıcını qarşılamağa hazıram. Bəs Tanrı bu çətin sınağa hazırdırmı?” Təbiidir ki, dünya adlanan imtahan yurdunda əbədi və əzəli hər şeyin mütləq Hakimi olan Uca Allaha sayğı və hörməti yalnız nəbəvi tərbiyə mühitində yetişmiş kəslərdən gözləmək mümkündür. Vicdanları ədəbsizlik pərdəsi ilə kor edənlərdən qorunmaq üçün vaxtında və zamanında  şeytandan belə ibrət alınmasına diqqət çəkən Muhyiddin Ərəbi həzrətləri belə buyurur: “Övladım! Bu mənəvi xəbərdarlığın hikmətini sinənə çək! Şeytanın qaçışından ibrət al! Şeytan insana “inkar et” deyər. O da inkar edincə: “Mən, həqiqətən, səndən uzağam, çünki mən Aləmlərin Rəbbi olan Allahdan qorxuram!”(əl-Həşr, 16) - deyər. Övladım, Allahdan qorxmayan kimsə şeytandan daha şiddətli deyilmi?”

      Rəsulullahın dünyaya ayaq basmasından öncəki vəziyyət də yuxarıda izlədiyimiz və dünyada izləməyə davam etdiyimiz rəzalət səhnələrindən fərqli deyildi. Lakin Onun gəlişi hər şeyi dəyişdi. Aləmləri dəyişdi. Göyləri, yerləri dəyişdi. Ən əsas da, qulluqla mükəlləf, lakin ondan bixəbər insanları dəyişdi.

      İnsanlıq aləmi Ona kimi görmədiyi, duymadığı itaət ədəbini Ondan öyrəndi. Rəbbə yönəlik ruhani eşq və məhəbbət ədəbini Ondan öyrəndi. Könül dilinin yerdə-göydə, ərşi-əlada əks-səda verən lətif axışlarını Ondan öyrəndi. Dodaqlardan süzülən ifadələrin əhatəli təbiətini, bütün aləmə rəhmət saçan lətafətini Ondan öyrəndi. Yaradılmış və yaradılacaq hər bir varlığa qarşı duyulan hisslərin İlahi murada uyğun gəlmə ədəbini Ondan öyrəndi. Hadisələrə baxış dərinliyini, kainatı yetkin bir anlayışla oxuma ədəbini Ondan öyrəndi. Comərd olmağı, yetim-yoxsula mərhəmət və qəriblərin daima yanında olma ədəbini Ondan öyrəndi. Böyüklərə hörmət, kiçiklərə şəfqət ədəbini ondan öyrəndi...

      Deməli, həm zülm edənləri, həm də zülmə uğrayanları məhz bu ədəb və əxlaqın bütövlüyünə varis olmaqla xilas etmək mümkündür. Neçə-neçə qatı zülm sahibi kəslər Rəsulullahın cahana yaydığı bu ədəb sayəsində zülm etməkdən qurtuldu. Bu ədəbdən vaz keçiləcəyi təqdirdə isə Rəsulullah ilə aramızda getdikcə böyüyən bir qəflət məsafəsi yaranacaqdır. Nə qədər acı da olsa, görünən odur ki, bu qəflət məsafəsini doldurmuş olan ədəbsizlik pərdələri yer üzərində haqq və ədaləti bərqərar etmə ümidi ilə vurnuxan bəşər övladlarını iflic vəziyyətinə salmışdır. Rəbbimiz cümləmizi  Rəsulullah (s.ə.s) ilə aramızda yaranmış ədəbsizlik uçurumunu  Rəsulullahdan öyrəndiyimiz ədəb nuru ilə qapatmağa nail etdiyi bəxtiyar qullarından eyləsin. Amin!

      • Hits: 30 clicks

      Tecox component by www.teglo.info