Zaur ORUCOV- ORXON KİTABƏLƏRİ

      Share

      Monqolustan səfərinin ən maraqlı tərəflərindən biri də orada yerləşən qədim türk abidələrini ziyarət etmək oldu. Gedib oraları görmək, əslində, çoxdankı arzum idi. İndi oralara getmişkən bu fürsəti qaçıra bilməzdim.

       Dolu keçən dərs proqramımız arasında kiçik bir boşluq tapan kimi bu arzumu gerçəkləşdirməkdə həmfikir olduğumuz yoldaşlarla bərabər, TİKA koordinatorunun da təşkilatçılığı ilə, Orxon bölgəsinə tərəf yola düşdük.

      Yol boyunca içində vaxtilə bir çox tarixi məscidlərin də yer aldığı qədim məskən və bir dövrün paytaxtı olan Qaraqurum şəhərinin qalıqlarını təsvir edən muzeyi də görmək nəsib oldu. Qaraqurum muzeyi Orxon çayının sahilində yerləşir.  Sovetlərin təxribatı nəticəsində bu qədim şəhər böyük dağıntılara məruz qalıb və yer üzündən silinib. Hal-hazırda bu şəhərdən heç bir əsər-əlamət qalmayıb. Yalnız şəhərin qala divarları dibindəki Erdenezo (1586) məbədi qorunub saxlanmaqdadır.

      Nəhayət, gedib abidələrin olduğu muzeyə çatdıq. Orxon, Tonyukuk və bu kimi tarixi əhəmiyyətə malik kitabələr çox maraq doğururdu. Çöl kimi ərazidə baxımsız qalan bu tip abidələr arxeoloqların apardıqları qazıntılar nəticəsində aşkarlanmışdır. Bu abidələrin tarixinə bir az nəzər salaq. Bildiyimiz kimi, qədim dövrlərdən bəri türk xalqlarının bu torpaqlarda hökm sürdüyü məlum məsələdir. Böyük bir gücə sahib olmuş və öz bölgələrində sülhü bərqərar etmişlər. Monqolustanda yerləşən Orxon, Tonyukuk və Bilgə Xaqan adı ilə məşhurlaşan daş kitabələr o dövrün dərin tarixi və yüksək mədəniyyəti haqda bizə məlumat verməkdədir. Orxon abidələri Göytürklər tərəfindən VIII əsrdə yazılmışdır. Bilgə Xaqan və Kül Tigin kitabələrini Yolluğ Tiginin yazdığı rəvayət olunur.

      Kül Tigin  kitabələri mərmərdən düzəlmiş dördtərəfli, uzunsov bir daşdan ibarəttir. Bu daşın boyu 3.75 metrdir. Üzərindəki yazıların boyu isə 2.75 metrdir. Bu daş abidə bir zamanlar çöldə kimsəsiz və baxımsız vəziyyətdə qalmışdı. TİKA təşkilatı bura böyük bir muzey inşa etdirmiş və həmin abidələri də bu muzeyin içinə yerləşdirməklə mühafizəyə  almışdır.

      Kül Tiginin və ailəsinin müdrikliyi, ağıllı siyasəti və qonşu dövlətlərlə qurduğu xoş münasibətlər bu daş kitabədə də öz əksini tapır. Çin imperatorunun Bilgə Xaqanın qardaşı olan Kül Tiginin vəfatından məyus olduğu və yas mərasiminə göndərdiyi hədiyyələrdən bəhs edən məktubu da kitabədə yer alır. Burada abidəyə məktubunu həkk etməsi üçün usta göndərdiyi də ifadə olunur. Abidənin arxa tərəfində Çin əlifbası ilə həkk olunmuş məktubdan bir neçə sətri burada qeyd etmək istəyirəm:

      “Hörməti, sayğısı uzaq diyarlarda bilinir. Heybəti yad ellərə qorxu salır.

      Bunun səbəbi atası olan İtimis Bəyin uğruna ömür boyu mücadilə etdiyi və qoruduğu gözəl əxlaq deyildirmi ?

      Çox təəssüf ki, keçirdiyimiz bu gözəl günlər günəş işığı kimi bir müddət göründü və tez bir zamanda sönüb getdi. Hər yan əbədi  hüzn və yasa büründü. Ölümündən ötrü çox böyük bir acı hiss edirəm. Bununla bərabər, qardaşı  Kül Tigin də, Xaqan da mənim oğlum kimidir. Belə ki,  ata-oğul arasındakı bağ bu qədər sağlamdırsa, böyük qardaşla kiçik qardaş arasındakı bağ da eyni olmazmı? Bütün bunlar atanın oğluna bəslədiyi sevgidəndir, daha da səmimidir. Elə bu səbəbdəndir ki, möhtəşəm bir abidə ucaldır, minlərlə il sonra dəxi adı davam etsin deyə, iraq  ellərdə Kül Tigini  tərifləyirəm”.

      Ümumiyyətlə, tarixə nəzər salanda görürük ki, daş kitabələr məmləkətlərin və həmin xalqların mədəni irsini davam etdirən tarix yaddaşı kimi üzə çıxır. Bu gün işğal altında olan ərazimizə nəzər salanda görürük ki, orada olan məbədlərimiz və onların üzərindəki daş kitabələr bizim həm tarix yaddaşımız, həm də torpaq bütünlüyümüzün ən böyük sübutudur. Monqolustan ərazisindəki digər daş abidələr də məqsədyönlü şəkildə Sovet əsgərləri tərəfindən məhv edilmişdir. Bu kimi hallar daha çox əsarət altındakı bölgələrdə baş verir. Belə ki, kimsəsiz qalmış abidə, məbəd və əlyazma əsərlər qərəzli olaraq dağıdılır. Bəzən belə də olur ki, çox əhəmiyyətli bir tarixi abidə  hər hansı bir dəllalın, tarixi əsər tacirinin əlinə düşür, satılır və ya məqsədli şəkildə məhv edilir.

      Bir ölkənin ərazi bütövlüyü təkcə topla, tüfənglə qorunmur. Mədəni irsin daşıyıcısı olan tarixi abidələr bəzən elə bir faktı ortaya qoyur ki, bu sayədə ən çətin məsələlər belə öz həllini tapmış olur. Bu mənada hər hansı bir səbəblə ortaya çıxan tarixi əsərin mütəxəssislərə təhvil verilməsi və qorunub saxlanması çox mühümdür. Orxon abidələrini ziyarət etdiyimiz zaman hiss etdiyimiz doğmalıq həyəcanı bu məsələnin əhəmiyyətini bir daha sübut etmiş oldu.

      • Hits: 76 clicks

      Tecox component by www.teglo.info