Anar QURBANOV- Sual-Cavab

      Share

      Sual: Musiqi bəstələmək və qulaq asmaq dinimizdə necə qarşılanır?

      Cavab: Musiqi bəstələmək və qulaq asmaq məsələsi İslam alimləri tərəfindən mübahisə edilmiş və müxtəlif fikirlər irəli sürülmüşdür. Sözügedən rəylər dəlilləri ilə birlikdə təhlil edildikdə musiqinin tamamilə kökdən qadağan edilmədiyi, əsli etibarilə mübah olduğu aydın olur. Quran və Sünnədə musiqi ilə məşğul olmağın və qulaq asmağın tamamilə günah olduğuna dəlalət edən dəlillər mövcud deyil. Əksinə, Rəsulullahın (s.ə.s) prinsip etibarilə musiqinin caiz olduğuna işarə edən sözlərinin olduğu məlumdur. Belə ki, Rəsulullah (s.ə.s) bir hədisi-şərifində nikahın elanı üçün dəf çalınmasını tövsiyə etmişdir: “Bu nikahı elan edin. Onu məscidlərdə həyata keçirin. Nikahın bilinməsi üçün də dəf çalın” (Tirmizi, Nikah, 6). Hz. Peyğəmbər (s.ə.s) dövründə baş verən başqa bir hadisə də musiqinin hökmü haqqında kifayət qədər məlumat verir: “Bir gün Hz. Aişənin yanında iki kiçik qız uşağı dəf çalıb mahnı oxuyurdular. Mədinənin İslamla şərəflənməsindən əvvəl keçirilən Büas günündən bəhs edən şeirlərlə mahnılar oxuyurdular. Həmin vaxt Hz. Əbu Bəkr içəri girdi və istirahət edən Hz. Peyğəmbəri (s.ə.s) narahat etdiklərini fikirləşərək: “Peyğəmbərin yanında şeytan əməli olan çalğıdanmı istifadə edirsiniz?!” – deyərək acıqlandı. Bunun müqabilində Hz. Peyğəmbər (s.ə.s): “Ey Əbu Bəkr, onlara qarışma, çünki bu günlər bayram günləridir!” – deyə buyurdu” (Buxari, İdeyn, 25; Müslim, Səlatül-ideyn, 17).

      Qeyd edilən rəvayətlərdən də aydın  olur ki, İslam dini musiqi hökmü ilə bağlı detallı və xüsusi bir hökm qoymaq əvəzinə ümumi prinsip və məqsədləri müəyyən etməklə kifayətlənmişdir. Belə ki, şəhvani duyğuları təhrik edən, məzmununda qeyri-etik təsvirlər olan, haramları yaxşı göstərən və bir qadının xüsusiyyətlərini təsvir edən musiqilər bəstələmək və qulaq asmaq günahdır. Dinimizin inanc, əməl və əxlaq prinsiplərinə zidd olmayan, haramların işlənməsinə səbəb olmayan musiqi növlərinə qulaq asmaqda hər hansı qəbahət yoxdur.

       

      Sual: Dinimizdə kino və teatr sənətinə necə baxılır?

      Cavab: İslamın kino və teatr kimi sənətlərə yanaşmasına gəlincə, bu kimi sahələrdə də işləməyin tamamilə qadağan edildiyinə dair bir dəlil yoxdur. Sözügedən sənətlər düzgün istiqamətdə, faydalı xidmətlərdə istifadə edilə bildiyi kimi, qeyri-əxlaqi və zərərli verilişlərlə mənfi yöndə də istifadə edilə bilər. Dinimizin inanc, əməl və əxlaq prinsiplərinə zidd olmamaq, haramlara vasitəçi olmamaq, başqalarının hüquqlarına təcavüz etməmək şərti ilə kino, teatr və digər vasitələrlə canlandırma və buralarda rol almaqda dini baxımdan hər hansı qəbahət yoxdur. Hətta müsbət yolda istifadə edildiyi təqdirdə, zəmanəmizdə bunlar mühüm əhəmiyyət kəsb edən sahələrin başında gəlir.

      Şübhəsiz ki, kino və teatr kimi sənətlərdə İslama zidd olan söz və hərəkətlər qadağan edilmişdir. Haram buyurulan şeyləri etmək günah olmaqla yanaşı, bu kimi davranışlara razılıq vermək və kömək etmək də günahdır. Bununla bağlı Uca Allah “Maidə” surəsinin 2-ci ayəsində belə buyurur: “Ey iman gətirənlər! … Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!”

      Odur ki, İslam dinində kino və teatr kimi sənətlərlə ümumi prinsip və məqsədlərə riayət etmək şərti ilə məşğul olmaq günah deyil. Burada dinimizin inanc, əməl və əxlaq prinsiplərinə zidd hərəkət etməmək, haramlara vasitəçi olmamaq və başqalarının hüquqlarına təcavüz etməmək əsasdır. Qeyd edilən şərtlərə əməl edildiyi müddətcə sözügedən sahələrlə məşğul olmaqda hər hansı qəbahət yoxdur.

      Sual: Qadınlar ayaqyalın namaz qıla bilərlərmi? Corab geymək məcburidirmi?

      Cavab: Hənəfi məzhəbinə görə, qadınların ayaqlarının topuqdan aşağı hissəsi övrət yeri sayılmadığı üçün, topuqdan yuxarısı açıq olmamaq şərtilə corabsız namaz qıla bilərlər. Digər məzhəblərə görə isə, qadınların ayaqlarının topuqdan aşağı hissəsi də örtülməli olduğu üçün namazda da corab və ya paltarla örtülməlidir. Əks təqdirdə, namaz səhih olmaz.

      İbadətlərdə və halal-haram məsələlərində ehtiyatlı davranmaq daha məqsədəuyğun olduğu üçün qadınların namaz qılarkən corabdan istifadə etmələri ehtiyata müvafiq olan bir davranışdır.

      Sual: İçki içilən evdə namaz qılmaq olarmı?

      Cavab: Şübhəsiz ki, İslamda sərxoş edən hər cür içki haram buyurulmuşdur. Bunlardan istifadə etmək böyük günahdır. Müsəlman içkidən və içki içilən yerlərdən uzaq olmalıdır. Bundan əlavə, sərxoş ikən namaz qılmaq da ayrı bir günahdır. Namaz qılan insan Uca Allahın hüzurunda olduğu üçün bu ibadətin təmiz yerdə yerinə yetirilməsi əsasdır. Bununla yanaşı, bir evdə içki içilməsi orada namazın qılınmasına əngəl təşkil etmir. Odur ki, içki içilən evdə qılınan namaz səhihdir.

      • Hits: 103 clicks

      Tecox component by www.teglo.info