Home Arxiv 2017 № 132 Noyabr Nurlan MƏMMƏDZADƏ- DUYĞULARIN QANADINDA


    Nurlan MƏMMƏDZADƏ- DUYĞULARIN QANADINDA

      Share

      Səhər tezdən yola düşürük. Mənzilimiz Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndidir. Niyyətimizsə daha böyükdür. Cismən olmasa da, xəyalımızda doğma Qarabağı qarış-qarış gəzirik.

       Yol boyu hamının üzündə bu ifadə var. Bu səfərin mənzili Cocuq Mərcanlı olsa da, sanki ruhumuz Xarıbülbül diyarı Şuşanın çəmənliklərinə, Cıdır düzünə, keçilməz dağlar qoynundakı Kəlbəcərə, Laçına uçmaq istəyir.

      Horadizə yaxınlaşdıqca yol boyu qarşımıza çıxan köhnə səngərlər bir vaxtlar burada gedən döyüşləri canlandırır gözümüzün önündə. Bir qarışını belə düşmənə verməmək üçün özü boyda torpağın altında yatmağı seçən igid şəhidlərimizin əziz xatirəsini yad edirik bir daha. Bir az hüzn, bir az sevinc qarışıq duyğularla irəliləyirik. Horadizi keçirik və qarşımıza bir lövhə çıxır: Füzuli-31, Şuşa-53, Zəngilan-76, Qubadlı-78, Laçın-60... Burada yazılanlar sadəcə işğal altındakı torpaqlarımızın bir-biri arasındakı məsafə fərqidir. O cənnətməkan torpaqlardan bizi sadəcə bir neçə km ayırır. Ruhumuz orada olduğu üçün lövhə qarşısında duran cismimizin acı iztirab çəkdiyini hiss edirik. Ən azından gedə biləcəyimiz son nöqtəyə qədər irəliləməyin üzərimizdəki məsuliyyətini dərk edib, təkrar maşına əyləşirik. “Ver əlini Cocuq Mərcanlı”, - deyirik.

      Kəndə girmədən, son döngədən Lələtəpə görünür. Çox da uzaq olmayan məşhur Lələtəpə sanki bir qəhrəmanlıq abidəsidir, bura gələnləri salamlayır. Qarabağ uğrunda ən son döyüşlərin ötən ilin aprel ayında məhz burada baş verməsi bir daha canlanır gözümüzün önündə. Təpədə dalğalanan üçrəngli bayraq sanki şəhidlərimizin əziz xatirəsini yağan yağışdan, əsən küləkdən, şığıyan günəş şüalarından qoruyur. Bir ana nəvazişi ilə qol-qanad gərir şəhid oğulların əziz xatirəsinə. Dalğalanan şanlı bayrağımız eyni zamanda bizə son hədəfi deyil, sonuncu hədəfi göstərir. Qeyri-ixtiyari olaraq “Bayraqları bayraq yapan üstündəki qandır; torpaq, uğrunda ölən varsa vətəndir” misralarını pıçıldayıram qəlbimin qulağına...

      Bu duyğularla giririk Cocuq Mərcanlıya. Qəlbimizdə işğal altındakı torpaqların həsrəti olsa da, başımız dikdir. Birbaşa yeni salınmış kənd məktəbinə yollanırıq. Axı bura vətənə sevginin aşılandığı, milli-mənəvi dəyərlərin təlim olunduğu, hər şeydən əvvəl nümunəvi vətəndaş olmağın tədris edildiyi ülvi ocaqdır. Bura eyni zamanda millətimizin gələcəyidir. Azərbaycan bayrağının Lələtəpədən təhvil alınıb irəli cəbhələrə sancılıb-sancılmayacağını bu ocağın istisinə yığışan azyaşlılar müəyyən edəcək. Çox şükür ki, xəyal qırıqlığına uğramırıq. Dərsdən çıxıb evə yollanan şagirdlərin üzündəki təbəssüm sanki qaranquşa çevrilib bahar ab-havası yaradır. İşıqlı gələcəyin xəbərçisi olan uşaqlar çiyinlərində daşıdıqları çanta ilə gələcək qayğılarımızın yükünü xəfiflədir.

      Yenidənqurma və bərpa işləri aparılan bu kiçik yaşayış məntəqəsini gəzərkən qəflətən qarşımıza bir məscid çıxır. Aman Allah! Bu ki, Gövhər Ağa Məscididir! Bir anlıq özümüzü Şuşada hiss edirik. Xəyal dünyasından ayrılıb reallıq astanasından həyata boylanırıq. Bura Şuşa deyil, amma məscid o məsciddir. Bu, gələrkən yolda qarşılaşdığımız “Lələtəpədən Şuşaya” lövhəsində yazılanların gerçəyə çevrilməsinin milli-mənəvi dəyərlərimizi yaşatmaqdan keçdiyinin sübutudur. Qeyri-ixtiyari “İrfan”ın 56-cı buraxılışı gəlir gözümün önünə. Bir neçə il əvvəl Şuşa məscidinin şəklini qapağa qoyarkən “Orda bir məscid var” cümləsini yazdığım an keçirdiyim hissləri bir daha yaşayıram. Amma ogünkü uzaqlıq bir anda yerini yaxınlığa tərk edir. Cocuq Mərcanlı məscidində iki rükət namaz qılıb çölə çıxarkən özümü bir daha Şuşada hiss edirəm.  Lələtəpənin arxasından görünən qocaman Girs dağı toz zərrəciklərinə çevrilir və mən Şuşadayam. Atdığım hər addımda bunu hiss edirəm. Axı Şuşaya gedən yol Cocuq Mərcanlıdan keçir...

      • Hits: 43 clicks

      Tecox component by www.teglo.info