Home Arxiv 2017 № 132 Noyabr Rüfət ŞİRİNOV- HƏDİSLƏRİN İNKARINDA HƏDƏF İSLAMDIR


    Rüfət ŞİRİNOV- HƏDİSLƏRİN İNKARINDA HƏDƏF İSLAMDIR

      Share

      İslam dini heç bir zaman və dövrdə inkişaf və tərəqqinin qarşısında yer almamışdır. Əksinə, hər daim inkişaf və tərəqqini dəstəkləmiş, təşviq etmişdir.

       Məhz buna görə də İslam dini hər dövrdə öz sözünü demiş və bundan sonra da deyəcəkdir.  Günümüzdə çox eşitdiyimiz “dini modernizm”də isə məqsəd dini müasirləşmə şüarı ilə etibarsızlaşdırma çalışmasıdır. Qərbli şərqşünasların məqsədyönlü və məkrli anti-dini çalışmalarının İslam coğrafiyasındakı yansımaları məhz “modernizm” hərəkatı olaraq şəkillənmişdir. Son dövrlərdə  modernizm adı altında dinə qarşı aparılan kampaniyalardan biri də İslam dininin əsas sütunlarından biri olan hədislər barəsində insanların beyinlərinə şübhə toxumları səpmək və sünnəsiz “teorik din” təsis etməkdir. Bunu edərkən də özlərini haqlı göstərmək məqsədi ilə “Quran dini” şüarını əsas götürürlər.

      Hal-hazırda dünyada, ələl-xüsus da İslam coğrafiyasında önəminə əsasən hədis və sünnə barəsində fikir bulanıqlığı yaradılmaq istənir. Səbəb isə hədis və sünnənin dinin onurğası olmasıdır. Əlbəttə ki, əsas (vücud) Qurandır. Ancaq onurğa zədələnərsə, bütün vücud zərər görər. Məhz buna görə də uzun illər boyunca “qərbli şərqşünas”lar hədis sahəsində ciddi mənada tədqiqatlar aparmış və hədisləri yox etmənin yollarını axtarmışlar. Əlbəttə ki, məsələ texniki əsasları ehtiva etdiyinə və geniş olduğuna görə bütün fikir və məlumatlar burada səsləndirilməyəcəkdir. Bu yazının məqsədi qarşımızdakı təhlükəyə diqqət cəlb etmək və inananları agah etməkdir.  

      Şübhəsiz ki, hədis mənbələri Sünnənin ən etibarlı təsisçisidir. Nəbəvi hədislər İslam tətbiqatının (şəriətinin) əsas mənbəsi olması ilə yanaşı, eyni zamanda əqidə, hüquq və mədəniyyət kimi bütün mövzularda müraciət edilən əsas qaynaqdır. Hədisləri tədqiq etmənin əhəmiyyəti də məhz buna görə ortaya çıxır. Hədisin təsiri İslam mədəniyyətinin hər hansı bir sahəsi ilə məhdud deyil; o, İslam mədəniyyətinin bütün sahələrində təsiredici və təməlləndirici ünsürdür.

      Məqsədi İslam dininə zərər vermək olan “Qərbli şərqşünas”lar uzun müddət İslam ədəbiyyatı, tarixi və mədəniyyəti sahəsində tədqiqatlar aparmışlar. Ancaq hədislərə üz tutmaları son dövrlərə təsadüf edir. Bu sahədə ən dərin və “dəyərli” çalışmaları aparan şərqşünas Goldziherdir. Onun tədqiqatları 1890-cı ildə alman dilinə tərcümə edilmiş və bütün dünyaya yayılmışdır. Bu çalışma qərbli şərqşünasların və modernistlərin ilham mənbəyi sayılır. İslam mədəniyyəti və hüququ sahəsində ciddi əsərlər yazan və Goldziherin əsərlərindən bəhrələnən şərqşünas Schachtın hədislərə yanaşma tərzi qərb aləminin hədis barəsindəki görüşlərinə bələd olma baxımından önəmlidir. O “The Origins Of Muhammedan Jurisprudence” adlı əsərində belə demişdir: “Hədislər, ələlxüsus da hüquqi hədislərin heç biri səhih deyildir. Bütün hədislər sonradan uydurulmuşdur”. Məhz bu iddiasına və düşüncələrinə əsaslanaraq fikirlərini öz ölçüləri ilə məntiqli isbat etməsinə görə sözügedən əsər şərqşünas dünyasında “ikinci incil”olaraq qəbul edilmişdir. Schachtın fikirləri nəticəsində Goldziherin “şübhə yaratma məqsədli fikirləri” dəqiqlik qazanmış və bütün hədislər “işə yaramaz” olaraq qəbul edilmişdir.  

      Əslində qərblilərin İslam coğrafiyası üçün iki əsr əvvəl teorik olaraq təməlini atdıqları və inkişaf etdirdikləri iki təhlükəli layihə vardır. Bunlardan birincisi İslam dinini protestantlaşdırmaq, sekulyarlaşdırmaq və beləliklə, həyatdan uzaqlaşdırmaqdır. İkincisi də İslam dünyasındakı dirilik, birlik, canlılıq, mücadilə və müsəlmanlar arasındakı irtibatı gücləndirən sünnə onurğasını çökdürməkdir. Bu iki layihənin əsas hədəfi müsəlmanları bir-birinə düşmən etmək, inkişaf etməsinin qarşısını almaqdır.

      Bəs nəyə görə məhz hədislərə qarşı cəbhə alırlar? Çünki hədislər aradan qaldırılsa, Quranı istədikləri şəkildə izah etdirə biləcəklər. Heç şübhəsiz ki, hədislər aradan qaldırıldıqdan sonra növbə Qurani-Kərimə gələcəkdir. Quranda məntiqsiz və yersiz ayələrin olduğu söylənəcək, hökm ifadə edən ayələrin müasir dünyaya xitab etmədiyi ifadə ediləcək və nəticədə cəmiyyətə “təhrif olunmuş Quran anlayışı və din” sırınacaqdır.

      İslam coğrafiyası agah olmalıdır. Oxumalı, araşdırmalı və maariflənməlidir. Çünki İslam düşmənləri “həqiqi din”ə qarşı “saxta din” yaratmaq üçün əlindən gələn bütün vasitələrdən istifadə edir. “Dini xürafatlardan təmizləyirik”- deyərək müsəlman “alimlər” də öz modernist ağıllarına uyğun gəlməyən dini əsasları aradan qaldırmağa çalışaraq İslam düşmənlərinə köməklik göstərirlər. Odur ki, zehnimizi elmə və oxumağa doğru hicrət etdirək. Quran və hədislərə hicrət etməsək, nəticə İslam düşmənlərinin istədiyi kimi olacaqdır.  

      Hədislər olmadan din olmaz, Quran başa düşülməz. Hədislərin Quranın önünə keçdiyini iddia edənlər, görəsən, özlərinin çoxdan Quranın önünə keçdiklərini görə bilirlərmi?!

      • Hits: 11 clicks

      Tecox component by www.teglo.info