Home Arxiv 2017 № 132 Noyabr Aqil ƏLİYEV- Sünnənin Dindəki Yeri


    Aqil ƏLİYEV- Sünnənin Dindəki Yeri

      Share

      Sünnə gedilən yol, metod, adət, iz mənalarına gəlməkdədir. Allah Rəsulu (s.ə.s) tərəfindən Quranın mətni xaricində meydana gəlmiş hər növ söz, hərəkət və özünün görüb heç bir irad bildirmədən təsdiqlədiyi əməllər sünnəyə daxildir.

       Bu söz və əməllərin ümmət nəzərində ümumi bir hökm gətirmiş olması ilə müəyyən insanlara aid olması arasında heç bir fərq görülməmişdir. Bu əsrimizə qədər də sünnənin şəri bir dəlil olduğunu qəbul etməyən heç bir alim və ya qrup olmamışdır. Digər tərəfdən, Kitabın (Quranın) sünnəyə görə üstün olduğu mövzusunda da ixtilaf yoxdur. Çünki kitab – ləfz olaraq Allah dərgahından endirilmiş, ibadətlərimizdə oxumamız istənmiş, bütün insan və cinlərin ona oxşar bir ayəsini belə gətirməkdən aciz qaldıqları ilahi bir bəyandır. Sünnə isə bu xüsusiyyətə sahib deyildir. Bu yöndən baxıldığı zaman dəlillərin sıralanmasında sünnə, əlbəttə, kitabdan sonra yer almaqdadır.

      Quranda  sünnənin hökmünün bir dəlil olduğunu göstərən ayələr vardır. Biz bu ayələri inkar edib “Sünnəsiz İslam” anlayışını qəbul edə bilmərik. Bu bilavasitə bizim etiqadımızla, imanımızla əlaqəli, həm də təhlükəli bir mövzudur. Allah Rəsulunun (s.ə.s) möcüzə göstərməsi, rəbbindən təbliğ etdiyi xəbərlərin etibarlı olması, düzgün və xətadan qorunmuş olması sünnənin nə qədər etibarlı və vacib bir məsələ olduğunu göstərməkdədir. Deməli, Quran və sünnə bir-birinin ziddi deyil, əksinə, biri digərini dəstəkləyən iki qaynaqdır.

      İmam Şafeinin (r.ə) ifadəsi ilə: “Quranın oxunan, sünnənin isə rəvayət olunan vəhy olması iki dəlil arasında hər-hansı bir ziddiyyətin olmadığını göstərməkdədir”. Biri sünnə, digəri kitabdır deyərək birincisindən üz döndərilməməlidir. Müasir dövrümüzdə ən çox qarşılaşdığımız mövzulardan biri də: “Quran bizi birləşdirir, sünnə və hədislər isə parçalayır”, - təfriqəsidir. Bu fikir ortaya atılaraq müsəlmanlar sünnədən uzaqlaşdırılmağa çalışılır. Belə xətalara düşməmək üçün “Sünnə niyə var?” və “Sünnənin Qurandakı yeri nədir?” kimi mövzuları bilməyimiz lazımdır.  

      Sünnə Quran qarşısında üç vəzifəni yerinə yetirməkdədir: Təkid, təfsir və təşri.

      Təkid: Sünnə hər-hansı bir hökmə Quranda ifadə edildiyi kimi dəlalət edər, Quranın hökmünü qüvvətləndirər və ya bu hökmə uyğun bir ifadə işlədər. Məsələn: “Namazı qılın və zəkatı verin”, “Ey inananlar, oruc sizə fərz buyuruldu…”, “(Kəbəyə) həccə getməyə gücü çatanların həcc etməsi Allahın insanlar üzərində bir haqqıdır” ayələrində mütləq olaraq ifadə olunan İslamın şərtləri: “İslam beş təməl üzərində qurulmuşdur...” (Buxari, İman, 2; Müslim, İman, 19-22) hədisi ilə dəstəklənməkdədir.

      Təfsir (açıqlama, izah): Sünnə Quranda olan hər-hansı bir hökmü bir neçə yöndən açıqlayar. Buna: qısa təmas edilmiş üstüörtülü hökmlərlə (mücməl) başa düşülməsi heç də asan olmayan ayələrin açıqlanması (müşkül), mütləq olan hökmlərin müəyyən şərtlərə bağlanması (təqyid) və ümumi hökmlərin xüsusiləşdirilməsi (təxsis) deyilir. Məsələn: Namaz və zəkatın yerinə-yetirilməsi qaydası, orucla bağlı “ …Ağ iplə qara ip sizin üçün ayırd edilincəyə qədər yeyib-içə bilərsiniz” (əl-Bəqərə,187) ayəsindəki “ağ ip” və “qara ip”in gündüzün aydınlığı ilə gecənin qaranlığı olduğunu bildirən hədislər (Əbu Davud, Mənasik, 56), “İnandığı halda öz imanlarına hər-hansı bir zülm bulaşdırmayanlar”(əl-Ənam, 82) ayəsindəki “zülm”dən məqsədin “şirk” olduğunu açıqlayan hədis sünnənin bu xüsusiyyətini ortaya qoymaqdadır. Sünnənin daha çox yerinə yetirdiyi funksiya kitabı açıqlamaqdır. Sünnənin bu iki funksiyası haqqında İslam alimləri arasında heç bir ixtilaf yoxdur.

      Təşri (hökm qoymaq): Quranın hökm gətirmədiyi hər-hansı bir mövzuda sünnə araya girər və bir hökm qoyar. Bu mövzu alimlər arasında müzakirə obyekti olmuşdur. Bəzi alimlər: “Allah-Təala Peyğəmbərə itaəti fərz buyurmuşdur və Peyğəmbərin öz rizasına uyğun davranacağını bildiyi üçün Kitabda hökmü müəyyənləşdirilməyən mövzularda peyğəmbərinə hökm qoyma səlahiyyəti vermişdir” qənaətinə gəlmiş, bir qisim alimlər də: “O, kefi istəyəni (havadan) danışmır. Bu, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir” (ən-Nəcm, 3-4) ayəsini dəlil gətirərək, - “Allah Rəsulunun sünnə olaraq ortaya qoyduğu hər şey onun qəlbinə Allah-Təala tərəfındən qoyulan hikmətdən ibarətdir”, - demişlər. Məsələn: “... Bunların xaricində qalanlar sizə halal buyuruldu” (ən-Nisa, 24) ayəsi endikdən sonra Allah Rəsulu (s.ə.s): “Həyat yoldaşının xalası ilə eyni nigah altında birləşməsi haramdır. Nəsəb yolu ilə haram olan, süd əmməklə də haramdır”, (Buxari, Nigah 27; Müslim, Nigah 33) – buyuraraq evlənmə sahəsindəki haram dairəsini genişlətmişdir.

      Son olaraq bunu da bilməliyik ki, sünnə olmadan ibadətlərimizin şəkil və miqdarını təyin etmək imkansızdır. Eyni zamanda sünnə olmadan mükəmməl əxlaqa da sahib ola bilmərik. Bunun üçün Uca Allah buyurur: “Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl nümunədir”. (əl-Əhzab, 21)

      • Hits: 10 clicks

      Tecox component by www.teglo.info