Home Arxiv 2017 № 132 Noyabr Şükür ƏNDƏLİFOV- DOSTLUQ VƏ SƏMİMİYYƏT


    Şükür ƏNDƏLİFOV- DOSTLUQ VƏ SƏMİMİYYƏT

      Share

      Qurani-Kərim bizə Allaha iman etməklə yanaşı, rizasına nail ola bilməyimiz üçün bir çox xeyirli və gözəl işləri görməyimizi əmr edir.

       İctimai münasibətlərdə riayət edəcəyimiz qaydaları ifadə edən ayələrin birində Uca Allah möminin ürəyinin başqa insanlara meyl etməməsi xəbərdarlığını edərək belə buyurur:  “Zülm edənlərə meyl etməyin. Yoxsa sizə də atəş toxunar. Sizin Allahdan başqa dostlarınız yoxdur. Sonra sizə kömək də edilməz”.[1]

      İnsanın insan olaraq yaşaya bilməsi və başqa insanlarla münasibət qura bilməsi üçün inandığı və bağlandığı bəzi dəyərlərin olması mütləqdir. Dostluq iki insan arasında qurulan səmimi və yaxın münasibəti ifadə edir. Bu yaxın münasibət iki insanı bir araya gətirməklə bərabər, aralarındakı sevgi, hörmət və qarşılıqlı məhəbbəti də təmin edir. İnsanlar fiziki mənada bir-birindən uzaqda ola bilərlər, ancaq bu hal mənəvi yöndən bir-birini sevmələri, maraq göstərmələri və məhəbbət bəsləmələrinə əngəl təşkil etməz. Bu məhəbbət dostluqla ifadə edilir. İki insan arasında yaxın və səmimi münasibət varsa, bu insanlar eyni zamanda dostdurlar. Quran insanlığı Allaha imana dəvət etməkdə və bu iman çərçivəsində bir həyat yaşamağı tövsiyə etməkdədir. Həyata iman pəncərəsindən baxan insan özü kimi insanları dost olaraq görər və onlarla daha səmimi bir rəftar içində olar.

      Dostluq və səmimiyyətin meydana gəlməsi və davam etdirilməsində dini- əxlaqi dəyərlərin önəmli bir yeri vardır. Əxlaqi  dəyərlər həyatımızın  mərkəzində dayanır. Əxlaqın bütün hərəkətlərimizin nüvəsini təşkil etdiyini ifadə edən alimlər:  “Dünyada əxlaqdan daha gözəl bir şey yoxdur”,[2] - deyə fikir irəli sürmüşlər. Dini və əxlaqi dəyərlərə söykənməyən bir dostluq təməli olmayan bir münasibət kimi düşünülə bilər. Əxlaqında mənfilik xüsusiyyətləri çox olan insanlar arasında qurulan şəxsi münasibətləri nəzərə alsaq, bunun daha təhlükəli olduğunu düşünə bilərik. Belə insanların münasibətləri daim risklidir.

      Hz. Muhamməd (s.ə.s) insanlarla həm səmimi olmuş,  həm də dostluq münasibətlərinə əhəmiyyət vermiş, təşviq edib bunu şəxsi davranışlarında da göstərmişdir. Ancaq bu səmimiyyətdən qaynaqlanan dostluğun nəzarət altında saxlanmasını və mənfi halların qarşısının alınmasını da tənbehləmişdir. Allah Rəsulu yaxşı və pis yoldaşın təsirini bu misalla ifadə edir. “Yaxşı və pis dostun misalı gözəl qoxu satanla körük çəkən kimsənin misalı kimidir. Müşk satan ya sənə gözəl qoxusundan bir miqdar verər, ya sən satın alarsan, ya da heç olmasa onunla birlikdə olduğun müddətcə gözəl qoxu iyləmiş olarsan. Körük çəkən kimsə isə ya paltarını yandırar, ya da heç olmasa körüyün pis qoxusundan narahat olarsan”.[3]

      Peyğəmbərimizin səhabələri ilə arasında olan səmimiyyəti bizə nümunə göstərən bir çox hekayələr rəvayət olunur. Onlardan biri belədir: Bir səyahət əsnasında fasilə veriləndə, səhabələr görəcəkləri  işləri öz aralarında bölüdürmüş və Hz. Peyğəmbəri iş görməkdən uzaq tutmuşdular. Elə bu vaxt Hz. Peyğəmbər (s.ə.s) ocaq yandırmaq üçün odun yığacağını deyir. Səhabələr o işi özlərinin edəcəyini desələr də,  Hz. Peyğəmbər onların fikirləriylə razılaşmır və şəxsən özü odun yığmağa başlayır.[4] Bu və buna bənzər davranışlarına baxdığımız zaman Hz. Peyğəmbərin səhabə ilə olan münasibətlərində yüksək səviyyədə səmimiyyət və dostluğun hakim olduğunu görürük.

      Dostların bir-birilərinin səhvlərini düzətmələri dostluq ədəbinin, bəlkə də, ən birinci maddəsidir. Hz. Ömər (r.a) tez-tez moizə və xütbələrində: “Ey əhali, məndə bir qüsur, səhv,  üsyan əlaməti varsa, heç çəkinmədən söyləyin ki, düzəldim. Mənə səhvlərimi deyənlərdən Allah razı olsun!” - deyərdi.

      Uca Allah Ali İmran surəsinin 28-ci ayəsində möminlərin möminləri buraxıb başqalarını içdən gələn bir sevgi bağı ilə dost və yoldaş tutmalarını qadağan edir. Zahiri dostluq qınanılmır, bu, insan fitrətinə zidd deyil. Amma onlarla sirlərinə  vaqif  olacaq  şəkildə  səmimi dost və yoldaş olmaq uyğun görülmür. Bununla yanaşı, qeyri-müslimlərə qarşı da ədalətli, insaflı, mərhəmətli və gülər üzlü olmaq lazımdır.

      Dostluq qurarkən bir məsələni də unutmamaq lazımdır ki, insan xətasız olmaz. Allaha üsyan mənasına gəlməyən kiçik xətalar dostlar arasında ayrılıq səbəbi olmamalıdır. Bu mənada Həzrət Mövlananın “Eyibsiz dost axtaran dostsuz qalar” sözünü də unutmamaq yerinə düşərdi.

       

       


      [1] Hud,11/113

      [2] Nürəddin Topçu, İslam və İnsan, Mevlana və Tasavvuf, s 82

      [3] Riyazüs-salihin, c, II, 364

      [4] Siret, Ensiklopediyası, I, 63

       

      • Hits: 12 clicks

      Tecox component by www.teglo.info