Tarixi "Özəlləşdirmək" Olmaz ! / Rövşən Qəniyev

      Share

      23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti nadir bir fenomen idi. Xalq Cümhuriyyəti ölkəmizdə XIX əsrin sonundan vüsət tapmış milli azadlıq hərəkatının, məmləkətimizdə yayılan ictimai fikirlərin,

       çarizmə qarşı mübarizənin nəticəsi idi. Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə konkret zaman və məkan çərçivəsində yanaşmaq vacibdir. Bu tarix isə ondan ibarətdir ki, 1918-ci il mayın 28-də Xalq Cümhuriyyəti elan edilib və bu gerçəklik bizim xalqımıza müstəqil dövlətin nə olduğunu daddırıb. Cümhuriyyətin qurucuları qısa müddət ərzində bu dövlətin atributlarını, onun strukturlarını, hökumətini, parlamentini, ordusunu, təhlükəsizlik strukturlarını və s. qura biliblər. O ki qaldı dövlətin nə qədər yaşamasına, bu xarici amillərdən, beynəlxalq və geopolitik situasiyadan asılı olub. Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu mürəkkəb dövr üçün isə xarici faktorlar əsas rol oynayırdı. Qısa olaraq vurğulamaq lazımdır ki, o vaxt Azərbaycan və ümumilikdə Cənubi Qafqaz uğrunda aparılan mübarizə, xüsusilə əlverişsiz beynəlxalq vəziyyət bu dövlətin süqutuna gətirib çıxardı. Birinci Dünya müharibəsindən sonra qalib dövlətlərin başı əsasən öz problemlərini həll etməyə qarışmışdı. Buna baxmayaraq 1920-ci il yanvarın 11-də Azərbaycan Xalq Cümhuriyyəti Parisdə de-fakto olaraq tanındı və bu, millətimizin tarixində böyük hadisə idi.

      Cənubi Qafqazdakı dövlətlərin hər üçünün istiqlalı 1918-ci ilin mayında elan olunsa da, Ermənistanın və Gürcüstanın müstəqilliyinin ömrü Azərbaycan Xalq Cümhuriyyətinə nisbətən bir qədər çox oldu. Amma burada bir gerçəyi yaddan çıxarmaq lazım deyil. Əvvəla, bolşevik Rusiyasının Cənubi Qafqazı əldən vermək istəmədiyi bəlli idi və bolşeviklər imkan düşən kimi bu işğalı həyata keçirəcəkdilər - birini tez, birini gec - fərqi yox idi. İndi olduğu kimi, o vaxt da Azərbaycan Cənubi Qafqazın açar ölkəsi idi və bolşevik Rusiyasının birinci hədəf kimi Azərbaycanı seçməsi təsadüfi deyildi. Burada bir sıra iqtisadi, hərbi, coğrafi-siyasi və s. faktorlar içərisində ən böyük faktor, sözsüz ki, neft idi. Əgər həmin neft Bakıda deyil, tutaq ki, Tiflisdə, yaxud İrəvanda olsaydı, əminliklə demək olar ki, bolşeviklərin birinci hədəfi də onlar olacaqdı.

      O ki qaldı, cümhuriyyət xadimlərindən kimisə M.Rəsulzadənin kölgəsinə salınmasına, yaxud əksinə, M.Rəsulzadəni kimlərinsə kölgəsində təqdim olunmasına, bu cəhdlərin hər ikisi tarixi tədqiqatların metodologiyasına ziddir, tarixin yersiz yerə siyasiləşdirilməsidir. M.Rəsulzadə böyük ideoloq, böyük azərbaycançı, türkçü idi və Xalq Cümhuriyyətinin yaradılmasında onun müstəsna xidməti var. Eyni dərəcədə yadda saxlamaq lazımdır ki, dövləti bir şəxs qurmur. Cümhuriyyət dövrünün bütün xadimlərinin o tarixdə böyük rolu vardır. Tarixdə çox şəxsiyyətlərin adı qalır. Amma dövlət adamının tarixdə qalmasının başlıca şərtlərindən biri onun dövlət və millət üçün gördüyü işlərdir. Bu baxımdan Cümhuriyyət dövrünün xadimlərinin fəaliyyətində hansısa səhvlər və nöqsanlar da tapmaq olar. Onların həyatını nə ideallaşdırmaq, nə də inkar etmək lazımdır.

      Xalq Cümhuriyyətinin yaradılması və fəaliyyətində, parlament və hökumətdə bir neçə siyasi partiyanın nümayəndələri iştirak edib. Onların böyük əksəriyyəti bu dövlətin yaşaması üçün çalışıblar. Biz də bu tarixi olduğu kimi, necə varsa elə öyrənməli və qəbul etməliyik. Fəxr etməliyik ki, millətimiz dövlətqurucu millətdir. Cümhuriyyət dövrünün xadimlərinin əksəriyyətinin həyatı faciəli bitib. M.Rəsulzadə uzun illər mühacirətdə yaşayıb və Ankarada "Azərbaycan" deyərək vəfat edib, Ə.Topçubaşov Parisdə dünyasını dəyişib, F.Xoyski və H.Ağayev Tiflisdə qətlə yetiriliblər. Amma bu xadimlərin bir arzusu olub - Azərbaycanın müstəqilliyi, onun yaşaması. İndi həmin arzu həyata keçib və bu gün müstəqil dövlətimizin yaşaması və tərəqqisi onların ruhunun şad olması deməkdir. Burada bir mühüm məqamı xüsusi vurğulamaq lazımdır. Əgər 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti mövcud olmasaydı, onda 1920-ci ilin aprel işğalından sonra Azərbaycan SSR də olmayacaqdı. Əgər Azərbaycan SSR olmasaydı, 1991-ci ildə digər müttəfiq respublikalar müstəqillik əldə edəndə, Azərbaycan xalqı hansı vəziyyətdə olacaqdı? Xalq Cümhuriyyətini elan edənlər Azərbaycanın müstəqil dövlətçilik tarixinin əsasını qoyublar və buna görə biz onlara daima minnətdar olmalıyıq. Çox müsbət haldır ki, mərhum prezident Heydər Əliyev hakimiyyəti dövründə bu tarixin öyrənilməsinə böyük diqqət verib, Xalq Cümhuriyyəti xadimlərinin tariximizdəki müstəsna rolunu hər zaman böyük ehtiramla anıb. 2003-cü ildə Xalq Cümhuriyyətinin 85 illiyi ilə bağlı geniş tədbirlər keçirildi, cümhuriyyət xadimlərinin xatirəsinin əbədiləşdirilməsi barədə sərəncam imzalandı. Eyni zamanda, prezident İlham Əliyev bu ənənəni davam etdirir və onun sərəncamı ilə Xalq Cümhuriyyətinin ensiklopediyası hazırlanmışdır.

      Tarixdə dəfələrlə sübut olunmuş bir həqiqət var - dövləti irəli aparan onun milli lideridir. Məhz liderin dövlətin ağır vaxtında irəli çıxması və tarixi məsuliyyəti üzərinə götürməsi həmin dövləti xilas edib. Tarixin bütün dövrlərində belə olub, indi də belədir - dövləti, dövlətçiliyi xilas etmiş lider həmin dövlət durduqca yaşayacaq. Bu milli liderlər xalqın olduğuna görə onları yetirən tarix də xalqındır. Bu tarix üzərindən siyasi dividend qazanmaq, onu “özəlləşdirmək” və siyasi ideologiyaya qurban vermək isə xəyanətdir.

       

      • Hits: 728 clicks

      Tecox component by www.teglo.info