Home Arxiv 2017 № 131 Oktyabr Eldar KƏRİMOV- Rəqib Özünsən!


    Eldar KƏRİMOV- Rəqib Özünsən!

      Share

      Uşaq yaşlarından bizə başqalarının uğur hekayələri haqqında danışılıb və bizim qarşımıza fərqli rollar qoyulub.

       “Bax! Bunun kimi çalışıb, bunun kimi olmalısan, əgər onun kimi olmasan, səndən heç bir şey olmayacaq!..” kimi bənzətmələri çox eşitmişik. Nə qədər yaxşı olmağa çalışsaq da, qonşunun uşaqları hər zaman valideynlərimizin gözündə bizdən daha tərbiyəli və daha ağıllı olublar. Ümumiyyətlə, bizi özümüz kimi çox nadir hallarda qiymətləndiriblər. Davamlı olaraq bizim dəyərimiz başqalarının dəyər şkalasına görə tənzimlənib. 

      Bunun da nəticəsi olaraq valideynlərin “qonşunun uşaqları edə bilər, bizim uşaq bacarmaz” kimi düşüncələri yavaş-yavaş öz övladlarına qarşı inamsızlığı formalaşdırır.  Əgər nə vaxtsa valideyn  öz övladının bir işinə sərmayə qoyacağını düşünürdüsə, bu yanaşma onu bu əməlindən uzaqlaşdırır. Həqiqətən potensialı olan bir uşaq da bu anormal düşüncənin qurbanına çevrilərək bir ömür boyu uğur nərdivanlarının yüksək pillələrinə qalxa bilmir. Ətrafdakı başqa insanlar davamlı olaraq rəqib göstərildiyi üçün insan özünün sahib olduğu gücdən xəbərsiz qalır.

      Gələcək nəslin tərbiyəsində onları başqalarıyla müqayisə etmək yerinə öz güclərinin kəşf edilməsinə çalışmaq metodu daha uğurlu sayıla bilər. Uşaqların və ya növbəti inkişaf mərhələsində gənclərin başqalarının onlardan güclü olduğunu düşünüb uğur qazanmaq üçün heç bir cəhd göstərməməsi yanlış tərbiyə metodunun nəticələrindən sadəcə biridir. Özünün əlində olmayan səbəblərdən geri qaldığını düşünən bir fərd əskiklik kompleksinin qurbanına çevrilir. Bunun nəticəsi olaraq da hər şeyi edə biləcək gücə və ya potensiala sahib olsa da, daxili hərəkət qüvvəsi olmadığına görə ətalət baş verir. İnsan bədənində ətalətin baş verməsi hərəkət mexanizmasını zəiflədir. Bu səbəblədir ki, cəmiyyətimizdə kifayət qədər uğursuzluq sindromuna düçar olmuş fərdlər (gənclər) var.

      Bu vəziyyətdə valideynlərin və cəmiyyətin təhsil institutlarının üzərinə düşən əsas vəzifə beynəlxalq təcrübədən istifadə edərək insan kapitalının inkişaf etdirilməsində yeni reformlara açıq olmaqdır.  İnkişaf etmiş ölkələrdə olduğu kimi, uşaqlıq dövründən etibarən fərdlərin qabiliyyətləri istiqamətində inkişaf etdirilməsi zəruri məsələlərdən biridir. Ancaq burda qeyd edilən təklifin də cəmiyyətimizdə kor-koranə tətbiq edilməsi doğru deyil. Hər hansı bir modelin tətbiqi əsnasında modelin tətbiq ediləcəyi qrupun və ya qrupların psixo-sosial vəziyyəti nəzərdən qaçmamalıdır. İstər sosial, istərsə də psixoloji baxımdan hazır olmayan bir topluma onun həzm edə bilmədiyi metodların tətbiq edilməsi onların xeyrindən çox zərərinə səbəb ola bilər. Bu məqamda bir çox milli-mənəvi dəyərləri ehtiva edən prinsiplər cəmiyyətimizlə eynilik təşkil etməyə bilər. Belə hallarda tətbiq ediləcək metodların bizə və cəmiyyətimizə uyğun tərəflərindən faydalanmaq lazımdır.

      Bu faydalı nöqtələrdən biri, özünə başqalarını rəqib görmək yerinə, özünü özünə rəqib görmək metodudur. Bu metodun işləmə mexanizmi isə ondan ibarətdir ki, siz başqaları haqqında düşünməkdənsə, özünüzün gücü və qabiliyyəti haqqında düşünürsünüz. Bundan sonrakı mərhələlərdə güc və qabiliyyətinizin düzgün istifadəsinə baş yorursuz. İstənilən işin öhdəsindən gələ biləcəyinizi düşündüyünüz zaman isə daxili hərəkət motorunu işə salmağınız lazım gələcək. Bu mərhələdə motorun işə düşməməsi üçün əlindən gələni əsirgəməyən bir çox daxili (nəfsimizin daha rahat işlərə meyl etməsi kimi) və xarici (ətrafımızdakı insanların “sən bunu edə bilməzsən” kimi neqativ təsirləri) faktorlarla qarşılaşacaqsınız. Bütün bunlara məhəl qoymadan görəcəyiniz işə atdığınız ilk addım isə sizin uğurunuzun tamamı olmasa da, yarısı olacaq. Bu gün qeyd etdiklərimi sən özün üçün edə bilmirsənsə, sənin üçün bunları heç kim etməyəcək. Sənin başqalarına məğlubiyyətin özünə məğlubiyyətinin nəticəsidir. Özünə məğlub olmayan insanlar heç bir zaman başqalarına məğlub olmurlar. Məğlubiyyətin qaçılmaz olduğu zamanlarda belə məğlubiyyətdən sonra ayaqda durmaq qalibiyyətin başqa bir formasıdır.

      Bundan əlavə, bir müsəlman olaraq dinimiz də bizdən oxuyub-düşünməyi, güclü bir müsəlman olmaq üçün daha çox çalışmağı tələb edir. Allaha edilən təvəkkül mexanizması da çalışa bildiyinin ən çoxunu etdikdən sonra baş verən anlayışdır. Yoxsa olmasını istədiyin hər hansı bir iş haqqında heç bir iş görmədən edilən təvəkkül anlayışının dinimizdə yeri yoxdur.  İnsana verilən cüzi iradənin də məhz mahiyyəti bundan ibarətdir ki, yaxşılığa doğru dəyişməyi reallaşdıra biləsən. Son olaraq deyə bilərik ki, öz nəfsinə qalib gəlib yaxşıya doğru dəyişməyənlər bir gün hər kəsə məğlub olub pisliklərə doğru yön almağa məhkumdur...

      • Hits: 38 clicks

      Tecox component by www.teglo.info