Saleh ŞİRİNOV- NAMAZ QILANLARDAN OLMAQ

      Share

      Mömin üçün namaz Allah ilə baş-başa qalmaqdır. Namaz cənnətin qapısını açan bir açardır.

       İlk sorğu-sual, ilk keçid bəndi namazdır.

      Hz. Rəsulullah (s.ə.s) Bəqərə surəsinin son iki ayəsini və namaz əmrini meracda aldı. Peyğəmbərimiz (s.ə.s) buyurur ki: “Mənə merac ikram edildi. Meracdan dönərkən də ümmətimə namaz verildi. Demək ki, mənim ümmətimin meracı namazdır”.

      Quran mömini tərif edərkən: “mömin qeybin, göylərin Allahına iman gətirən və namaz qılan insandır” buyurur.

      Müddəssir surəsinin 42-46-cı ayələrində cəhənnəmə girənlərin hansı səbəbdən dolayı cəhənnəmə girdikləri belə bildirilir: “Siz niyə cəhənnəmdəsiniz, sizi bu cəhənnəmə nə düşürdü?” sualına cəhənnəmdəkilər cavab verir: “Biz namaz qılanlardan deyildik. Yoxsulu da doyurmazdıq. Kim nə səhv etsə, biz də onu edərdik. Haqq-hesab gününü də yalan sayardıq”.

      Demək ki, Qurani-Kərimə görə cəhənnəmliklərin ortaq xətaları dörd maddədə xülasə edilir: Namaz qılmamaq, ehtiyac sahibi ilə maraqlanmamaq, kiminsə nəsə deməyinə görə yaşamaq və Qiyaməti inkar etmək.

      Günümüzdə namaz qılanların sayı bir miqdar da olsa çoxalıb, amma onların arasında namaz qıldığı halda yaşayış tərzində bir dəyişikliyə nail olmayanlar da çoxdur. Namaz qılan var, məsciddən çıxan kimi faizə gedir. Namaz qılan var, namaz onun yalanını əngəlləmir, qeybətini əngəlləmir. Namaz qılan var, qul haqqına girməyini əngəlləmir. Namaz qılan var, qıldığı namaz onun ağzından çıxan sözlərini, danışığını düzəldə bilmir. Bu, sadəcə namaz qılmaqdır, namazın təsirinə düşmədən əyilib-qalxmaq... Bir də var, xarici və daxili aləmində dəyişikliklər yaşayaraq namazlılar arasında görünmək, namaz qılanlardan olmaq.

      Namaz qılanlardan olmaq, namazı yaşamaq deməkdir; namaz qıldığı üçün harama bulaşa bilmir, haqqa girməkdən qorxur, qəlb qırmaqdan qorxur deməkdir.

      Namaz qılanlardan olmaq bir üstünlükdür, fərqlilikdir. Çünki namaz bir səviyyədir, şəxsiyyət nişanıdır. Namaz qılanlardan olanlar yalan danışa bilməzlər, sözündən dönə bilməzlər, aldıqları əmanətə xəyanət etməz, həyat yoldaşına, ailəsinə, qohumlarına Allahın tanıdığı haqqı yox saya bilməzlər.

      Namaz qılmaq Allahla bərabər yaşamağın simvoludur. Bu simvolu anlamamış olanlar ancaq namaz əyilmələri, namaz qalxmaları, yəni sadəcə namaz hərəkətlərini edirlər.

      Bu din namaz dinidir. Hər şeyimizi; avtobus biletini də, övladlarımızın tərbiyəsini də, işimizi və iş yerimizi də, evimizi də məscidə görə, namaza görə nizamlayacağıq. Namaza fəda edilə bilməyəcək nəyimiz var ki?! Nəyimiz namazdan daha dəyərlidir ki?!

      Ona görə də təkcə hərəkətləri ilə namaz qılmaq yetmir. Bizi qurtara bilməsi üçün namaz qılanlardan olmaq mühümdür.

      Namazımızın nə qədər keyfiyyətli olduğunu öyrənmək, test etmək heç də çətin deyil. Ənkəbut surəsinin 45-ci ayəsində Allah-Təala buyurur:  “Namaz (insanı) çirkin və pis əməllərdən, yaramaz işlərdən çəkindirər”. Test ölçüsü bu ayədir. Bu ayəyə baxaraq özünü test elə: “Ağzından çıxan cümlələr arasında onun-bunun irzinə-namusuna dil uzatmaq, anasına, ölmüşlərinə söymək varmı? Hərəkətlərimizin arasında Kəbə yıxmaq qədər böyük vəbalı olan qəlb qırmaq varmı? Haram yemə-içmə varmı? Namaz sənə cənnət həyəcanı verirmi? Cəhənnəm qorxusu verirmi?

      İmanı, ibadəti və əxlaqı ilə cənnətə girməyə gücü çatmayanı nə saqqalı, nə təsbehi, nə də hansısa geyim forması cənnətə salmaz. Əxlaq düzgün deyilsə, ibadət onu pis vərdişlərdən qurtarmırsa, bəyənilməyən xasiyyətlərdən, cahillikdəki hərəkətlərindən çəkindirmirsə, cismani görüntülərin arxasına sığınmağın xeyri yoxdur.

      Biz namaz ümmətiyik! Bizim üçün hər şeydən öncə namaz gəlir. Dəstəmaz ala bilməmək bir üzr deyil. Təyəmmüm edə bilməmək bir üzr deyil. Şikəst, iflic olmaq üzr deyil. Xəstə olmaq üzr deyil. Dəstəmaz ala bilməyənə “təyəmmüm et” buyurur, Allah. Təyəmmüm də edə bilməyəcək vəziyyətdədirsə, təyəmmümsüz qıl deyir. Qibləyə dönə bilməyənə, “hara dönə bilirsənsə dön, elə qıl” deyir. Ayaqda dura bilməyənə “yatdığın yerdə qıl” deyir. Fatihəni oxuya bilməyənə də, “bir dəfə Allah de, rüku et” deyir. Başımı da tərpədə bilmirəm deyənlərə: “gözün tərpənirmi, gözünlə qılacaqsan” deyir. Ən azından gözünü tərpədəcəksən Allah üçün. Allah gözünü tərpədə bilənə “gözünü tərpət, gündə beş dəfə səni görüm” deyir.

      Xülasə, düzgün bir namaz Allah ilə görüşməkdir, Allahla bərabərlikdir. Ona görə də onu itirən nə itirdiyinə diqqət etməlidir. Biz namaza sahib çıxdığımız qədər Allah da bizə sahib çıxacaqdır.

      • Hits: 374 clicks

      Tecox component by www.teglo.info