Kamran MƏMMƏDOV- Cinlər Aləmi

      Share

      Ərəb dilində “cin” kəlməsi gizlənmək, gizli qalmaq, gözlə görülməyən gizli qüvvələr mənasına gəlir.

       Qurani-Kərimdə “cinn”, “cann” və “cinnət” şəklində işlədilmişdir. Erkəklərinə cinni, dişilərinə isə cinniyyə adı verilir. Cinlərin tək fərdinə də “cinni” deyilir. Cənnət də həmçinin, öz əhlini ağacları ilə örtdüyünə, gizlədiyinə görə eyni kəlmədən törəmişdir.

      İslamdan əvvəl Ərəbistanda cinlər səhra əfsanələrindən sayılırdı. Təbiət həyatının insanların hökmü altına girməmiş və buna görə də düşmən sayılan tərəfini təmsil edirdilər. Hz. Peyğəmbərin (s.ə.s) bisəti (göndərilməsi) dövründə cinlər əhəmiyyətli və bilinməyən tanrılardan sayılırdı. Məkkə ərəbləri cinlər ilə Allah arasında bir yaxınlıq olduğunu söyləyir, onları Allahın ortaqları mərtəbəsinə çıxarır və onlardan kömək diləyirdilər.

      Bu dünyada vəhyə müxatəb tək  varlıq insan deyil. Ancaq peyğəmbərlərin və bəzi salehlərin gördüyü varlıqlar da var ki, bunlar mələklər ilə cinlərdir. Bunlar müxtəlif şəkillərə girə biləcək qabiliyyətdə yaradılmışlar. Mələklər Allaha itaətdən əsla boyun qaçırmazlar. Göylərdən Allah-Təalanın əmri ilə yer üzünə enər, yenidən göylərə yüksələrlər. Cinlər isə insanlar kimi yer üzündə olurlar. Mömin və kafir olanları vardır. Mələklərin və cinlərin varlığı Quran və sünnə ilə sabit olduğuna görə bunları inkar etmək İslam əqidəsini zədələyər.

      Cinlərin varlığı və bunun dəlilləri:

      Cinlərin varlığı Quran və sünnə ilə sabitdir.

      Allah “əl-Cinn” surəsindən başqa  Qurani-Kərimin bir çox yerində onlardan bəhs etmişdir. Bu ayələrdən bir neçəsi belədir:

      “Mən cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə yaratdım”. (əz-Zariyat 51/56)

      “O zaman cinlərin bir qrupunu Quranı dinləmələri üçün sənə yönəltmişdik”. (əl-Əhqaf 46/29)

      Sünnədə də cinlərin varlıqlarını isbat edən və onlardan xəbər verən bir çox hədisi-şərif var. Bir hədisi-şərifdə belə nəql edilir:

      “Rəsulullah (s.ə.s.) səhabələrindən bir dəstə ilə birlikdə Ukaz yarmarkasına getmək üçün yola çıxdı. O əsnada şeytanlara göydən xəbər almaq qadağan edilmiş, üzərlərinə göy daşları (meteoritlər) atılmışdı. Buna görə də şeytanlar öz qövmlərinin yanına dönmüşdülər. Qövmləri onlara: “Sizə nə oldu?” - dedi. Şeytanlar: “Səmadan xəbər almaqdan məhrum edildik. Üstümüzə daşlar atıldı”, - deyə cavab verdilər. Qövmləri: “Siz dərhal yer üzünün şərqini-qərbini gəzin və baxın, görün səmadan xəbər almağımıza mane olan bu şey nədir?” - dedilər. Onlardan Tihamə tərəflərinə gedən bir dəstə Ukaz yarmarkasına getməkdə olan Peyğəmbərin (s.ə.s.) Nəhlə deyilən yerdə səhabələrinə sübh namazını qıldırdığını görüb yanına gəldilər. Cinlər Quranı eşidincə onu dinlədi və (bir-birlərinə) səmadan xəbər almağımıza mane törədən budur”, - dedilər. Sonra qövmlərinə dönərək: “Ey qövmümüz! Biz doğru yolu göstərən qəribə bir Quran dinlədik və ona iman etdik, bundan sonra Rəbbimizə əsla heç bir şeyi şərik qoşmayacağıq”, - dedilər”. Bundan sonra Allah-Təala Peyğəmbərimizə (s.ə.s.): “De ki: Mənə vəhy olundu ki, bir dəstə cin dedilər: “Biz çox qəribə bir Quran dinlədik” (əl-Cinn 72/1) ayəsini endirdi. (Müslim, Salat 33; Tirmizi, Təfsir 47)     

      Cinlərin mükəlləf olması

      Cinlər həm  dünya, həm də axirət işlərində insanlar kimi mükəlləf olub onlara da peyğəmbərlər göndərilmişdir. Cinlərin peyğəmbərləri də insanlardandır.

      “Ey cin və insan birliyi; sizə öz içinizdən ayələrimi izah edən və bu (dəhşətli həşr) gününüzün gələcəyini xəbər verib sizi qorxudan peyğəmbərlər gəlmədimi?” (əl-Ənam, 6/130)

      “Doğrusu biz (cinlər) o hidayət rəhbəri (olan Allahın Peyğəmbərini) dinlədiyimizdə dərhal Ona inandıq. Hər kim bu şəkildə Rəbbinə iman etsə, o, nə haqqının azalmasından, nə də zülmə məruz qalmaqdan qorxar”. (əl-Cinn 72/13)

      Bu ayələr hər iki varlığın yaradılış məqsədinin Allaha ibadət etmək olduğunu və axirətdə məsul tutulacaqlarını bildirir. Ayələrdən çıxan nəticəyə görə, insanlara göndərilən peyğəmbərlər vasitəsi ilə Allahın əmrləri cinlərə də təbliğ edilmişdir. Peyğəmbərimizin də bu təbliği onlara etdiyi ayə və hədislərdən açıqca aydın olmaqdadır. Bu səbəblə peyğəmbərimizə “rəsulus-səqaleyn” yəni “insan və cinlərin peyğəmbəri” deyilir. Cinlərin mömin olanları möminlərlə birlikdə cənnətdə, kafir olanları isə kafirlərlə birlikdə cəhənnəmdə olacaqlar.

      Abdullah ibn Məsud (r.a) belə demişdir: “Bir gecə Rəsulullah ilə bir yerdə idik, birdən gözdən itdi. Vadilərdə, dağlarda axtardıq, tapa bilmədik. Buna görə də bütün gecəni narahatlıq içində keçirdik. Nəhayət səhər açıldı. Bir də baxdıq ki, o, Hiradan gəlir. “Ya Rəsulallah! - dedik, - Sizi itirdik, axtardıq, tapa bilmədik. Buna görə də bütün gecəni narahatlıq içində keçirdik”. Belə buyurdu: “Mənə cinlərdən dəvətçi gəlmişdi. Onunla birlikdə getdim, onlara Quran oxudum”. (Müslim, IV 170)

      • Hits: 389 clicks

      Tecox component by www.teglo.info