155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    XƏBƏR- MERACININ İLDÖNÜMÜNDƏ HZ. PEYĞƏMBƏR YAD EDİLDİ

      Share

      Aprel ayının 21-də “İrfan” jurnalının təşkilatçılığı və Gəncliyə Yardım Fondunun ev sahibliyi ilə Həzrət Peyğəmbərin Mübarək Meracına həsr olunmuş

      “Hz. Peyğəmbər və Biz” adlı tədbir keçirilib. Qurani-Kərim tilavəti ilə açıq elan edilən tədbirin aparıcısı, “İrfan” jurnalının baş redaktoru Nurlan Məmmədzadə Allah Rəsulunun insanlığa bir rəhmət olaraq göndərilməsindən söz açıb. İki gün sonra hicri təqvimlə merac günü kimi qeyd olunan bu əlamətdar günün əhəmiyyətini vurğulayıb, bu səbəblə bir araya gəlindiyini qeyd edib. Sonra söz jurnalın yazarı, ilahiyyatçı mütəxəssis Rüfət Şirinova verilib. O, Həzrət Peyğəmbərin meracını hədislər işığında izah edib və belə bir hadisənin bəşəriyyət üçün əhəmiyyətini vurğulayıb. Hədis elmləri üzrə mütəxəssis Səfa Muradov Hz. Muhammədin bütün insanlara üsveyi-həsənə, yəni mükəmməl örnək olması haqda söz açıb. Aradan əsrlər keçsə də dünyanın ona olan ehtiyacını dilə gətirib. “İpəkyolu” nəşriyyatının direktor müavini Dr. Abbas Qurbanov da öz növbəsində Həzrət Peyğəmbərin İslamı təbliğindən söz açaraq əslində hər bir müsəlmanın dininin təmsilçisi olduğunu vurğulayıb və bu səbəblə də diqqət ediləcək məqamlara aydınlıq gətirib. Sonra divan ədəbiyyatımızda Peyğəmbər sevgisinin xüsusi yerinin olduğunu qeyd edən aparıcı sözü Məhəmməd Füzulinin “Su qəsidəsi”nin izahı üçün jurnalın yazarı Eldar Kərimova verib. O da öz növbəsində divan ədəbiyyatının sultanlarından sayılan Məhəmməd Füzulinin Peyğəmbər eşqi ilə qələmə aldığı “Su qəsidəsi”ndəki dərin mənalara diqqət çəkib.  

      Məclisdə iştirak edən Türkiyə Cümhuriyyəti Diyanət İşləri Başqanlığının müşaviri Prof. Dr. Kamil Güneş öz ürək sözlərini söyləyərkən insanların Peyğəmbər eşqinin təzələnməsində bu kimi proqram və tədbirlərin mühüm rolu olduğunu bildirib.

      Tədbirin sonunda Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim hər zaman bu kimi tədbirlərə ev sahibliyi etməkdən, xalqımızın milli və mənəvi cəhətdən maariflənməsinə xidmətdən qürur duyduğunu bildirib, bəşəriyyətin xilaskarı olan Hz. Peyğəmbərdən öyrənəcəyimiz çox şeyin olduğunu qeyd edib.

      Proqramın sonunda yenə “İrfan” jurnalı tərəfindən təşkil olunan və bir neçə gün əvvəl yekunlaşan “40 Hədis” yarışmasının qalibləri mükafatlandırılıb. Gözəl ilahilər, şeir və məruzələrlə yadda qalan tədbirdə duyğu dolu anlar yaşanıb.

      • Hits: 468 clicks

      Tecox component by www.teglo.info