Nurlan MƏMMƏDZADƏ- ƏDƏB YA HU!

      Share

      Vaxtilə Anadolu dərgahlarının giriş qapısında xəttatlar tərəfindən yazılan, çərçivəsi təzhiblərlə bəzədilmiş bir lövhə qarşılayardı gələnləri: “ƏDƏB YA HU!” Hələ dərgaha girmədən, bu mübarək məkanın havasını tənəffüs etmədən gözə xitab edən bu sirli söz nəfsi təzkiyə və qəlbi təsfiyə yolunda uzun məsafələr qət etmək üçün ilk addımın sağlam zəmin üzərinə atılmalı olduğunu təlqin edirdi gələnlərə. Əgər insan bu yolda zirvələrə yüksəlmək istəyirsə, öncə nəfsini ayaqlar altına alaraq, əvvəlcə ədəb pilləsinə qədəm basmalıdır.

       Şəyirdin ustaya qarşı ədəbsizliyi onu peşəyə yiyələnməkdən məhrum etdiyi kimi, ustada və mürşidə qarşı sərgilənən ədəbsiz davranışlar da müridi mənəvi hallardan məhrum edər. Deməli, bu yolda mətin addımlarla irəliləmək istəyənlər ədəbə diqqət etmək məcburiyyətindədirlər.

      Bu bir həqiqətdir ki, insan ədəbi qədər nəsiblənər. Türk-İslam dünyasının məşhur sufi şairi Yunus Əmrəni dillərə dastan edən cəhət “bu dərgaha əyri olan girə bilməz” deyərək şeyxi Tapdıq Əfəndinin dərgahına yalnız meşədəki dümdüz odunları daşıma ədəbi idi. İçkili halda yerdə tapdığı bir kağızın üzərində “Allah” yazıldığını gördüyü üçün onu təmizləyərək gözəl ətirlərlə ətirləməsi Bişri Xafi həzrətlərinin həyat istiqamətini dəyişərək salehlər zümrəsinə girməsinə səbəb olmuşdu. İslami əsərlərə və yaşanmış həyatlara baxanda ədəblə imanın bir-birini tamamlayan iki əsas olduğunu asanlıqla görürük. Mövlana həzrətləri iman-ədəb münasibətini belə dilə gətirir: “Qəlbim ağlımdan soruşdu: “iman nədir?” Ağlımsa qəlbimin qulağına pıçıldadı: “İman ədəbdən ibarətdir”.

      İnsan kimə və nəyə qarşı ədəbli olmalıdır? Əlbəttə ki, öncə Yaradanına qarşı. Yaradana qarşı ədəbli olmaq Onun kəlamına, əmr və yasaqlarına, sevdiklərinə qarşı əxlaqi həssaslıqla yanaşmaqdır. Bir Allah dostunun “günah işləyərkən onun böyüklüyünə və ya kiçikliyinə deyil, kimə qarşı işlədiyinə bax” – sözü bu mənada üzərində ciddi-ciddi təfəkkür ediləcək qəbildəndir. Rəbbimizin sözləri dediyimiz Qurani-Kərimə qarşı göstərəcəyimiz ədəb də ondan necə istifadə edəcəyimizə zəmin hazırlayır. Bəlkə də, yeni nəslin “oxumuş” nümayəndələri fiqh kitablarında Qurana qarşı vəzifələrimiz arasında onu göbəkdən yuxarı tutmaq maddəsi yer almadığı üçün zaman-zaman yaşlı nəsilləri cahilliklə ittiham edə bilərlər. Lakin gəlin həmin fiqh kitablarının müəllifi və sonrakı nəsillərin bu sahədə təqib etdiyi alimlərin həyatına baxaq. Məsələn, Əhməd bin Hənbəl yanına gəlib ondan hədislə bağlı söz soruşanlara cavab verməzdən əvvəl Peyğəmbər kəlamlarına hörmət əlaməti olaraq yaxşıca dəstəmaz alar, gözəl ətirlə ətirlənər, dişlərini misvaklayar, yüksək bir yerə çıxaraq elə cavab verərdi. Bu, bizə fiqhi öyrədənlərin dini mətnlərə, Allah və Rəsulunun kəlamına qarşı ehtiramın sadəcə bir nümunəsidir. Bütün dövrlərdə Kitaba və Sünnəyə hörmətdə xəsislik etməyən, Allahın nişanələrinə qarşı ədəb məsələsində həssaslıq göstərən qövmlər və fərdlər tarixdə, eləcə də könüllərdə xoş iz qoymağı bacarmışlar.

      Həzrət Peyğəmbərin müsəlmanın tərifini verərkən “əlindən və dilindən başqalarının əmin olduğu kəs” ifadəsindən yola çıxaraq ətrafımızdakı insanlara qarşı ədəb sərhədlərimizi də götür-qoy etməliyik. Yaşadığımız mühitə zərər verməməyi, insanlara və məkana ədəb çərçivəsində yanaşmağı həyat düsturuna çevirənlər hər zaman Xaliqin və məxluqatın rizasını qazanmağı haqq edənlərdir. Fevral ayında vəfatının ildönümünü qeyd edəcəyimiz mərhum Allah dostu Mahmud Sami Ramazanoğlu həzrətlərinin nümunəvi ədəbini anladan könül insanı Abdullah Sərt bəy bir xatirəsində belə deyir: “Ramazan ayında camaatla təravih namazı qılırdıq. Xətmlə qılınan bu namazda səksən yaşını adlamış Sami Əfəndi də iştirak edirdi. Namazdan sonra belə buyurdu: “Qardaşlar, rükudan səcdəyə gedərkən dizlərinizdən səs gəlir, bu da namazda hüzura mane olur”. Bu davranış bir könül insanının yerə qarşı, hətta səcdəyə qarşı nə qədər həssas bir ədəb sərgilədiyinin nümunəsidir. İnsan olaraq cəmadat, nəbatat, heyvanat ayrı-seçkiliyi qoymadan bu həyatı ədəblə yaşamaq və ömür marafonunu ədəblə başa vurmaq gərək. Çünki ədəb və həya imandan yaranan bir tələbdir. Həzrət Peyğəmbər “Həyası olmayanın imanı da yoxdur”, - buyurmuşdur.

      Mayası İslamla yoğrulan əcdadımızdan günümüzə çox gözəl ədəb nümunələri gəlib çatmışdır. Hətta bu gün adi bir hal kimi qarşılanan bəzi davranış və hərəkətlərin yaşlı nəsil tərəfindən qəbahət sayılmasının təməlində misilsiz ədəb və həya ünsürləri yatırdı. Məsələn, onların nəzərində cəmiyyət arasında valideyn tərəfindən uşağın öpülüb-əzizlənməsinin eyib qarşılanması, həmçinin xanımın ərindən bir addım arxada gəlməsinin sanki bir qanun sayılması tamamilə ədəb nöqteyi-nəzərindən dəyərləndirilməlidir. Çünki  bu nəcib davranışla erkən yaşda ərini itirərək dul qalan xanımlara və övlad həsrəti ilə yanan ailələrə göz dağı verməməyin hesabını güdür, belə bir addımı atmaqdan həya edirdilər. Bu günsə həmin davranışın mahiyyətini anlamayanlar məsələyə sadəcə gərəksiz ədəb qaydaları və zamanı keçmiş mentalitet tör-töküntüsü kimi baxırlar.  

      Son zamanlar tez-tez ümumi nəqliyyat vasitələrində və ya hər hansı qəbul şöbəsinin gözləmə salonunda ayaq üstə dayanan yaşlıların, hamilələrin və azyaşlı uşaqların gözü önündə rahatlıqla oturan və “yaşlıya hörmət, kiçiyə şəfqət” mərifətindən məhrum kəslərlə eyni məkanı bölüşməli oluruq. Reklam olsun deyə pəncərələrinə pərdə çəkilməmiş kafe-restoranların bədənnüma şüşələri önündə, gəlib-keçənlərin nəzərləri altında vicdan rahatlığı ilə çayını udumlayan, yerə-göyə sığmayan əda ilə yeməyini yeyən, hələ bu azmış kimi süfrəsinin şəklini çəkib sosial şəbəkələrdə paylaşan insanlarla eyni dünyada, eyni şəhərdə yaşayırıq. Aldığı hər şeyi başqaları görməsin deyə həsirdən toxunmuş zənbillə[1] evinə aparan babaların yoxsul və imkansızların gözünün qaldığı vitrinlərdə sərgilənən qida maddələrini alıb dilxoşluqla həzm-rabedən keçirən övladları, bəlkə cavab verəsiniz: kimdir geriqalmış?

      ƏDƏB YA HU! 


      [1] “Zənbil” sözünün “sənbil”lə yaxın olması bizə “içində nə olduğunu sadəcə sən bil, başqaları görməsin” tənbehini də xatırladır sanki.  

       

      • Hits: 590 clicks

      Tecox component by www.teglo.info