155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Salih Zeki MERİÇ- Qəlbimiz Allah Dedikcə...

      Share

      Dildən qəlbə, qəlbdən könülə düşən, insanı saran və sardıqca da mənəvi həzz verən ilahi bir duyğudur, zikr. Qəlbimizə dirilik verər. İçimizi hüzurla doldurar. Könül iqlimimizi sanki bir gül bağçasına çevirər. Mənəvi dünyamızı emar edər, dirçəldər. İşığı sönən dünyamıza işıq, ziyası gedən gözlərimizə nur olar. Qəlbimizdə yanan bir çıraq kimidir, zikr. Bu çırağa nöyüt töksək, eşq ilə Allah deyərik, ömür boyu bu dünyamızı, sonra da axirətimizi aydınlatmış olarıq.

      Zikrlə bütün günahlar bədənimizdən tökülər. Paklaşar hər zərrəmiz. Təzəcə dünyaya gəlmiş kimi saf və təmiz olarıq. Qəlbimiz Allah dedikcə hissiyyatımız bərraklaşar, halımız kamala çatar. Kəlmələrimiz mənaya bürünər.

      Yağış damcıları kimi safdır zikrin kəlmələri. Büllur kimi işıltılıdır. Rəngi var, gül kimi qoxusu var, canı var... Canı var ki, can verər ölü qəlblərə. Həyat verər qəflətə düşən könüllərə. Zikr əhli olan ilə olmayan arasında hal fərqliliyi var. Biri ərz-hal, digəri ərz-əndam (özünü göstərmək) arxasınca düşər. Zikr əhlinin könlündə hər zaman ləfzətullah olar. Ləfzətullah əsmanın (Allahın gözəl adlarının) şahıdır. Əsmanın hüsnasıdır (ən gözəlidir). Hər dəfə “Allah” deyəndə yer və göy ona şahidlik edər. Zikr bir müddət sonra daimi hala gələr. Səhər, axşam, yolda, evdə bir an olsun dilindən düşməz. Bir növ Rəbbinin “Ey iman edənlər! Allahı çox-çox zikr edin, Onu səhər-axşam təqdis edin, şənini ucaldın!” (əl-Əhzab, 41) ayəsinə müxatəb olurmuşcasına... Bu davamlılıq nəticəsində zikr: Zikri-sultani olar.

      Zikrin ən ləzzətlisi tənha yerlərdə edilən zikrdir. Gecənin bir vaxtında. Səhərin feyzi ilə. Sadiqlərlə, salehlərlə bərabər olma şüuru ilə əl-ələ, diz-dizə, könül-könülə verərək... Zakirin qəlbi Allah dedikcə qəlbinin pərdələri açılar. Yaxşılarla yaxınlaşma, günahlardan uzaqlaşma hasil olar. Can gözü dünyanın zahirini, qəlb gözü isə batinini görər. Allah zikri kainat kitabını əsl mənbəyindən oxumağı öyrədər.

      Uca Allah həqiqi zakirlərini idrak səviyyəsi yüksək olan ağıl sahibləri olaraq ifadə edir və buyurur: “Ağıl sahibləri o kimsələrdir ki, ayaqda ikən, oturarkən və yatarkən (daim) Allahı zikr edərlər, göylərin və yerin yaradılışı haqqında düşünərlər və belə deyərlər: Ey Rəbbimiz, sən bunları boş-boşuna yaratmadın. Sən batil şeylər yaratmaqdan münəzzəhsən. Bizi cəhənnəm atəşindən qoru”. (Ali İmran, 191)

      Allah dedikcə zakirin qəlbi ürpərər, titrəyər. Bu titrəyişin qaynağında Rəbbinə olan məhəbbət var. Allah-Təala həqiqi möminlərin tərifini bəyan edərkən buyurur: “Həqiqi möminlər o kəslərdir ki, Allah anıldığı zaman qəlbləri qorxaraq ürpərər. Onlara Allahın ayələri oxunduğu zaman imanlarını artırar və onlar yalnız Rəblərinə təvəkkül edərlər”. (əl-Ənfal, 2)

      Bir də Onun əsması var, ən gözəl isimlərdən ibarət. Rəhman, Rəhim, Lətif, Əziz və Kərim... Allah hər şeydən müstəğni, hər şey Ona möhtacdır. Bu ixlas ilə dilimiz və qəlbimiz ülvi bir ahəng içində yoğrular. Allah deyə-deyə mərhəmət dənizinə düşərik. İlahi vüslətin eşiyinə çatar, ümmanlara dalarıq. Qəlbimiz Allah dedikcə varlıq aləmindən çıxıb yoxluğumuzu, acizliyimizi və heçliyimizi görərik.

      Zikr qəlbdə mənəvi bir dövri-daimdir. Dünya dönər, kainat dönər, hər nə varsa varlıq aləmində, hər biri dönər. Zərrədən kürəyə bir dönüş var və o dönüşün mərkəzində ilahi bir qüdrət var. Hər varlıq öz halıyla Allah deyər. Allah yoxluğun içində yox olmayan varlıqdır. Allah hər zərrəni dolduran qüdrətin malikidir. Allah görünəni, görünməyəni, maddəni və mənanı əhatə edəndir. Buna görə də zikr kainatın ahəngidir. Bu ahəngi meydana gətirən hər varlıq Allahı zikrə öz səsi ilə iştirak edər. Dənizlər dalğalarının səsi ilə, ağaclar yarpaqlarının xışıltısı ilə, küləklər uğultusu ilə “hu” deyər və dağlar-daşlar sükuti-lisan ilə Onu anar. Əgər girsək kainat halqasına və qatılsaq o dövrana – hər zərrənin, hər qətrənin səsini eşidərik.  

      Sevərik, sevgimizi məhəbbətullaha təbdil edərik. Sevdikcə vəcdə gəlib özümüzdən keçərik. Gül alıb gül verərik. Gül bağçalarında cəh-cəh vuran bülbüllər kimi Allah deyə-deyə dönərik. Zikrin istiliyində yanar, yanar, əriyərik. Xalis bir qəlblə Allah dedikcə, hər an bir haldan başqa bir hala vasil olarıq.

      Bir şamın əridiyi kimi əriyər bütün bədənimiz. Mərhəmət və şəfqətlə qurşanar könül dünyamız. Uçub gedərik sanki bir ovadan o birisinə... Coşqun duyğularla dağları, təpələri keçərik. Qəlbimiz Allah dedikcə yer və göy vəcdə gələr, zikrin ahənginə tabe olar.

      Rəbbimiz bizi zikrinə çağırır. Özünü xatırlamağa dəvət edir, onu yad etməyə və ucalığını təsdiq etməyə... Ən böyük zikr Qurandır, deyir. Qəlbləriniz ancaq zikrlə aram tapar buyurur, həm də. Bir də ki, “məni zikr edin, mən də sizi anım” buyurur. Səhər-axşam hər şey Onu zikr edir. Buna görə də Quranın hər kəlməsi zikrdir. Namaz zikrdir. Həcc zikrdir. Cihad zikrdir. Bir an belə Onu unutmadan, qəflətə düşmədən yaşamaq zikrdir.

      Kainat kitabını vərəqləmək, könül dünyamızı hörmək üçün  qəlbimiz hər döyünəndə “Allah” deməli... “Allah” ismi-şərifi rəngimiz, ruhumuz, dadımız-duzumuz olmalıdır...

      • Hits: 576 clicks

      Tecox component by www.teglo.info