Abi-Həyat Qətrələri / İrfan

      Share

      Möhtərəm oxucular! Yeni işıq üzü görmüş bu kitab Həzrət Mövlananın Məsnəvi dəryasından qidalanaraq ibrətli səhnələrlə bir çox məsələlərə işıq tutmaqdadır.

       Könüllər sultanı Cəlaləddin Rumi həzrətlərinin bir neçə əsr bundan əvvəl qələmə aldığı Məsnəvisi üstündən uzun illər keçməsinə baxmayaraq hələ də bəşəriyyətə öz töhfələrini verməkdədir. Çünki:

      “Könül torpaq altında çürümədiyi kimi, könül məhsulu olan əsərlər də eyni şəkildə əbədiləşir. Könül ərləri xidmətlərini bərzəx aləmində də davam etdirərək aramızda yaşarlar. Onların ömürləri yaşayanlardan daha uzundur.”

      Hz. Mövlana

       

      İçində olduğumuz 2007-ci ilin Yunesko tərəfindən “Mövlana ili” adlandırılması və bir çox dünya ölkələrində bu adla müəyyən tədbirlərin keçirilməsi də bu gerçəyi təsdiqləməkdədir. Etiraf etmək lazımdır ki, artıq bəşəriyyət düşdüyü böhrandan qurtuluşun yolunu könül ərlərinin qapısında görməkdədir. Bütün cəmiyyətlərə yansımış olan kapitalist və fərdiyyətçilik fəlsəfəsinin insan övladını uçuruma apardığının şahidi olan geniş kütlələr çıxış yolunu yalnız “Kim olursan ol, yenə gəl!” deyən mövlanaların sevgi dolu dərgahında axtarır.

      Biz də Mövlana ili münasibəti ilə siz oxuculara möhtərəm Osman Nuri Topbaş bəy tərəfindən o könüllər fatehinin mənasına istinadə qələmə alınmış "Abi-Həyat Qətrələri" adlı bu dəyərli kitabı təqdim edirik. Müəllifin daha əvvəl oxumuş olduğunuz “Mövlana dərgahından əsintilər” kitabında olduğu kimi bu əsərində də Məsnəvidən aldığı bir-birindən gözəl qissələrlə tanış olacaqsınız.

        Hər iki kitab Azərbaycan türkcəsinə  hamımızın çox yaxından tanıdığı xalq şairi Məmməd Aslan tərəfindən uyğunlaşdırılmışdır. Osman bəyin Məsnəvi dəryasından könüllərə nur saçan mənəvi xitabı, çox incə və hər kəsin qavraya biləcəyi şəkildə asanlaşdırılaraq geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Ümid edirik ki, bu kitab bütün Mövlana aşiqlərinin sevəcəyi və oxuyub nəsib alacağı bir kitab olacaqdır.

       

      Qeyd: “Abi həyat qətrələri”  Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsinin razılığı əsasında çap olunmuşdur.

       

      • Hits: 674 clicks

      Tecox component by www.teglo.info