Aqil ƏLİYEV- ÜÇDƏBİRİ KİFAYƏT EDƏR

      Share

                Ailə planlamasını gündəm edib dünya siyasəti halına gətirən super güclərin ən mühüm iddiaları dünya əhalisinin çoxalmasını önə sürərək yeraltı və yerüstü təbii sərvətlərin bu qədər kütləyə kifayət etməyəcəyi ilə bağlıdır. Bir əsrə yaxındır ki,

       bu kimi iddialar irəli sürülərək bir çox layihələr planlanmaqda və insan nəslinin azaldılmasına çalışılmaqdadır. Bunun üçün də ana rəhmindəki uşaqların abort edilib alınması təşviq edilir, doğulmuş uşaqların başına bombalar yağır, insanların arasından xəstəlik və digər fəlakətlər əskik olmur. Gələcək nəsillər ac qalmasın deyə doğumların və yaşamların önünü kəsməyə ciddi səy göstərilməkdədir.

                Bəli, bu gün dünyanın müəyyən bölgələrində aclıq və qıtlıq yaşanmaqdadır. Ancaq bunun səbəbi təbii sərvətlərin kifayət etməməsi deyil, daha çox onların iman və insaf çərçivəsində paylaşılmamasıdır.

                Gəlin görək qida baxımından günümüzdə ən böyük problem aclıqdır, yoxsa toxluq? Xəstəxanalarda aylarca davam edən müayinələr ac qalmaqdan qaynaqlanan xəstəliklər üzündəndir, yoxsa hər üç xəstədən birinin problemi çox yeməklə bağlıdır? Bu bir həqiqətdir ki, bu gün adəm övladı aclıqdan daha çox normadan artıq qidalanmaqdan qaynaqlanan problemlərlə üzləşməkdədir. İnsanlara sağlamlıq haqqında tövsiyə verən tibb adamları hələ bu günə qədər “Qidalarımız tükənmək üzrədir, gəlin bunları elə idarə edək ki, gələcək nəsillərə də kifayət etsin” kimi bir açıqlama verməmişdir. Amma eyni zamanda həddən artıq qidalanma müşahidə edildiyi üçün az yeməyin faydaları haqqında neçə-neçə kitablar yazılmaqda, diyetik qidalar tövsiyə olunmaqda və artıq çəkidən necə xilas olmaqla bağlı televiziya proqramları tərtib edilməkdədir.

                Bu gün iki önəmli problem var: Bunlardan biri doymayan iştahla süfrəyə oturan bir nəslin ortaya çıxması, digəri isə iki-üç növ yeməyi ac qalmaq kimi izah edən bir mədəniyyətin formalaşmasıdır. Bununla bağlı xəstəliklərin sayı isə dayanmadan çoxalmaqdadır. Bu gün insanlığın dərdi qidalana bilməmək deyil,  qidanın içində boğulmamağa çalışmaqdır. Buradan da anlaşılır ki, bir nəsil planlamasından daha çox nəfs planlamasına ehtiyacımız var.

                Yemək və bədənimizin ehtiyacları fitridir. Yemədən yaşamaq mümkün deyil. Bunun üçün də Rəbbimiz yemək və içməyi mübahlar arasında saymış, halal və normal miqdarda qidalanma çərçivəsində istifadə etməyimizə icazə vermişdir. Əraf surəsinin 31-ci ayəsində belə buyurulmaqdadır: “Yeyin, için, ancaq israf etməyin! Allah israf edənləri sevməz”. Burada qeyd olunan israf sadəcə artıq qalan çörəkləri və qidaları zibilə atmaq kimi anlaşılmamalıdır. Həddindən artıq qidalanmaq, lazımsız yerə bir neçə növ yemək və saatlarla süfrə ətrafında oturmaqla vaxt keçirmək də  israf olaraq görülməlidir. Qadınların saatlarla mətbəxdə vaxtlarını yemək hazırlamağa ayırmaları da bir növ israfdır. Qonaq gələcəyi üçün günün böyük bir hissəsini həddindən artıq təmtəraqla hazırlayacağı süfrəyə sərf etməsi də israfın növləri arasında sayıla bilər.

      Belə bir məsəl var: “Elə ye ki, o səni gəzdirsin. Elə yemə ki, sən onu gəzdirəsən”. Əlbəttə, mömin fiziki olaraq mədəsi fərqli quruluşa malik bir insan deyil. Ancaq o, mədəsini imanıyla idarə edən bir insan olmalıdır. Yeməyə baxan göz, ondan həzz alan nəfs tərbiyədən keçmiş olmalıdır. Bu baxış tərzi İslamın gətirdiyi bir modeldir. Allah Rəsulu (s.ə.s) bir hədisində buyurur: “ Mömin bir mədəylə yediyi halda kafir yeddi mədə ilə yeyər”. ( Buxari, Ətimə, 12)

      Bu mövzudakı başqa bir hədisində Allah Rəsulu (s.ə.s): “Adəm oğlu qarnından daha  bəlalı bir qab doldurmamışdır. Halbuki ona, belini düz tutacağı bir neçə loğma kifayət edərdi. Bununla yanaşı, əgər çox yeyəcəksə, (mədəsinin) üçdəbirini qidaya, üçdəbirini suya, üçdəbirini də nəfəs almaq üçün havaya ayırsın”, (Tirmizi, Zöhd, 47) - buyuraraq ən uyğun qidalanma modelini təqdim etmişdir.

      Bəli, sağlam həyat budur. Həyatımızı normal davam etdirmək üçün üçdəbiri kifayətdir. Yaşamaq üçün də, israf edib xəstəliyə düçar olmamaq üçün də... Çox yemək-içməyin ardına düşüb, halal-harama diqqət etməyib doğru yoldan azmamaq üçün də... 

      • Hits: 446 clicks

      Tecox component by www.teglo.info