Nurlan MƏMMƏDZADƏ- İNFAQDAN İSARA

      Share

      636-cı ildə baş tutan qanlı Yərmuk döyüşü müsəlmanların zəfəri ilə nəticələnmiş, beləcə, Bizansın Suriya torpaqlarındakı hegemonluğuna son qoyulmuşdu. Aralarında minə yaxın səhabənin və yüz Bədir qazisinin də iştirak etdiyi qəlbi imanla dolu İslam ordusunun əsgərləri bu qanlı müharibədə sadəcə igidlik və qəhrəmanlıq göstərmir, eyni zamanda misilsiz alicənablıq, fədakarlıq və qardaşlıq nümunəsi sərgiləyirdilər. Dildən-dilə gəzərək dastanlaşan bu fədakarlıq nümunələrindən birini Hüzeyfətul-Ədəvi (r.a)-dan dinləyək:

      “Yərmuk döyüşü sona çatmışdı. Bizansla müsəlmanlar arasında gedən şiddətli müharibə səngimişdi. Ox və mizraq zərbələri ilə ağır yaralanan müsəlmanlar qızmar qumların üstündə can verirdilər. Mən də çətinliklə özümü toplayıb əmim oğlunu axtarmağa başladım. Nəhayət, onu son nəfəsini vermək üzrə olan yaralı mücahidlərin arasında tapdım. Qanlar içində yerdə can verən əmim oğlu danışa bilmədiyi üçün sadəcə göz-qaş işarəsi ilə nə isə deyə bilirdi. Özümlə gətirdiyim su tuluğunu göstərib soruşdum: “Su istəyirsənmi?” Havanın hərarətindən və yaralarının ağırlığından qurumuş dodaqları cadar-cadar idi. Gözü ilə işarə edib istədiyini bildirdi. Tuluğun ağzını açıb ona tərəf uzatdım, suyu tam dodaqlarına çatdıracaqdım ki, bir az irəlidə Hz. İkrimənin səsi eşidildi: “Su, su! Nə olar bir udum su!” Əmim oğlu Haris onun bu fəryadını eşidən kimi göz-qaş işarəsi ilə suyu İkriməyə verməyimi istədi. Qızmar qumların üstündə yatan şəhidlərin arasından qaça-qaça özümü Hz. İkriməyə çatdırdım, dərhal su tuluğunu ona uzatdım. İkrimə əlini suya yenicə uzatmışdı ki, Hz. İyasın iniltisi eşidildi: “Bir udum suuu!.. Allah üçün bir qurtum suuu!..” İkrimə bu fəryadı eşidən kimi əlini geri çəkərək işarə ilə suyu İyasa verməmi istədi. Əlimdəki su tuluğu ilə özümü İyasa çatdıranda isə kəlmeyi-şəhadət gətirib son nəfəsini verdiyini gördüm. Bu səfər qaça-qaça İkrimənin yanına gəldim. Suyu ona tərəf uzadırdım ki, şəhid olduğunu gördüm. Heç olmasa suyu əmim oğlu Harisəyə çatdırmaq üçün onun uzandığı yerə qaçdım. Lakin artıq iş-işdən keçmişdi. O da qızmar qumlar üstündə qıvrana-qıvrana ruhunu təslim etmişdi. Həyatım boyu bir çox hadisənin şahidi oldum. Amma heç biri məni bu qədər duyğulandırmadı. Aralarında heç bir qohumluq əlaqəsi olmayan bu üç müsəlmanın bir-birinə qarşı bu qədər fədakarlıq və şəfqətlə rəftar etməsi qibtə ediləcək iman təzahürü olaraq sonsuzadək yaddaşıma həkk oldu…”

      Bu hadisə əshabi-kiramdan günümüzə qədər gəlib çatan isar nümunələrindən sadəcə biridir. İsar şəfqət və mərhəmətin meyvəsi olan infaqın ən zirvə nöqtəsi, insanın ehtiyac hiss etdiyi şeyi belə Allah üçün başqasına verə bilməsidir. İsar möminin yeməyib yedirməsi, geyməyib geydirməsidir. İnsanlığa şəfqət nəzəri ilə baxmağın nəticəsi olan isar Allah üçün maldan və candan fədakarlığın ən ali mərtəbəsidir. İsar ilahi tərbiyədən keçmiş insanda sərgilənən yüksək əxlaqi nümunələrdən biridir. İsar insanın sahib olduğu hər şeyin Haqdan gəldiyini idrak edərək Onun məxluqundan əsirgəməməyin adıdır. Bu gün yaşadığımız dünyanın ən böyük ehtiyaclarından olan isar fəzilətinin əsri-səadət illərində fərddən cəmiyyətə necə yaşandığını ifadə edən bir misal da belədir:

      Əshabi-kiramdan Cabir (r.a) İslamın insanlara bəxş etdiyi sevgi və qardaşlıq fəzilətinə dair belə bir hadisə nəql edir:

      “Ənsardan olan müsəlmanlar xurmalarını yığandan sonra məhsulu iki hissəyə ayırar, bir tərəfə çox, digərinə az xurma qoyardılar. Sonra da çox görünməsi üçün az olan tərəfə xurma budaqları qoyardılar. İmanlarını qorumaq üçün evlərini tərk edib yurdlarından didərgin düşmüş  məkkəli mühacirlərə: “Buyurun, bu xurmalardan istədiyinizi götürün”, - deyərdilər Onlar da çox görsənən xurma topası ənsar qardaşlarının olsun deyə az görünən topanı götürər, beləliklə də, çoxunu özlərinə götürərdilər”. (Heysəmi, X, 40)

      Bu gün əshabi-kiramdan günümüzə gəlib çatan isar nümunələri işığında İslamın bu nəcib əxlaqi fəzilətinin hansı pilləsində qərar tutduğumuzu sorğulamalıyıq. Onların isar anlayışı necə idi, biz nə qədər fədakarlıq göstəririk? Yaşadığımız cəmiyyətdə acların və yoxsulların halına nə qədər acıyırıq? Onlara şəfqət əlimizi uzada bilirikmi? Evsiz-eşiksiz insanlara, soyuq qış günündə küçədə üşüyən zavallılara mərhəmət yorğanı ola bilirikmi? Dünyanın müxtəlif yerlərində zülmə məruz qalan din qardaşlarımıza qarşı hansı hissləri keçiririk? Bu istiqamətdə əlimizdən gələni edə bilirikmi, yoxsa müxtəlif bəhanələrlə vicdanımızı rahatladırıq? Gücümüzün heç nəyə yetmədiyi məqamlarda əlimizi Rəbbimizə açıb dualarımızla məzlumların yanında ola bilirikmi? Dualarımızda sadəcə özümüzü, ailəmizi düşünürük, yoxsa Allaha yaxın olduğumuz bu məqamda nəfsi istəklərimizdən fədakarlıq edərək ümmətin birlik və bərabərliyi, güclənməsi, acların doyması, bombalar altında qalan qardaşlarımızın bir an əvvəl bu bəladan qurtulması, kimsəsizlərin sığınacaq tapması üçün yalvarırıq?

      İslam tarixində xüləfayi-raşidinin yolunu təqib etdiyi üçün beşinci raşid xəlifə sayılan Ömər bin Əbdüləzizin ümmətin dərdi ilə dərdlənmək xüsusundakı bu halından nümunə götürməli, duyğu və düşüncələrimizi vicdan tərəzisində ölçməliyik. Xanımı Fatimə bir gün Ömər bin Əbdüləzizin yanına gəldikdə qarşılaşdığı mənzərəni belə xülasə edir:

      Ömər bin Əbdüləzizin yanına gəldim. Namazgahında oturmuş, əlini alnına söykəyib hıçqıra-hıçqıra ağlayırdı. Göz yaşları yanaqlarını islatmışdı. Ondan nə üçün bu halda olduğunu soruşdum. Belə buyurdu:

      “Ey Fatimə, bu ümmətin ən ağır yükü mənim çiynimdədir. Ümmətin içindəki aclar, yoxsullar, dərman tapmayan xəstələr, əyninə geyinməyə paltarı olmayanlar, boynubükük yetimlər, yalnızlığa tərk edilmiş dul qadınlar, haqqını tələb edə bilməyən məzlumlar, küfr və qürbət diyarındakı müsəlman əsirlər, ehtiyacını təmin etmək üçün işləməyə taqəti qalmayan yaşlılar, ailə üzvləri çox olan kasıb ailə başçıları…

      Yaxın və uzaq diyarlarda bu vəziyyətdə olan mömin qardaşlarımı düşündükcə yükümün altında əzilirəm. Sabah hesab günü Rəbbim bunlara görə məni sorğuya çəksə, Rəsulullah (s.ə.s) bunlara görə məni danlasa nə cavab verəcəyəm?!”

      Biz də bu gün ətrafımızda və İslam dünyasında baş verənləri eyni həssaslıqla düşünməli, sabah qiyamət günü Rəbbimizin hüzuruna üzüağ çıxa bilmək üçün əlimizdən gələni əsirgəməməli, infaqı isar və fədakarlıq şüurunda yaşamağa can atmalıyıq.

      • Hits: 414 clicks

      Tecox component by www.teglo.info