Müşfiq XƏLİLOV- Əfv etmək BÖYÜKLÜKDÜR!

      Share

        Bağışlamaq – xəta və günahı əfv etmək, işlənən günaha görə cəzalandırmamaq, qüsuru olan kəsləri qınamamaq mənalarını ifadə edir.

      Allah-Təala günahkar qullarını bağışladığı kimi, möminlər də bir-birlərini əfv etməyə çalışmalıdırlar. Məhz insanlara qarşı kin və nifrət duyğusu bəsləmək mömin insanlara xas olan xislət deyil. Bu barədə Uca Allah Peyğəmbərimizə xitabən (s.ə.s) belə buyurur:

      “Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər!” (əl-Əraf 199) 

      Bir zaman Peyğəmbərimiz (s.ə.s) İslamı təbliğ etmək üçün Məkkə yaxınlığında yerləşən Taifə gedir. Oradakı insanlara Allahdan başqa heç bir ilah olmadığını, özünün isə Allahın elçisi olduğunu açıqlayır. Ancaq Taif xalqı çox cahil və nadancasına davranır. Peyğəmbəri dinləyib ona iman gətirmələri əvəzinə Onu daşa basırlar. Təsəvvür edin, Rəsulullahın (s.ə.s) hər tərəfi al-qan içərisindədir. Bu hadisənin davamını Peyğəmbərimizin öz dilindən eşidək:

      “Başımı qaldırıb göyə baxanda bir buludun mənə kölgə saldığını gördüm. Diqqətlə baxanda Cəbrayılı (s.ə.s)  gördüm. Cəbrayıl (ə.s) mənə səslənərək: “Ey Muhamməd! Qövmünün sənə nə dediyini, səni himayə etməyi rədd etdiyini Allah-Təala bilir. Onlara dilədiyini etmək üçün də sənə Dağlar Mələyini göndərdi”, - dedi.  Bunun müqabilində Dağlar Mələyi mənə salam verdi. Sonra da: “Ey Muhamməd! Qövmünün sənə nə dediyini Allah-Təala eşitdi. Mən Dağlar Mələyiyəm. Sənin əmrlərini yerinə yetirmək üçün Allah-Təala məni sənin yanına göndərdi. Nə əmr edirsən? Əgər istəyirsənsə bu iki dağı onların başına uçurdum”, - dedi. O zaman Mən: “Xeyr! Mən Allah-Təaladan onların soylarından sadəcə Allaha ibadət edəcək və Ona heç bir şeyi şərik qoşmayacaq kəslər çıxaracağını diləyirəm”, - dedim”. (Buxari, Bədül-Xalq 7; Müslim, Cihad 111) 

      Vücudu iztirablar içində, qəlbi yaralı, lakin şəfqətlə dolu olan Rəsulullah (s.ə.s) mələyin bu təklifini qəbul etməmişdir.

      Allah Rəsulu (s.ə.s) münafiqlərin çoxlu sayda tələ və sıxıntıları ilə qarşılaşmış, qarşılığında onlara əfv və güzəştlə cavab vermişdir. Münafiqlərin adlarını tək-tək bilməsinə baxmayaraq, əshabələrdən Hüzeyfə əl Yəmani istisna, heç kimə deməmiş, bu mənada onlarla bəşəri münasibətlərini davam etdirmişdir. Aləmlərə rəhmət olan Peyğəmbərimiz (s.ə.s) Məkkəni fəth edib Kəbəyə girən zaman Allah Rəsuluna və müsəlmanlara illərlə əziyyət və işgəncə verən qüreyşlilər Məscidi-Haramın içinə doluşmuş, Kəbənin ətrafında oturmuşdular. Peyğəmbərimizin (s.ə.s) nə edəcəyini səbirsizliklə gözləyirdirlər. Allah Rəsulu (s.ə.s): “Ey Qüreyş camaatı! Ey məkkəlilər! Nə deyirsiniz? İndi sizə nə edəcəyimi düşünürsünüz?” - deyə soruşdu. Qüreyşlilər: “Biz sənin xeyir və yaxşılıq edəcəyini gözləyirik. Sən kərəm və yaxşılıq sahibi bir qardaş, kərəm və yaxşılıq sahibi bir qardaş oğlusan. Güc və qüvvət bu an sənin əlindədir, bizə mərhəmət et!” - dedilər. Bunun müqabilində Peyğəmbərimiz (s.ə.s) dedi: “Mənimlə sizin vəziyyətiniz Yusif (ə.s) ilə qardaşlarının vəziyyəti kimi olacaq. Yusifin qardaşlarına dediyi kimi mən də:

      “... Bu gün sizə (etdiklərinizə görə) heç bir məzəmmət yoxdur. Allah sizi bağışlasın!” (Yusif 92) - deyirəm”

      Peyğəmbərimizin (s.ə.s) yaşadığı dövrdə tətbiq etdiyi bu cür bağışlama nümunələrini gözləri ilə görən əshabələr də həyatlarının sonuna qədər bu metoddan istifadə etmişlər. Həzrət Ömərlə bağlı bir misal belədir: Bir gün Peyğəmbərimizə qarşı kobud rəftarı ilə tanınan bədəvilərdən  Üyeynə qardaşı oğlu Hür bin Qaysın yanına gəlir. Hür Hz.Ömərin dəyər verdiyi və fikirlərini qəbul etdiyi bir alim idi. Üyeynə ona: “Qardaş oğlu! Xəlifənin yanında çox böyük hörmətin var. Razılığını alsaydın, onu ziyarət edərdim”, - dedi. O da: “Yaxşı, əmi!” - deyərək Hz.Ömərdən icazə aldı. Üyeynə Hz.Ömərin hüzuruna girib ona xitabən: “Ey Ömər! Bizə nə bol dünya malı verirsən, nə də aramızda ədalətlə hökm edirsən”, - dedikdə Hz.Ömər çox qəzəbləndi və onun üstünə yeridi. Hür bin Qays dərhal aralarına girərək: “Ey möminlərin əmiri! Allah-Təala Peyğəmbərinə “Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər!” (əl-Əraf 199) buyurur. Üyeynə də cahillərdəndir”, - dedi. Nəticədə o heybətli xəlifə olduğu yerdə sanki donub qaldı və bir addım da olsun atmadı.   (İbn Abdilbər. III, 1250-1251)

       Xülasə, bağışlamaq böyüklükdür. Əsl mömin intiqam almaz, əfv edər; kobud olmaz, nəzakətli olar; cahillə cahillik etməz.   “Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları (xoşlarına gəlməyən bir söz dedikləri) zaman (onları incitməmək üçün)  salam deyərlər”.  (əl-Furqan 63)

      • Hits: 435 clicks

      Tecox component by www.teglo.info