Aqil ƏLİYEV- Qiyamət Yaxınlaşır

      Share

                Uca Allah buyurur: “İnsanların haqq-hesab vaxtı (qiyamət günü) yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və (qiyamətə inanmaqdan) üz döndərirlər. (Qiyamət insanlar üçün nə qədər uzaq olsa da,

       Allah dərgahında bir o qədər yaxındır. Fani dünyaya, şan şöhrətə olan meyl, varlanmaq  həvəsi insanların başını elə qatmışdır ki, qiyamət günü barəsində əsla fikirləşmirlər)” (əl-Ənbiya 1)

                Hər şeyin bir başlanğıcı, bir də sonu var. Heç bir şey əbədi və daimi deyildir, yalnız Uca Yaradandan başqa, əbədilik  yalnız Allaha məxsusdur. Eləcə də üzərində yaşadığımız bu fani dünya... Bu dünyanın da mütləq bir sonu vardır. Dünyanın sona çatması hadisəsinə Qiyamət deyilir. Qiyamətin mütləq olacağına sadəcə Qurani-Kərimdə deyil, eyni zamanda digər səmavi kitablarda və peyğəmbərlərin sözlərində də rast gəlmək mümkündür. Bu da onu göstərir ki, Qiyamət mütləq olacaqdır. Mövzumuz Qiyamətin olub-olmayacağını, yaxud da nə zaman olacağını müzakirə etmək deyil. Əsas məqsədimiz sizlərə Allah Rəsulunun (s.ə.s) on dörd əsr bundan əvvəl dediyi qiyamət əlamətlərinin bir-biri ardınca günümüzdə  ortaya çıxmasına diqqət çəkməkdir. Beləliklə, gəlin hədisi-şəriflərdə qeyd olunan bir neçə qiyamət əlamətinə nəzər salaq:

      Rəsulullah (s.ə.s) bir gün: “Gənclərinizin günaha bulaşdığı, qadınlarınızın yollarını  azdığı zaman halınız necə olacaq?” - demişdi. Yanındakılar heyrətlə: “Ey Allahın Rəsulu, yəni belə bir zaman  gələcək?” - deyə soruşdular. O da: “Bəli, gələcək, hətta daha betəri olacaq!” ​​- buyurdu və davam etdi: “Əmri bil-marufu (xeyirli və faydalı işlərə çağırmaq vəzifəsini)  etmədiyiniz, nəhyi anil-münkəri  (günah və haramlardan çəkindirmək vəzifəsini) tərk etdiyiniz vaxt halınız necə olacaq?” Yanındakılar heyrətlə: “Yəni bu da olacaq?” - deyə soruşdular.“Bəli, hətta daha betəri!” – deyə buyurdu və davam etdi: “Münkəri əmr edib, yaxşı işlər görməyi qadağan etdiyiniz  zaman halınız necə olacaq?” Yanında olanlar daha da heyrətə düşərək: “Ey Allahın Rəsulu, bu mütləq olacaq?” - deyə soruşdular. “Bəli, hətta daha betəri!” - deyə buyurdu və davam etdi: “Yaxşı və xeyirli işləri çirkin, çirkin və günah işləri də gözəl qəbul etdiyiniz  zaman halınız necə olacaq?” Səhabələr yenə: “Ey Allahın Rəsulu! Bu mütləq olacaqmı?” - deyə soruşdular. “Bəli, olacaqdır!”- deyə buyurdu.  (Heysəmi, Məcməuz-Zəvaid, VII 281)

      Həqiqətən də bu gün hədisdə qeyd olunan hallar hər bir toplumda mövcuddur. Son illərdə qiyamət əlamətlərini xatırladan hallar daha da artmış və artmağa da davam etməkdədir. Gənclərin hələ kiçik yaşlarından zərərli vərdişlərə bulaşmaları, zinakarlığın, əxlaqsızlığın və bunun da nəticəsində namus üstündə qətl hadisələrinin, namus cinayətlərinin çoxalması bütün bunlara əyani misallardır. Qadınların geyim-kecimində həddi aşmaları, ədəbli, əxlaqlı geyinməyə çalışanlara geridəqalmışlıq gözüylə baxılması, inkişaf və inteqrasiya adına heç bir senzura və qayda qoymadan avropa xalqlarının adət-ənənələri, geyim-kecimləri, televiziya proqramlarının cəmiyyətimizə, toplumumuza və evlərimizə  oğrun-oğrun  daxil olması da Allah Rəsulunun (s.ə.s) nə qədər haqlı və doğru buyurduğunu göstərməkdədir.

      Başqa bir hədisi isə Əbu Hüreyrə (r.a) belə  rəvayət edir: Rəsulullah  (s.ə.s) yanındakı camaata söhbət edərkən bir adam gələrək, - “Ey Allahın Rəsulu! Qiyamət nə zaman qopacaq?” - deyə soruşdu. Allah Rəsulu (s.ə.s) söhbətinə davam etdi və sözlərini bitirdikdən sonra: “Sual verən haradadır?” - dedi. Sual verən adam:  “Buradayam, ey Allahın Rəsulu!” - dedi. Allah Rəsulu (s.ə.s):  “Əmanət hədər edildiyi vaxt Qiyaməti gözləyin!” - buyurdu. Adam: “Əmanət necə hədər edilir?” - deyə soruşdu. Allah Rəsulu (s.ə.s):  “İşlər  layiq olmayana veriləndə (əmanət hədər edilmiş olar), o zaman Qiyaməti gözləyin!” - buyurdu. (Buxari, Elm 2, Riqaq 35)

      Çox təəssüf hissi ilə deyə bilərik ki, tutduğu vəzifəsindən, yerinə yetirdiyi öhdəliyindən  lazımi şəkildə istifadə edən insan sayı çox azdır. Əlindəki imkanları bir əmanət bilərək insanlara xidmət etmək ruhu, yaradılmışlara mərhəmətlə yanaşmaq hissi çox təəssüf ki, gün keçdikcə daha da azalmaqda, bu kimi gözəl duyğuların yerini maddiyyat və dünya sevgisi almaqdadır. Beləliklə də Allahın ona əmanət olaraq verdiyi imkanlar və səlahiyyətlər hədər olmaqdadır. Sanki qiyaməti öz əlimizlə gündən-günə yaxına çəkirik. Bəs qiyamətə nə hazırlamışıq?

      • Hits: 467 clicks

      Tecox component by www.teglo.info