Səfa MURADOV- BİR HƏDİS

      Share

       

      عَنْ أَنَسٍ، قَالَ: قَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: {لاَ يُؤْمِنُ أَحَدُكُمْ، حَتَّى أَكُونَ أَحَبَّ إِلَيْهِ مِنْ وَالِدِهِ وَوَلَدِهِ وَالنَّاسِ أَجْمَعِينَ}

                  Həzrət Ənəsdən (r.a) rəvayət olunduğuna görə Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Məni valideynlərinizdən, övladlarınızdan və bütün insanlardan daha çox sevmədikcə tam iman etmiş olmazsınız”.  (Buxari, İman 7; Müslim, İman 16)

                  İnsanlığı Allahın məhəbbət dəryasına götürəcək olan yeganə rəhmət və məhəbbət çırağı Rəsulullahdır. Ona görə də, Rəsulullahı (s.ə.s) sevmək Allahı sevmək, ona itaət etmək Allaha itaət etmək, ona üsyan etmək Allaha üsyan etmək mahiyyətindədir. Allah-Təala Qurani-Kərimdə belə buyurur: “(Ey Rəsulum!) De ki, Allahı sevirsinizsə, mənə itaət edin; Allah da sizi sevsin və günahlarınızı bağışlasın”. (Ali-İmran 3/31) Belə olduğu halda, görəsən, Allahın öz bəndələrinə Onu sevmək barədə şərt qoşduğu itaət necə bir itaətdir? Heç şübhəsiz, bu itaət Allah Rəsulunu (s.ə.s) qəlbən sevmək və onun göstərdiyi yol istiqamətində hərəkət edərək İslamın əsas hədəflərindən biri olan kamil insan səviyyəsinə çatmaqla gerçəkləşər. Əgər möminlər Allahın nazil etdiyi Quranı Rəsulullahın (s.ə.s) şərhi işığında oxuya bilsələr, o zaman qəlblər səadət əsrindəki Rəsulullah aşiqləri kimi onun ətrafında pərvanə kimi dolanar, onun hər sözünə, hər əmrinə “Atam, anam sənə fəda olsun, ya Rəsulallah!” ifadəsindəki eşq və təslimiyyətə nail olarlar.

                  Rəsulullahın (s.ə.s) sevgisi insanları hər iki dünyada əziz edən uca bir dəyərdir. Səhabələr bu məhəbbət vasitəsilə o əlçatmaz məqamlara nail olmuşlar. Ənəs ibn Malik (r.a) deyir ki, Rəsulullahın (s.ə.s) yanına bir nəfər gələrək qiyamətin nə vaxt qopacağını soruşdu. Rəsulullah (s.ə.s) ondan: “Qiyamət üçün nə hazırladın?” - deyə soruşduqda o adam: “Allah və Rəsulunun sevgisini hazırladım”, - cavabını verdi. Rəsulullah (s.ə.s): “Elə isə sən sevdiyinlə bərabər olacaqsan”, - buyurdu. Ənəs (r.a) deyir ki: “İslama girməkdən başqa heç bir şey bizi Rəsulullahın (s.ə.s) bu sözü qədər sevindirməmişdi”. (Müslim, Birr 169)

                  Axirətdə Allah Rəsulu (s.ə.s) ilə birlikdə olmaq hər bir möminin ən böyük arzusudur. Bu arzunun gerçəkləşməsi isə Rəsulullahı (s.ə.s) həqiqi mənada sevməkdən keçir. Sevginin ölçüsü isə fədakarlıqdır. Yəni, “mən Allah və Rəsulunu sevirəm” deməklə iş bitmir. Çünki həqiqi mənada sevən birinə sevdiyinin xasiyyətləri əks olunar. Bu mənada Rəsulullah (s.ə.s) ilə  bərabərlik onunla hissi, fikri, əxlaqi və əməli bərabərlikdir. “İnsan sevdiyi ilə bərabərdir” (Buxari, Ədəb 96) hədisinin mənəvi təsiri altına girə bilmək üçün Allah Rəsuluna (s.ə.s) qarşı olan sevgini onunla olan bərabərliklə ölçmək, bərabərliyi  isə ona olan sevgi ilə müqayisə etmək lazımdır.  

      • Hits: 444 clicks

      Tecox component by www.teglo.info