İlyas ZEYNALOV- Həsəd

      Share

      Bir qəlb xəstəliyi olan həsəd – nemət verilən şəxsdən o nemətin getməsini və ya həmin imkanların ondan alınıb özünə verilməsini arzulamaqdır. Həsədin kökündə başqasına zərər vermək istəyi olduğuna görə bu bir pislik sevgisidir.

      Yer üzündə ilk işlənən günah həsəd səbəbindən olmuşdur. Hz.Adəmin (ə.s) oğlu Qabil qardaşı Habilə həsəd edərək onu öldürmüşdü. Hz.Yusifi (ə.s) də qardaşları atası onu daha çox sevdiyi üçün qısqanaraq quyuya atmışdılar. Bu nümunələrdən də həsədin necə qorxulu bir xəstəlik olduğu və insan ömrünə qəsd edəcək dərəcədə mənfi xüsusiyyətə malik olduğu görülür.

      Hz. Peyğəmbər (s.ə.s) zamanında yaşayan yəhudilər bütün gözəlliklərə və yaxşılıqlara yalnız özlərini layiq görürdülər.Yaxın zamanlarda gələcək son peyğəmbərin də öz içlərindən çıxacağını ümid edirdilər. Belə olmadığını görəndə Peyğəmbərə (s.ə.s) peyğəmbərliyi, müsəlmanlara da iman və İslamı yaraşdırmadılar. Bunun üzərinə bu ayə nazil oldu: “Yoxsa onlar (yəhudilər) Allahın lütfündən verdiyi şeylər üçün insanlara həsəd edirlər?” (ən-Nisa 54)

      Peyğəmbərimiz: “Həsəd etməkdən çəkinin, çünki atəşin odunları yeyib bitirdiyi kimi həsəd də yaxşılıqları yeyib bitirər”, – buyurmuşdur. Başqa bir hədisdə isə Peyğəmbərimiz (s.ə.s) həsədi ortadan qaldırmaq üçün ümmətinə: “Nəfsin üçün arzu etdiyini digər insanlar üçün də arzu et”, - deyə buyurmuşdur.

      İlahi əzəməti və nemətləri layiqincə təfəkkür mömini könül rahatlığına sövq edər. İlan, əqrəb, tısbağa kimi varlıqları gördüyümüz zaman “Mən də belə yaradıla bilərdim” deyə düşünmək lazımdır. Bu təfəkkür bizə üzərimizdəki ilahi nemətlərin qədrini bilməyə kömək edər. Məsələn, “Gözlərini ver, qarşılığında sənə dünyanı verək” desələr bunu kim qəbul edər?! Ayeyi-kərimədə: “Allahın nemətlərini saymağa çalışsanız, sayıb qurtara bilməzsiniz” (ən-Nəhl 18) buyurulur.

      Həsəd ilk dəfə şeytanda müşahidə olunmuşdur. Atəşdən yaradıldığı üçün özünü torpaqdan yaradılan Hz.Adəmdən üstün görmüşdü. Bu səbəblə də Allaha üsyankar olmuşdu.

      Allah dostlarından Muhyiddin Ərəbi həzrətləri belə buyurur: “Maddiyyata meyl edənlər üçün həyat dəniz suyu içməyə bənzəyir; içdikcə susayarlar ”. Hədisdə isə belə buyurulur:

      “Üç şey var ki, bunlar bütün günahların qaynağıdır. Bunlardan uzaq olun: İblisi Adəmə səcdə etməməyə sövq edən qürur, Adəmi  cənnətdəki qadağan olunmuş ağacdan yeməyə sövq edən ehtiras və Adəmin oğlu Qabilin öz qardaşı Habili öldürməsinə səbəb olan həsəd”.

      Bunu da qeyd edək ki, həsəd ilə qibtəni bir-birinə qarışdırmamaq lazımdır. Çünki qibtə başqasında gördüyü mənəvi üstünlükləri bəyənərək, onu özünə nümunə götürərək özündə də var olmasına can atmaqdır. Allah Rəsulu (s.ə.s) belə buyurur: “Yalnız bu iki adama qibtə edilər: Biri, Allahın özünə verdiyi malı haqq yolunda xərcləyib istehlak edən kimsə, digəri də Allahın özünə verdiyi elmlə yerli-yerində hökm edən və onu başqalarına öyrədən kimsə”. (Buxari, Elm 15)

      • Hits: 457 clicks

      Tecox component by www.teglo.info