Firdovsi HƏSƏNOV- Zərərli Vərdişlər “Uçuram”

      Share

      Şəhərin dar ara küçələrinin biri ilə gedərkən pilləkənlər üzərində oturan bir oğlan diqqətimi çəkdi. Öz-özünə gah gülərək, gah da əsəbi tərzdə nəsə danışırdı. Yardıma ehtiyacı olar deyə yaxınlaşdım. Əvvəlcə salam verdim.

       Adını soruşdum, “Fazil” deyə mızıldadı. “Harda qalırsan, Fazil?” Əsəbi bir halda, “anket doldurursan?” deyə cavab verdi. Yaşını soruşdum, “bilmirəm” dedi. Təxminən on doqquz-iyirmi yaşı olardı.  Ayağa qalxdı, yerinə oturdu. Bir də qalxdı, dizlərinin bağı açılmış kimi ağzı üstə yerə yıxıldı. Əvvəl elə bildim içkilidi. Qolundan tutaraq yerdən qalxmağına kömək edəndə qəribə bir iy vurdu məni. Yenə əsəbi halda “əl çək yaxamdan” - deyərək məni kənara itələdi. “Gəl sənə kömək edim, yenə yıxılacaqsan” dedim, “Rədd ol başımdan” deyərək yenə itələmək istədi və yenə də yıxıldı. Amma bu səfərki yıxılmağı digərindən fərqli idi. Çünki bu səfər ayağa qalxa bilmədi; elə bildim ürəyi getdi. Bir yandan da qorxurdum, əslində. Çünki kənardan görən olsa elə biləcəkdi ki, onu döymüşəm və ya başqa nəsə etmişəm. Yenə də qorxuma qalib gəlməyi üstün tutaraq onu yerdən qaldırmağa çalışdım. Pilləkənlərin üstünə əyləşdirib yaxınlıqdakı mağazaya su almağa yollandım. Beş dəqiqə çəkmədi, qayıdanda onu oyanmış halda gördüm. Başını tutaraq nəsə mızıldanırdı. Mən hələ də hadisənin şokundan ayılmamışdım və nə olub-bitdiyini anlamırdım. Bir yandan qorxu hissi, bir yandan da hadisənin şoku məni xeyli tərəddüd içində saxlayırdı. Suyu yanına qoyub ayrılmaq istəyərkən səs gəldi: “Uçuram, uçuram, uçuram...” və birdən səs kəsildi. Geri dönmək ağlımdan belə keçmirdi, tam addımlarla irəli getmək qərarına gəlmişdim ki, hıçqırtı ilə ağlamaq səsini eşitdim. Vicdanım yol vermədi, geri qayıtdım, hər şey yadımdan çıxmışdı. Artıq içimdə qorxu qalmamışdı, heç bu barədə düşünmürdüm də... Yanında oturdum, “qardaş, nə olub sənə?” - deyə sual verdim. Qismən özünə gəlmişdi, bayaq olduğundan yaxşı idi. Mənim aldığım suyu açaraq başından aşağı tökdü. İndi yavaş-yavaş hər şey aydın olurdu. Onun narkotik aludəçisi olduğunu başa düşmüşdüm. “Niyə?” - deyə sual verdim. Başını qaldıraraq “Sənə nə var, nə istəyirsən məndən? Əl çək yaxamdan!” - dedi. Qorxu hissinə yenidən qapılaraq oradan ayrıldım və yoluma davam etdim. Amma təbii ki, məyusluqla. Çünki heç bir köməklik edə bilməmişdim.

      Bu hekayəni qələmə almaqda məqsədim narkotikin insan həyatına olan zərərlərini bir daha göz önünə gətirmək, onların acınacaqlı halını xəyallarımızda canlandırmağa kömək etməkdir. Hekayə işin praktik yönünü bizə bildirdi. İndi isə qısa bir araşdırma ilə nəzəri tərəfini gözdən keçirək.  Narkotika ilk növbədə narkomanın sağlamlığına ziyan vurur.  Narkomaniya orqanizmin zəifləməsinə, bədənin arıqlamasına və fiziki gücün düşməsinə gətirib çıxarır.  Orqanizmin zəhərlənməsi daxili orqanların - qara ciyər və böyrəyin zəhərlənməsinə səbəb olur. Narkotikdən istifadə edənlərin əksəriyyəti gənc ikən ölür - onlar cinsi yolla yoluxan infeksiyalara, o cümlədən HİV-ə və ya hepatit C-yə rahatca yoluxurlar. Narkomanlar içərisində ən geniş yayılmış xəstəlik hepatitdir.

      Hər bir zərərli maddədə olduğu kimi, narkotiklərin təsiri qurtardıqdan sonra da abstinensiya halı olur. Tütünə və alkoqola nisbətən narkotiklərin abstinensiyası çox ağır keçir və bu da dönə-dönə narkotiklərin qəbuluna məcbur edir. Narkotiklərdən qaynaqlanan abstinensiya sindromunu öz aralarında “lomka” adlandırırlar. “Lomka” rus dilində “qırılma” mənasını verir. Narkotik aclığı zamanı orqanizmdə baş verən dəyişikliklər bəzən əzələlərin gərilməsi ilə, bəzən də sümük ağrıları ilə müşahidə olunur. Bu zaman “sanki sümüklərin qırılması”ndan şikayət edirlər. Müxtəlif narkotiklərin abstinensiya sindromları fərqlidir. “Lomkanın” qayıtma tezliyi asılılığın ağırlıq dərəcəsindən asılıdır.  

      Demək olar ki, hamımız narkotikin zərərli bir vərdiş olduğunu bilir və onun nələrə səbəb olacağı haqda məlumata sahibik.  Buna baxmayaraq onun toruna düşənlərin sayı gündən-günə sürətlə artır. Görəsən, səbəb nədir? Görünür narkotikin insanı və onun həyatını necə şikəst etməsi barədə daha çox məlumat yaymağa ehtiyac var.

      Dəyərli oxucu, qısa bir yazı ilə sizi məlumatlandırmağa çalışdım. Oxuyaq, maariflənək, maarifləndirək!

      • Hits: 446 clicks

      Tecox component by www.teglo.info