Müsahibə- Zaur ORUCOV

      Share

      Həmin gün insan halının əşyaya necə təsir etdiyinin şahidi oldum!

      İrfan: Məscidlərin bəzənməsi nə vaxtdan ayrı bir sənət qolu olaraq formalaşıb?

      Zaur Orucov: İlk növbədə qeyd edim ki, məscid divarına yazılan yazılar ibadətə gələn camaata məscid ədəb-ərkanı haqqında, Allahın qüdrəti, böyüklüyü haqda bir mesaj xarakteri daşıyır. İslam tarixində məscidə bəzək vurulmasına bənzər ilk hadisəyə Həzrət Osman dövründə rastlanmaqdadır. Belə ki, Həzrət Osman dövründə ilk dəfə bişmiş kərpicdən məscid tikilmişdi. Bunun qiblə tərəfindəki divara bəzi ayələr yazılmışdı. Bu hadisəni məscidlərin bəzənməsinin başlanğıcı olaraq qəbul edə bilərik. Bildiyimiz kimi, bəzək, naxış, bədii tərtibat üsulları daha çox türk xalqlarına məxsusdur. Hətta bu son aylarda aşkarlanan qədim türk qəbirlərindən birindən çıxarılan qadın paltarının üzərində naxışlar aşkarlanmışdır. Bu da naxış və bəzək sənətinin türk tarixində 3000 ildən çox yaşı olduğunu göstərir. İslamı qəbul edən türk xalqları bu ənənəsini Qurani-Kərim, məscid və digər abidələr üzərində də inkişaf etdirdilər. Beləliklə, İslam coğrafiyasının müharibə və iğtişaşlardan kənarlaşan bölgələrində sənət və yaradıcılıq vüsət tapmağa başladı.

      - Bilirik ki, əlliyə yaxın məscid və abidələrimizin daxili tərtibatında sizin əl əməyinizin bəhrəsi var. Nə qədər vaxtdır ki, bu peşə ilə məşğulsunuz və bu peşənin incəlikləri haqda bir az danışa bilərsinizmi?

      - On beş ildən artıq bir zamandır ki, məscidlərin daxili tərtibatı ilə məşğul oluram. Məscidlə digər abidələrin arasında çox böyük məsuliyyət fərqi var. Çünki məscid Allahın evidir, həm tarixi nöqteyi-nəzərdən, həm də ibadət nöqteyi-nəzərindən buranın əhəmiyyəti böyükdür. Orada aparılan işlərin mütləq tarixi əsası olmalıdır. Yəni tarixdə məscidin divar, mehrab, minbər və ya qübbəsində yazılan yazıların mütləq hansısa dayanağı olub. Tarixə baxdığımız zaman görürük ki, bu memarlıq əsərlərində heç bir detal əsassız olaraq işlənməyib, hər bir təfərrüatın, incəliyin öz mənası və səbəbi var. Mehrab üzərində “Üzünüzü Məscidi-Hərama tərəf çevirin...” ayəsi, “Allahın gözəl adları var, onunla dua edin”, “Dua edin ki, duanızı qəbul edim”, “Qəlblər ancaq Allahı anmaqla aram tapar” və bu kimi maarifləndirici, təşviqedici ayələr işlənir. Giriş qapılarına, qübbəyə və digər bölmələrə yerinə və məqamına uyğun ayələr yazılır.

      - Son zamanlarda gündəmə gələn bir mövzu var, bəzi səccadələrdə və ya məscidə vurulan bəzəklərdə müəyyən şeytani simvolların əks olunduğu dilə gətirilir. Bu haqda sizin fikriniz nədir?

      - Bildiyimiz kimi, günümüz dünyasında subliminal mesajlardan çox istifadə edilir. Bunun insan üzərində nə qədər böyük təsir buraxdığı məlumdur. Bu cür şəkillər namaz qılarkən insanların şüuraltı təfəkkürünü arzuolunmaz istiqamətə sövq etməkdədir. Bu şəkillər bəzən dini motivlərlə, bəzən də qeyri-dini motivlərlə bəzədilir. Məncə, heç bir dini motivin – məscid, Kəbə, minarə - şəkillərinin səccadədə istifadə olunması doğru deyil. Çünki nəticə etibarı ilə biz o səccadəni ayaq altına səririk və bu da bir növ onlara qarşı hörmətsizlik kimi dəyərləndirilə bilər. O ki qaldı qeyri-dini motivlər və ya buna bənzər şəkillər məharətlə naxışlar arasına yerləşdirilibsə, səccadə, baş örtüsü və ya xalı-xalça alarkən dini duyğuları həssas olan müsəlmanların buna diqqət etməsi, kortəbii davranmaması lazımdır. Bəzən xanımlarımızın örtülərində ərəb hərfləri ilə yazılmış gözəl dini yazılara rast gəlirik. Bu, dini və etik cəhətdən yolverilməzdir. Bunu üzərində daşıyan şəxsin ayaqyolu, dəstəmazxana kimi yerlərə bu libaslarla girməsi, zənnimcə, doğru deyil. Ümumiyyətlə, hansı dildə olursa olsun, nə yazıldığını bilmədiyimiz paltarları, gözəl göründüyü üçün geyinib gəzməyə düzgün baxmıram.

      - Ola bilərmi ki, bu naxışı işləyən usta fərqində olmadan, istəməyərək bunu etsin? Sizcə bu sənəti davam etdirənlər nələrə diqqət etməlidirlər?

      - Ola bilməz. İslami naxışların, xətlərin hamısının özünəməxsus qayda-qanun və düsturları var. Əgər bunu bilməyən naşı ustalar belə xətalara yol veriblərsə, ona deyəcəyim yoxdur. Bilirsizmi, bu işlərdə səmimiyyət və ixlas çox mühümdür. Adətən, bu və buna bənzər naxışlar ilhamabənzər şəkildə insanın qəlbinə düşür. Bu işin əhli olmaq şərtdir. Tarixdən bilirik ki, keçmişimizdəki dədə-babalarımız məscid tikintisində və ya bərpasında, bəzəyində, ümumiyyətlə hər işində dəstəmazlı olmağa fikir verərdilər. Bunun görülən işin bərəkətli və uzunömürlü olmasına çox böyük təsiri var. Buna şəxsi iş həyatımdan da bir misal verə bilərəm. 2007-ci ildə bir məscidin yazılarını bərpa edirdik. Bu əsnada işlətmək üçün hazırladığımız boyanın çürüdüyünü və işə yaramadığını gördük. Boyanı normal hala gətirmək üçün bir neçə dəfə cəhd etsək də, alınmadı. Sonra aydın oldu ki, boyanı düzəldən adamın qüslü yox imiş. Məhz həmin gün insanın mənfi halının kimyəvi boyalara belə təsirinin canlı şahidi oldum.

      - Qədim məscidlərimizdəki əl işləri ilə indiki bəzəklərin bir fərqi varmı? Məsələn, siz klassik üslubda davam edirsiniz, yoxsa tərzinizdə müasirləşmənin gətirdiyi yeniliklər də var?

      - Daha çox klassik üsluba üstünlük verirəm. Müəyyən yerlərdə də müasirlə klassik üslubun sintezinə çalışırıq. Hər dövrün özünəməxsus çalar və üslubları olub. Eynisini təkrarlamasaq da, mümkün mərtəbə o qədim təcrübəni nümunə götürərək həmin sənət incilərini itirməməyə çalışırıq. Hər bir sənət kimi, əlbəttə ki, nəqqaşlıq sənəti də özünəməxsus şəkildə inkişaf edərək müasirləşməkdədir.

      - Sizcə məscidlərdə işlənən bəzəklərin orada ibadət edənlərə nə cür təsiri olur?

      - Biz öz çalışmalarımızda bu düstura diqqət edirik: Namaz qılan insanın göz səviyyəsinin aşağısına, mümkün mərtəbə, naxış vurmuruq. Tarixi məscidlərdə də buna diqqət edilərdi. Bəzəklər adətən insan səviyyəsindən yuxarıda, daha çox qübbə, tağlar və divarların üst qismlərində olurdu. Aşağı hissələrdə isə adətən kaşı və çini üslubda hazırlanan rəngli çinilərdən istifadə olunardı. Xalça motivlərinin də sadə, diqqət dağıtmayan rəngdə olması daha məqsədəuyğundur. Çünki müxtəlif rənglər və fiqurlar istər-istəməz insanın fikrini cəlb edərək namaza olan diqqətini yayındıra bilər.  

      Şeyxulislam həzrətlərinin Qəbələ şəhər məscidini ziyarət edərkən dediyi çox gözəl bir söz var idi: “Daxili ruh xarici ruhdan ilham alır”. Bir əsəri ərsəyə gətirən sənətkar öz ruh halını o əsərə əks etdirir. Bu hal onu seyr edənlərə də sirayət edir. İnsan əşyaya təsir etdiyi kimi, əşya da insana təsir edir.

      Bununla demək istəyirəm ki, ətraf mühitimizdə olan abidə, bina, məscid və digər tikililər bizim genefonumuza istər-istəməz mesaj göndərir. Belə düşünürəm ki, yeni tikililərdə də ənənəvi memarlıq və incəsənət üslublarına üstünlük vermək daha məqsədəuyğun olardı.

      - Bizə vaxt ayırdığınız üçün təşəkkür edirik.

      - Mən də təşəkkür edirəm.

      • Hits: 430 clicks

      Tecox component by www.teglo.info