Firdovsi HƏSƏNOV- ROBOTLAŞMAYAQ

      Share

      İnternet... Həyatımızın ayrılmaz bir hissəsinə çevrilən bir sahədir, internet. Uzun zamandır qələmə almaq istədiyim bir yazını sizə təqdim etmək, başıma gələn maraqlı bir hadisə ilə söhbətin məğzini açmaq istəyirəm:

      Deməli, uzun zaman görmədiyim bir dostum mənə zəng edib görüşmək istədiyini dedi. Təbii ki, buna çox sevindim və yer təyin edib çay süfrəsi ətrafında görüşdük. Bir az hal-əhval tutduqdan sonra ortaya sakitlik çökdü. Axı mən bu insanı düz beş ildir görmürdüm, danışılası çox şey vardı və buna rəğmən biz heç nə danışmırdıq. Telefona elə başı qarışmışdı ki, yanımıza iki nəfərin də sonradan  gəlməyinə baxmayaraq, heç fərqində belə olmadı. Bir xeyli vaxt oturduqdan sonra sağollaşıb ayrıldıq.

      Az-çox belə hallara hər gün rast gəlmək olur və belə hallar getdikcə artmaqda davam edir. Buradakı əsas problemin nədən qaynaqlandığını araşdırmaq qərarına gəldim və müşahidələrə başladım. Gün ərzində telefondan və ya internetdən istifadə edən insanları seyr etdim. Telefona başı qarışaraq özünü unudub kimə və nəyəsə dəyən insanları, demək olar ki, çox gördüm və əslində buna hər yerdə, hər birimiz rast gəlirik. Bəlkə, bizə gülməli bir hal kimi gəlir, amma bu, qorxulacaq bir haldır, əslində. İnsanlar robotlaşır! Telefonlar və ya hər hansı bir internet vasitəsi insanı öz ağuşuna alaraq özündən asılı vəziyyətə salır. Şüuraltı təsirlər meydana gətirir və insanın iradəsini qıraraq özündən asılı vəziyyətə salır.

      İnternetin meydana çıxması ilə köhnə bilik əldəetmə prosesi tamamilə yeni proseslə əvəzləndi. Hər şey asanlaşdı və istədiyin məlumatı bir andaca əldə etmək daha da asanlaşdı. Sosial şəbəkələr, oyunlar və s. Gündəlik həyatımız artıq bunlar üzərində qurulub. Bu yaxınlarda bir videoda internetin və kompüterin yaratdığı fəsadlar barədə bir süjetə baxmışdım. Orada marağımı çəkən çox önəmli bir məqam olmuşdu. Valideyn diqqətsizliyi nəticəsində bir uşaq bir gün ərzində ac-susuz kompüter qarşısında oyun oynamış və özünü o qədər oyunun içərisində hiss etmişdi ki, stressdən həyatını itirmişdi. Yəni, demək istədiyim odur ki, biz ondan faydalandığımızı sanırıq, lakin o, bizi öz içində həbs edir. Çox primitiv məsələni də qeyd etmək istəyirəm; əksəriyyətimizin evindəki körpə uşaqlara fikir versək görərik ki, əllərində bütün günü telefon, tablet və s.  bunun kimi vasitələr olur. Müasir uşaqların, demək olar ki, oyuncağı bunlardır. Əslində öz övladlarımızın psixoloji problemlərini elə özümüz yaradırıq, aludə edirik. Uşaq ağlayanda əlinə telefon veririk, tablet veririk, oyuncaq əvəzinə. Buna görə də uşağın maraq dairəsi bu yöndə istiqamətlənir və psixoloji fəsadlar əmələ gətirir.

      Mənim fikrim əslində interneti və ya kompüter vasitələrini pisləmək deyil. Sadəcə aludəçisi olmamağa diqqət yetirək deyə fikrimi dilə gətirmək istədim. İnternet dünyanın bütün ölkələrində, demək olar ki, yayılıb və ildən-ilə artmaqda davam edir. Dünyanın istənilən nöqtəsində bu vasitədən istifadə olunur və insanlar onunla sürətli əlaqə yaradır, oyunlar oynayır və istədikləri məlumatı rahat əldə edirlər. Təbii ki, bunun bizə faydaları əvəzedilməzdir. Cəmiyyətimizin ayrılmaz hissəsinə çevrilən internet şəbəkəsinin fəsadlara gətirib çıxarmaması üçün bir sıra mühüm addımların atılmasına ehtiyac var. Buna görə də heç bir zaman şüurumuzu kompüterə təslim etmədən, ehtiyacımızı təsbit edərək, bunu ödəyəcək qədər ondan istifadə etməyə özümüzü şərtləndirmək məcburiyyətindəyik. Biz ona deyil, o bizə nəzarət etməyə başlayarsa, o zaman bu, doğru istiqamətdə getmirik deməkdir.

      Özümüzü robotlaşdırmayaq!

      • Hits: 434 clicks

      Tecox component by www.teglo.info