Alpay AZƏR- Nənəmin Taktikası

      Share

      Hər gün özəl klinikanın otuz-otuz beş metrliyində dayanır.

       Amma klinikaya çatmaqçün bir tin burulmaq lazımdır. Elə ona görə də nənə düz xəstəxanaya gedən yolun üstündə dayanmır, vaxtında işə gələn məsuliyyətli işçilər kimi hər gün səhər, hardasa doqquzun yarısından iş yerindədir, əlini uzadır, həmişə də ovcunda bir manat olur, başını aşağı salır, kimsə ovcuna qəpik, ya kağız pul qoyanda, başını bircə dəfə qaldırıb “Sağ ol, Allah ruzini bol eləsin”, - deyir, tez də başını aşağı salır, əlini hazır vəziyyətə gətirir.

                  Heyranam da bu qadının taktikasına, - xəstəxanaya gedən yolun üstündə dayanmır ki, dilənçiliyi birbaşa gözə dəyməsin, müştəriləri özündən qaçırtmaq istəmir, üstəlik, başını aşağı salır ki, abırlı dilənçi olduğu bilinsin. Bir manatsa həmişə açıq qalan ovcundadır. Bəlkə, demək istəyir ki, bir manat versəz, lap yaxşı olar, amma nəzir-sədəqənizi qəpiklə də versəz, sağ olun, Allah ruzinizi bol eləsin.

      Deyəmmərəm, müştərilərin ruzisi boldu, ya yox, amma nənə ruzi sarıdan korluq çəkmir. Hər səhər xəstəsini əməliyyata aparan, qan analizləri verməyə, özünü uzi, kate elətdirməyə gedənlərdən bir neçəsi “Hər şey yaxşı olar, inşallah” ümidi ilə ağıllı taktika seçmiş nənənin ovcuna iyirmi, qırx, əlli qəpik, bir manat basır. Günortalar yaxşı nəticələrlə xəstəxanadan çıxıb Allaha şükür edə-edə yolu qayıdanlarsa, əvvəlcə tez evdəkilərə zəng edib xoş xəbəri çatdırır, tini burulandan sonra da başını aşağı salıb həzin-həzin bir nöqtəyə baxan nənəyə nəzir verirlər. Bir dəfə CİP maşının pəncərəsindən çıxan əldən ovuca qoyulan iyirmi manatı da görmüşdüm. Çoxlu-çoxlu “sağ ol” deyən nənənin başı dən yeyən toyuğun başına bənzəyirdi.

      Müştəri gördüyü savab işdən ləzzət ala-ala uzaqlaşır, nənə isə ora-bura baxır, elə bilir hamının gözündən iraqdadır. Əks tərəfdə, hardasa iyirmi metr aralıda dayanıb bayaqdan müşahidə edirəm, mənə ən çox ləzzət edən onun hərdən qımışmasıdır, yəni, işlər yaxşı gedir, dalınca tez pulu jaketinin cibinə atır, ovcunu açıb gözlərini yerə dikir, bir manatsa həmişəki kimi orda oturub adamları əliaçıq olmağa çağırır.

      Mən bu nənəni qınamıram, nədənsə, mənə elə gəlir ki, tək yaşıyır, qayğısına qalan yaxını, əzizi yoxdur, ona görə onun pul qazanmaq taktikasında da pis bir şey görmürəm, kiməsə pul atmır, hər şey kifayət qədər şəffafdır, amma yenə deyirəm, özlüyündə bir taktikadır və ona pul verənlər də bir növ, nənənin oyun qaydalarına uyğun hərəkət edirlər.

       

       

      18 sentyabr – 7 oktyabr 2016,

      Bakı   

      • Hits: 420 clicks

      Tecox component by www.teglo.info