Fuad Quliyev-Bəyənilməyən halal

      Share

      Cahiliyyət dövründə ərəb cəmiyyətində evlənmə iki tərəfin qarşılıqlı razılaşması yolu ilə ər və arvad arasında qurulan müştərək həyatı ifadə etməzdi, tam əksinə, bir “alqı-satqı müqaviləsi” görünüşü daşıyardı. 

      Bu müqavilədə qadın tərəflərdən biri deyil, sadəcə satılan mal hökmündə idi. Satış müqaviləsi ilə atasının mülkiyyətindən çıxıb ərinin hakimiyyəti altına girərdi. Evlənmə məsələsində hür iradəyə sahib olmayan bir cəmiyyətdə qadın evliliyi sonlandırma haqqına da sahib deyildi.

      İslamın ortaya çıxması ilə evlilik dar mənada bir alqı-satqı müqaviləsi olmaqdan çıxdı və qadın-kişi bərabərliyi qanuni çərçivədə bir status almağa başladı. Qurani-Kərim ailə həyatını qarşılıqlı anlayış və kamilliklə davam etdiriləcək bəşəri bir müəssisə saymış, hər mövzuda olduğu kimi bu məsələdə də səbri, əxlaqi ölçüləri, ədalətli olmağı və Allahdan qorxmağı tövsiyə etmişdir. Bununla birlikdə, bəzən evli olan insanların bu evliliyi davam etdirmələri imkansız hala gələr və həyatlarına bu şəkildə davam edə bilməzlər. Bu halda boşanma yeganə çıxış yolu olaraq görülmüşdür.

      Qurani-Kərimin qoyduğu ölçü məsələsinə gəldikdə Tələq surəsinin 1-ci ayəsində“Ey Peyğəmbər! Qadınları boşamaq istədiyiniz zaman onları təmizləndikləri vaxt boşayın və iddətə (müddət) diqqət edin!” buyrulur. Belə olan halda həyat yoldaşını boşamağa qəti qərarı olan kəs, qadın adət halından çıxdıqdan sonra onunla cinsi yaxınlaşma olmadan, təmizlik müddətində boşamalıdır. Boşanan qadınların başqa bir kişi ilə evlənə bilmələri üçün də müəyyən bir zamanın (iddət) keçməsi (əgər hamilədirsə, uşağını dünyaya gətirənə qədər gözləməsi) vacibdir. Bu müddət üç dəfə adət halı görüldükdən sonrakı təmizlik dönəmidir. Bu müddət içərisində (üç heyzlik müddətdə) ər və arvad istəsələr bir-birlərinə dönə bilər, boşanma qərarını ləğv edib barışa bilərlər. Birinci boşama və arxasınca gələn barışıqdan sonra tərəflər yenidən boşanma qərarına gələrsə, qadın təkrar adət halını görüb təmizləndikdən sonra ikinci dəfə boşanar. Belə ki, Bəqərə surəsinin 229-cu ayəsində boşama haqqının iki olduğu bildirilərək ondan sonra ya gözəl şəkildə keçinib getməyə davam etmək, yaxud da qadını gözəl şəkildə buraxmaq əmr edilmişdir. Ər ayrılma məsələsində qəti qərarını vermişsə, yenə gözləməyə davam edər, xanımı təkrar adət görüb təmizləndikdən sonra boşaya bilər. Beləcə üç boşama haqqından da istifadə etmiş olar. Eyni zamanda Bəqərə surəsinin 230-cu ayəsində “Əgər üçüncü dəfə boşayarsa, təkrar bir-birləri ilə evlənmələri halal olmaz” buyrularaq bu həqiqətə diqqət çəkilir.

      Ayrı-ayrılıqda üç boşama təcrübəsi nikah birliyinin mövcud şərtlərdə bir dəyişiklik olmadıqca davam etdirilməsinin imkansız olduğunu praktiki olaraq göstərər. Artıq bu, hər iki tərəfin heç bir zaman evlənə bilməyəcəkləri mənasına gəlir. Yalnız üçüncü dəfə boşanmış qadın öz hür iradəsi ilə başqa bir kişi ilə evlənər və onların da bu evliliyi müəyyən müddət davam etdikdən sonra bir səbəbə görə boşanma meydana gələrsə, istisan olmuş olar. Belə ki, qadın yaşadığı bu təcrübə ilə xətasını anlayaraq peşmançılıq duyar, həmçinin kişi də özünü bu müddətdə hesaba çəkərək qərarını dəyişərsə, təkrar həmin qadınla evlilik müqaviləsi bağlaya bilər. Bu, yalnız təbii bir prosesin nəticəsində mümkün ola bilər. Əks halda, təkrar boşandığı birinci kişiyə qayıtmaq məqsədi ilə başqa bir kişiylə evlənib boşanmağa təşəbbüs edilərsə, bu, “hüllə” (dini aldatmaca) sayılar və məqbul sayılmaz.

      Boşanmada da nikahda olduğu kimi kişi və qadının iradəsinə baxmaq, boşanma hökmünün rəsmi dairlər nəzdində həyata keçirilməsinə etina göstərmək, həm Qurani-Kərimin qoyduğu ümumi prinsiplər baxımından, həm də parçalanan ailə fərdlərinin gələcəyi baxımından daha doğru hesab olunur.

      Unutmamaq lazımdır ki, evliliyin əsl məqsədi ailə quraraq ər-arvad arasında həmrəyliyi təmin etmək, həyat yoldaşının mənfi davranışlarını münasib metodlarla düzəltməyə çalışmaq, arada səmimi və dürüst bir dostluq meydana gətirməkdir. Uca Yaradan ailə daxilində müəyyən problemlər, mübahisələr, küskünlüklər olacağı təqdirdə barışma və uzlaşma yolunu tutanlara rahat keçinə bilmə vədini verir:

      “Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, onda kişinin ailəsindən bir hakim və qadının ailəsindən bir hakim göndərin. Əgər bunlar islah etmək istəsələr, Allah da onları barışdırar. Həqiqətən, Allah biləndir, (hər şeydən) xəbərdardır”.  (ən-Nisa, 35) 

      Bütün bunlar məsələnin hüquqi tərəfi olmaqla yanaşı unutmamaq lazımdır ki, dinimiz boşamağı qanuni yol olaraq qəbul edər, ancaq müsbət bir əməl olaraq görməz. Çünki boşama ictimai bir yaralanmaya yol açaraq uşaqların sahibsiz qalmasına, təlim-tərbiyələrinin əskik olmasına, fərd və ailələr arasındakı münasibətlərin korlanmasına səbəb olar. Ailələr nə qədər sağlam münasibət nümayiş etdirsələr, ictimai həyat da o qədər sağlam və güclü olar. Rəsulullah (s.ə.s) müsəlman ailələrə boşamağı tövsiyə etməz və onu “Allahın xoşlamadığı mübah əməl” kimi qiymətləndirərdi. 

      • Hits: 591 clicks

      Tecox component by www.teglo.info