Alpay Azər-Ümrə ziyarətinin mənəvi ləzzəti

      Share

      Allaha və dinə iman məsələsində şəxsi təcrübəmdə rasional, yoxsa irrasional qatın, hansının üstünlük təşkil etməsi məsələsi məni maraqlandıran məsələlərdən olub.

       Bu barədə düşünəndə, sonda özümdə rasional qatın yox, ürəkdən gələn imanın, lap deyək, irrasional qatın daha çox olduğunu görmüşəm.

      İstər Həcc, istərsə də Ümrə ziyarətinin müsəlmanın və möminin imanının güclənməsində çox böyük rolu var. Bilirəm, etiraz edənlər olacaq, bəs on, yüz minlərlə fırıldaqçı, düz yolda olmayan müsəlmanlar da Həcc ziyarətində olur və qayıdandan sonra da öz əməllərindən əl çəkmir, filan... Amma düşünürəm ki, qəlbində ixlas olan möminçün bu ziyarətlərin verdiyi töhfə misilsizdir.

      Etdiyim Ümrə ziyarəti müqəddəs Ramazan ayına düşmüşdü deyə, “Bu ayda edilən Ümrənin savabı Həcc qədərdir”, “Ramazan ayında edilən Ümrə Peyğəmbər (s.ə.s) ilə bir yerdə Həccə getməyə bərabərdir” hədisləri ilə tanış idim deyə bu səfərimə xüsusi önəm verirdim.

      Ümrə ziyarəti bir neçə detalla, çox güman, ömürlük xatirimdə qalacaqdır. Məscidi-Hərama daxil olduqdan sonra başımı aşağı salıb qaldırmadan Kəbəni görənə qədər pilləkənləri enərək getməyim və başımı qaldıranda o müqəddəs yeri görərkən içimə daxil olan iman işığından vəcdə gəlməyim və etdiyim üç dua yaddaşımda ilk iz qoyan təəssüratdır. Mənə bələdçilik edən dostum Elməddinlə bir yerdə (Allah ondan razı olsun) Kəbəni yeddi dəfə təvaf edərkən, Allahı daha yaxından hiss etmə (İslamda ehsan məsələsi) və təqva barədə düşüncələr insanı Yaradana daha da yaxınlaşdırır. Və yanındakı bir ayağı şikəst kişinin də sənin yanında sürünə-sürünə təvaf etdiyinin şahidi olanda həm Allaha şükür edirsən ki, onun bu arzusunu ürəyində qoymayıb, həm də insandakı Allaha olan imana və sevgiyə heyrət edirsən. Yeri gəlmişkən, eyni hissləri mən Mərvə təpəsində ehrama bürünüb dik və sərt daşların üzərinə uzanıb yuxuya getmiş, hardasa altmış-yetmiş (bəlkə də daha yaşlı) yaşlı bir qoca kişini görəndə də keçirmişdim. Elə həmin təpənin yanında Ümrənin son əməllərindən olan saçdan bir neçə tük kəsənlər arasında üzü yanmaqdan tanınmaz hala düşmüş, gözləri görməyən bir kişinin həvəslə bu mərasimi həyata keçirməsi, bu işdə başqa müsəlman və möminlərin ona həvəslə kömək etmələri isə insanı vəcdə gətirən başqa bir maraqlı səhnə idi.

      İstər təvafların, istərsə də Mərvə və Səfa təpələri arasında edilən səfərlərin doğurduğu yorğunluqdan sonra üzü Kəbəyə doğru qılınan namazın verdiyi ləzzət isə sanki Ümrə ziyarəti boyu aldığın bütün mənəvi həzzlərə bir növ nöqtə qoymuş olur və Allaha bir az da yaxınlaşa bildiyin üçün Ona şükür etməkdən doymursan…

      Müəllif ona Ümrə səfərinə şərait yaratdığı üçün İƏT Gənclər Forumunun Sədri Elşad İskəndərova öz təşəkkürünü bildirir.

      • Hits: 443 clicks

      Tecox component by www.teglo.info