Anar QURBANOV-FİQH PƏNCƏRƏSİNDƏN HƏCC

      Share

      Bu yazımızda həcc ibadəti ilə bağlı bir sıra mühüm fiqhi məsələləri qısa formada izah etməyə çalışacağıq. 

      Daha ətraflı məlumat almaq istəyənlər fiqh kitablarında Həcc bölümünə müraciət edə bilərlər.

      Edilişinə görə həcc üç cürdür: İfrad, Təməttü, Qıran.

      İfrad həccində yalnız həcc ibadəti yerinə yetirilir, ümrə edilmir.

      Təməttü həccində ümrə və həcc ayrı-ayrı ehrama girilərək edilir. Birinci ehramda ümrə edilir, ehramdan çıxılır, sonra yenidən həcc üçün ehrama girilir.

      Qıran həccində isə ümrə və həccə birlikdə niyyət edilir, sadəcə bir dəfə ehrama girilir, ehramdan çıxmadan əvvəlcə ümrə, sonra həcc edilir.

      Həccin rüknləri (fərzləri)

      Həcc müddətində edilən fərz, vacib və ya sünnə mahiyyətindəki həcc əməllərinə “mənasik” deyilir. Hənəfilərə görə, həccin ehram, Ərəfat vəqfəsiziyarət təvafı olmaqla üç fərzi vardır. Həcc bu fərzlərin sırasına görə yerinə yetirilməsi ilə əda edilmiş olur. Bu fərzlərdən ehram həccin şərti, digər ikisi isə həccin rüknüdür. Bu rüknlərdən biri nöqsan olarsa, həcc batil olar. Məsələn, ehramlı olaraq qurban bayramı gecəsi dan yeri ağarmadan əvvəl Ərəfata çatmayan bir şəxs o ilin həccinə çatmamış olar. Bunu daha sonrakı illərdə qəza etməlidir.

      Maliki və hənbəlilərə görə, həccin rüknləri; ehram, Səfa ilə Mərvə arasında yeddi şəvtlik səy, Ərəfatda vəqfəziyarət təvafı olmaqla dörddür. Şafeilər sözügedən dörd rüknə, saçların qırxılması və ya qısaldılmasını da əlavə etmişlər. Bunların ilk üçündə sıraya riayət etməyin fərz olduğu bildirilmişdirmişdir.

      Həccin vacibləri

      Hənəfilərə görə, həcdə başlı-başına vacib olan beş ibadət vardır. Bunlar səy, Müzdəlifə vəqfəsi, şeytan daşlamaq, təraş və ya saçları qısaltmaq və vida təvafıdır. Bunlardan başqa, həccin rükn, fərz və ya şərtlərini tamamlayıcı mahiyyətdə olan on vacib əməl də var: Ehrama miqat adlanan yerdən girmək, ehram qadağalarına riayət, ərəfatda günəşin zəval vaxtından qürubuna qədər qalmaq, ziyarət təvafını Qurban bayramının birinci, ikinci və ya üçüncü günü etmək, təvaf əsnasında dəstəmazlı olmaq və övrət yerinin örtülü olması, təvafda Kəbəni sol tərəfinə alıb sağ tərəfindən addımlamaq, təvafa Həcərul-Əsvəd tuşundan başlamaq, təvafı Xətmin kənraından fırlanaraq etmək, dörd şəvti fərz olan ziyarət təvafını yeddi şəvtə tamamlamaq, hər təvafdan sonra iki rükət namaz qılmaq.

       

      Həccin sünnələri

      1.Ehram üçün təmizlik məqsədilə qüsl və ya dəstəmaz almaq.[1]

      2. İki rükət ehram namazı qılmaq. Niyyət və təlbiyənin bu namazdan sonra edilməsi daha fəzilətlidir.[2] Bu namazın birinci rükətində Kafirun, ikinci rükətində isə İxlas surəsini oxumaq sünnədir.

      3. Ehram üçün beldən aşağını örtmək və beldən yuxarı çiyinlərə atılacaq ağ və təzə iki parça ilə örtünmək. Kişilərin, bütün üst və alt paltarlarını çıxararaq[3] beldən aşağı və beldən yuxarını örtən iki parça ilə örtünməsi sünnədir. Hədisdə belə buyurulur:

      “Sizdən biriniz, bir izar (beldən aşağını örtmək üçün geyinilən parça), bir rida (beldən yuxarını örtmək üçün çiyinlərə atılan parça) və iki başmaqla ehrama girsin. Başmaq tapmazsa, məst geysin, məstlərin topuqlarından aşağısını ayırsın[4]

      Ehrama girən qadınlar isə paltarlarını çıxarmazlar, başlarını açmazlar. Təkcə üzləri açıq olar, təlbiyə gətirərkən səslərini ucaltmazlar.

      4. Ehramdan əvvəl gül yağı kimi gözəl ətirli bir şey sürtmək.[5] Ətrin iyinin ehramlı ikən davam etməsində bir zərər yoxdur. Ancaq ehrama büründükdən sonra təzədən ətirlənmək, hətta ətirli sabundan istifadə etmək caiz görülməmişdir.

      5. Ehramdan sonra hər səhər vaxtında namaz qılınarkən, hər yoxuşa çıxarkən və hər enişdən düşərkən eşidiləcək səslə üç dəfə “Ləbbeyk, Allahümmə ləbbeyk” deyərək təlbiyə gətirmək. Təlbiyə Qurban bayramı günü Əqəbə cəmrəsinə birinci daşın atılması ilə kəsilir. Çünki Hz. Peyğəmbər belə etmişdir.[6] Ancaq şeytan daşlamadan əvvəl saç kəsimi olarsa, təlbiyə kəsilir. Ümrə edən isə təvafa başlamaqla birlikdə təlbiyəni kəsər.

      6. Təlbiyədən sonra Rəsulallaha (s.ə.s) çoxlu səlatu-salam gətirmək.

      7. Səlat və salamdan sonra Allah-Təalaya dua etmək.

      8. Məkkəyə daxil olmaq üçün yuyunmaq və mümkünsə gündüz daxil olmaq. Kəbeyi-Müəzzəməni gördükdə dua etmək. Beytullahın qarşısında təhlil və təkbir gətirmək.

      9. Qüdum təvafı etmək: Fəqihlərin əksəriyyətinə görə, haram bölgəsinin xaricindən, gələn və ifrad və ya qıran həcci edəcək olan afaqilərin qüdum təvafı etməsi sünnədir.

      10. Rəməl etmək: Kişilərin, arxasından səy ediləcək təvafların ilk üç turunda “rəməl” etməsi sünnədir. Rəməl; təvafda qısa addımlarla və çiyinləri hərəkət etdirərək tez-tez qaçmaqdır. Qadınlar rəməl etməzlər.

      Rəməl etmədəki məqsəd düşmənə və pis niyyətli nəzərlərə güclü görünmək istəməkdir. Çünki Hz. Peyğəmbər Hüdeybiyyə müqaviləsindən bir il sonra edilən ümrə təvafında düşmənə zəif, yorğun və halsız görünməmələri üçün əshabına rəməl etmələrini, yəni zirək gəzməyi əmr etmişdir.[7] Vida təvafında rəməl edilməz.

      11. İzdiba etmək: Rəməlin edilməsi lazım gələn təvaflarda kişilərin “izdiba” etməsi sünnədir. İzdiba təvafa başlamadan əvvəl üzərinə aldığı ehramın bir ucunu sağ qolun altından keçirib sol çiyinin üzərinə ataraq sağ qolu və çiyni açıqda buraxmaqdır.

      12. Hərvələ etmək: Kişilərin Səfa və Mərvə arasında səy edərkən iki yaşıl dirək arasını qaçaraq keçməsinə hərvələ deyilir.

      13. Həcc müddətində çoxlu nafilə təvaf etmək:

      14. Zilhiccənin yeddinci günü günorta namazından sonra Məkkədə xütbə oxunması və həcc ibadəti haqqında məlumat verilməsi.

      15. Zilhiccənin səkkizinci günü, günəş doğduqdan sonra Minaya getmək və o gecə orada qalmaq.

      16. Zilhiccənin doqquzuncu günü, günəş doğduqdan sonra Minadan Ərəfata çıxmaq. O gün ərəfə olub, günorta ilə ikindi namazı günorta vaxtında Ərəfatda və axşamla yatsı namazı yatsı vaxtında Müzdəlifədə birləşdirilərək qılınar.

      17. Ərəfatda həcc əmirinin zəvaldan sonra birləşdirərək qılınacaq olan günorta və ikindi namazlarından əvvəl iki xütbə oxuması.

      18. Qurban bayramının birinci günündə bir xütbə oxunaraq həccin geri qalan ibadətlərinin izah edilməsi. Beləliklə, xütbələr üç olmuş olur.

      19. Ərəfatda və Müzdəlifədə namazlarda, xuşu içində özü, ana-atası və digər möminlər üçün xeyir-dua etməsi.

      20. Günəş batdıqdan sonra Ərəfatdan yavaş-yavaş enmək və Müzdəlifəyə çatdıqda, Məşəri-Həram deyilən Qüzah təpəsi yaxınlığında qalmaq.

      21. Bayram gecəsi Müzdəlifədə qalıb, bayram səhəri Minaya getmək və Qurban bayramı günlərində əşyası ilə bərabər Minada qalmaq.

      22. Minada daşlar atılarkən Minanı sağ, Məkkəni sol tərəfinə almaq, ilk və orta cəmrəni piyada, böyük cəmrəni isə minikdə daşlamaq. Günümüzdə üçüncü cəmrə də piyada daşlana bilər.

      23. Daşlamanı ilk gün, günəşin doğması ilə zaval vaxtı arasında, digər günlərdə zaval vaxtı ilə günəşin batışı arasında etmək.

      24. Minadan Məkkəyə tələsik getmək istəyən hər hansı bir şəxsin, bayramın üçüncü günü günəş batmazdan əvvəl Minadan ayrılması.

      25. Minadan Məkkəyə gələrkən Mühəssəb deyilən yerdə bir müddət durmaq.

      26. Məkkəyə gəlib, vida təvafını etdikdən və təvaf namazını qıldıqdan sonra Beytullaha baxaraq ayaq üstə zəmzəm suyundan çoxlu içmək və üstünə tökmək.

      27. Həcərül-Əsvəd ilə Kəbə qapısı arasında olan Mültəzəməyə sinəsini və üzünü qoymaq.

      28. Kəbənin örtüsünə yapışıb dilədiyi duanı etmək, Kəbənin içinə girmək mümkün olarsa, ədəblə iki rükət namaz qılmaq.

      29. Mədineyi-Münəvvərəyə gedib Rəsulullahı (s.ə.s) ziyarət etmək.

       

       


      [1]       Zeyləi, Nəsbur-Rayə, III, 17. Tirmizi, Həcc, 98; Ə. Hənbəl I, 364; Əbu Davud, Mənasik, 9.

      [2]       Zeyləi,  e.a.ə, III, 30 və b.

      [3]       Buxari, Həcc, 21, 23.

      [4].      Şövkani, e.a.ə, IV, 305.

      [5].      Buxari, Həcc, 18, Libas, 79, 81; Müslim, Həcc, 37; Darimi, Mənasik, 19.

      [6].      Nəsai, Mənasik, 229, İbn Macə, Mənasik, 69; Əbu Davud Mənasik, 27, 28.

      [7].      Müslim, Həcc, 39.

       

      • Hits: 598 clicks

      Tecox component by www.teglo.info